14 İyun 2022 13:05
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynada başladığı müharibənin 100 günündə əsasən Avropa İttifaqının (Aİ) üzvləri və Çinə satdığı neft, təbii qaz və kömürdən 93 milyard avro (98 milyard dollar) qazanıb. Bu məhsulların ixrac qiyməti ötən illə müqayisədə orta hesabla 60 faiz baha olub.

Teleqraf.com xəbər verir ki, bunu Finlandiya Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi (CREA) açıqlayıb.

Rusiyanın qalıq yanacaq ixracatının 61 faizini Avropa İttifaqı alıb. Bildirilir ki, Rusiyadan ən çox qalıq yanacaq alan ölkələr 12,6 milyard avro ilə Çin, 12,1 milyard avro ilə Almaniya və 7,8 milyard avro ilə İtaliya olub. CREA-nın məlumatına görə, Rusiyanın orta ixrac qiymətləri ötən illə müqayisədə 60 faiz yüksək olub.

Araşdırma Mərkəzinin analitiki Lauri Millivirta hesabatla bağlı bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı daha sərt sanksiyalardan danışarkən, Fransa idxalını artıraraq onu dünyanın ən böyük LNG alıcısına çevirib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərbin Rusiya neft və qazından istifadəni dayandırması üçün illər lazım olacaq: “Çətin ki, Qərb yaxın bir neçə ildə bizim enerji resurslarımızdan imtina etsin”.

Enerji qiymətlərindəki artım davam edərkən, Rusiyanın gəlirləri artmaqda davam edir. Bu ilin sonuna kimi ölkənin enerjidən təxminən 285 milyard dollar qazanacağı gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı