14 İyun 2022 16:24
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Türkiyə lirəsi ABŞ dolları qarşısında kəskin dəyər itirir.

Bu günə olan məlumata görə, 1 ABŞ dolları 17,26 lirə, 1 avro isə 18,05 lirəyə bərabər olub.

Maraqlıdır, lirənin ucuzlaşmasına səbəb olan amillər nələrdi? Lirənin məzənnəsində sabitləşmə nə zaman yarana bilər?

İqtisadçı Eldəniz Əmirov Teleqraf.com-a açıqlamasında lirənin ucuzlaşmasını Türkiyənin xarici siyasəti ilə əlaqələndirib.

O hesab edir ki, Türkiyə son illərdə xarici siyasətdə əhəmiyyətli uğurlar qazansa da, ölkənin daxili iqtisadi durumuna ciddi təsir göstərir: “Son 20-25 il ərzində Türkiyə xarici siyasətdə heç vaxt bugünkü qədər güclü olmamışdı. Bunun da bədəlini Türkiyə iqtisadiyyatı ödəyir. Türkiyənin apardığı xarici siyasət bu və ya digər formada müəyyən təzyiqlərlə müşahidə edilməkdədir. Nəticədə ölkədə son 24 ildə təxminən 70 faizdən artıq inflyasiya qeydə alınıb. Bu, son illərin ən yuxarı göstəricisidir”.

İqtisadçı qeyd edib ki, ölkənin makroiqtisadi göstəriciləri onun birbaşa valyutasının məzənnəsinə də təsir göstərir: “Azərbaycandan fərqli olaraq, Türkiyədə valyutanın məzənnəsi inzibati yolla yox, bazar tənzimləyir. Son dövrlərdə Rusiyaya tətbiq olunan sanksiyalardan sonra hökumət rubla müdaxilə etməyə başladı. Bu səbəbdən rublun məzənnə stabilliyini mümkün qədər idarəolunan səviyyəyə gətirməyə çalışdı. Amma Türkiyədə lirənin məzənnəsinə inzibati müdaxilələr olunmur. Məzənnəni iqtisadi yollarla ayaqda saxlamağa çalışırlar.

İqtisadiyyatı zəif və daxili iqtisadi durumunda problem olan ölkələrdə milli valyutanın iqtisadi yolla ayaqda saxlanması mümkün olmur. Bu nümunəni Rusiyada gördük. İnzibati metodlar tətbiq olunmağa başlandı və rublu müəyyən qədər ayaqda saxlamağa nail oldular. Amma Türkiyə hökuməti bütün hallarda inzibati yollara əl atmır, yalnız iqtisadi alətlərin köməyi ilə lirəni ayaqda saxlamağa çalışdılar, bu da effektiv olmur. Nəticədə yüksək inflyasiya, o cümlədən milli valyutanın ciddi şəkildə dəyərdən düşməsi müşahidə edilir. Hesab edirəm ki, son dövrlərdə Yunanıstan Türkiyə arasında olan münasibətlərin gərginliyi, NATO daxilində olmuş olsa belə, Rusiyanın tərəfində bir mövqe sərgiləməsi ölkə iqtisadiyyatına, eləcə də lirənin məzənnə öz mənfi təsirini göstərir”.

Hər bir məsələdə Türkiyənin Azərbaycan üçün önəmi xüsusi qeyd edilir. Belə bir məqamda zəif türk lirəsi Azərbaycandan necə təsirsiz ötüşür?

Eldəniz Əmirov bunu iki ölkə arasında hesablaşmaların xarici valyutada aparılması ilə izah edib: “Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi, eləcə də idxal-ixrac əməliyyatları beynəlxalq valyutada aparılır. Bu səbəbdən lirənin dollar qarşısında ucuzlaşmasının Azərbaycana birbaşa mənfi təsiri yoxdur. Müəyyən istiqamətlərdə bunun cüzi mənfi təsirlər ola bilər, amma bəzi sahələrə isə müsbət tərəfləri var. Başqa sözlə, lirənin məzənnəsinin kəskin dəyər itirməsinin Azərbaycana birbaşa ciddi təsirlərinin olduğunu desək, yanılarıq".


Müəllif: Yeganə Oqtayqızı