16 İyun 2022 20:24
1 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Vahid müəllim, Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimində ərzaq böhranına diqqət çəkib. Dövlət başçısı ərzaq böhranının qaçılmaz və artıq qapıda olduğunu deyib. O, eyni zamanda enerji qiymətləri ilə bağlı məsələyə də toxunub: “Əgər kimsə düşünürsə ki, neft və qaz istehsalçısı olan ölkələr bu yüksək qiymətlərə görə çox xoşbəxtdirlər, bu, yanlış dəyərləndirmədir”. Prezidentin bu iki fikirlərinə sizin münasibətinizi bilmək maraqlı olardı...

- Əlbəttə, Prezidentin dedikləri tamamilə düzgündür. Bu məsələlərə biz də dəfələrlə toxunmuşuq. İlk olaraq qeyd edim ki, neftin qiymətinin kifayət qədər yüksək olmasından büdcəyə əlavə vəsait daxil olur. Bu, aydın məsələdir. Amma burada neft ixrac edənlə idxal edən ölkələr arasında vəziyyət kifayət qədər fərqlidir. Hansı ki, neft-qaz istehsal etmirlər, ancaq idxaldan asılıdırlar. Neftin qiyməti nə qədər yüksək olursa, idxalçı ölkələr üçün bir o qədər zərər olur. Bu ölkələr məcburdurlar ki, yüksək qiymətə aldıqları neftin xərcini istehsal etdiyi məhsulun maya dəyərinin üzərinə qoysunlar. Bu zaman da qiymətlər artır, inflyasiya yaranır. Bu, çox ciddi məsələdir. Ona görə də, Prezident tam haqlıdır ki, əgər kimsə düşünürsə, neft və qaz istehsalçısı olan ölkələr bu yüksək qiymətlərə görə çox xoşbəxtdirlər, bu, yanlışdır.

Azərbaycanın da daxil olduğu “OPEC+” təşkilatı bu məsələləri müəyyən qədər tənzimləyirdi. Yəni neftin qiymətini elə tənzimləyirdilər ki, həm neft ixrac edən, həm də neft idxal edən ölkələr üçün ciddi problem yaranmasın. Amma Rusiya-Ukrayna arasında gedən müharibə dünya bazarında vəziyyəti tamamilə dəyişib. Rusiyanın xüsusən də enerji sektoruna tətbiq olunan embarqolar neftin qiymətinin kəskin artmasına səbəb oldu. Artıq dünya birjalarında neftin bir barelinin qiyməti 130 dollar civarındadır. Bu, neft-qaz idxal edən ölkələr üçün çox ciddi problemdir. Bu, eyni zamanda ərzaq istehsalı ilə daha çox məşğul olan ölkələrin həm qiymət siyasətində, həm inflyasiyada əlavə problemlər yaradır.

Azərbaycan xaricdən kifayət qədər ərzaq idxal edir. Təəssüf ki, ölkəmiz daxili bazarı tamamilə yerli kənd təsərrüfatı məhsulları hesabına təmin edə bilmir. Bununla da məcburuq ki, xaricdən bahalı ərzaqla bərabər, inflyasiyanı da Azərbaycana idxal edək. Bu da qiymət artımı ilə nəticələnir.

Ümumiyyətlə, son hadisələrlə əlaqədar dünyada böyük ərzaq böhranı yaranıb. Dövlət başçısı haqlı olaraq deyir ki, qida təhlükəsizliyi əksər ölkələri üçün qaçılmazdır və artıq qapıdadır. Azərbaycanda bu problem hələlik ciddi görünmür. Doğrudur, müəyyən qiymət artımları var və bu artımlar əsasən xaricdən idxal olunan məhsullarda özünü büruzə verir. Elə məhsullar var ki, onu xaricdən idxal edirik, amma Azərbaycan həmin məhsulları özü istehsal etmək iqtidarındadır. Biz bu sahələrə daha çox diqqət yetirməliyik.

Əgər Rusiya-Ukrayna münasibətləri belə davam edərsə, OPEC neft qiymətlərini tənzimləyə bilməsə, dünyada ərzaq təhlükəsizliyi problemi yaranacaq. Ərzaq böhranı dövlətlərdə də çox ciddi problemlər yarada bilər.

Azərbaycan kifayət qədər milli valyutası və maliyyə vəsaiti olan dövlətdir. Yəni istənilən yerdən ərzaq alıb gətirəcək. Amma elə qiymətlər əmələ gəlir ki, əhalini ərzaqla təmin etmək böyük problem yaradır. Azərbaycan hökuməti, İqtisadiyyat Nazirliyi, aidiyyəti qurumları dövlət başçısının rəhbərliyi altında çalışırlar ki, bu məsələləri maksimum həll etsinlər. Hesab edirəm ki, qısa müddət ərzində Rusiya-Ukrayna münasibətləri normallaşarsa, bu problemlər öz müsbət həllini tədricən tapacaq.

- Ötən gün Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi 10 ölkədən torpaq icarəyə götürəcəklərini açıqladı. İcarəyə veriləcək torpaqlarda əsasən iqlim baxımından çətin yetişdirilən məhsullar əkiləcək. Azərbaycanda da oxşar problem var. Nə qədər yüksək sortlu buğda əkilsə də, təbii iqlim şərtləri ərzaqlıq buğda istehsalına imkan vermir. Problemin həlli üçün Azərbaycan da başqa ölkələrdən torpaq icarəyə götürə bilərmi?

- Bəli, bu problem Azərbaycanda var. Bir neçə il əvvəl cənab prezident Ukraynada belə bir müqavilə imzaladı. Orada müəyyən qədər torpaq sahəsi icarəyə götürdülər ki, ərzaqlıq buğda istehsal olunsun. Digər dövlətlərlə də belə sazişlər işlənilib hazırlanır. Kənd Təsərrüfatı Nazirliyi bununla məşğuldur və bunun böyük əhəmiyyəti var. Çünki Azərbaycanda istehsal olunan taxılın hamısı ərzaq üçün yararlı deyil. Doğrudur, son vaxtlar işğaldan azad olunmuş ərazilərdə təxminən 100 min hektara yaxın əkin sahəsində taxıl əkiləcəyi ilə bağlı fikirlər də var. Bu, əlavə buğda istehsalı üçün əhəmiyyətlidir. Amma elə dövlətlər var ki, onların taxıl istehsalı kifayət qədər yüksək keyfiyyətlidir. Məsələn, Ukrayna, Pakistan kimi dövlətlərlə də müqavilə bağlanılıb ki, Azərbaycana kifayət qədər buğda idxal olunsun. İcarəyə götürülən torpaqların icarə haqqı ödəniləndən sonra orada əkilib-becərilən taxıl və ya digər kənd təsərrüfatı məhsulları dövlətə ötürülür. Bu, müsbət haldır. Belə addımlar işlənilib hazırlanıb.

- Bu məqsədlə daha hansı ölkələr bizim üçün faydalı ola bilər?

- Hesab edirəm ki, taxıl idxalı cəhətdən bizim üçün yaxın olan dövlət Pakistandır. Həmçinin Ukrayna da əlverişli sayılır. Digər dövlətlər də var ki, icarəyə verilən torpaqlarda keyfiyyətli buğda olacağı ilə bağlı araşdırılmalardan sonra əməkdaşlıq etmək olar. İşlər gedir.

- Hazırda bir çox istehsalçı dövlətlər buğda və digər strateji ərzaq məhsullarının ixracına qadağa qoyub. İxracın kütləvi formada məhdudlaşdırılması nə ilə nəticələnə bilər?

- Hər bir dövlət ilk olaraq öz əhalisini ərzaqla təmin etmək üçün ixrac qadağası tətbiq edir. Burda qeyri-adi bir şey yoxdur. Azərbaycan da belə bir qərar qəbul edib. Hökumətin əsas məqsədi odur ki, öncə öz əhalisini ərzaqla təmin etsin, sonra artıq qalan məhsulları ixrac etsin. Rusiya da, Ukrayna da kifayət qədər yüksək keyfiyyətli taxıl istehsal və ixrac edən dövlətlər idi. İndi bu ölkələr arasında böyük problemlər yarandığı üçün digər dövlətlər də ərzaq təminatı təhlükəsizliyini təmin etmək üçün bənzər addımlar atırlar. Məsələn, Çin taxıl, buğda, düyü kimi strateji ərzaq məhsulları üzrə dünya ehtiyatlarının 60 faizini depolayıb.

Bu məqsədlə Prezidentin qərarı ilə Azərbaycanda da Dövlət Ehtiyatları Agentliyi yaradılıb. Əvvəllər ölkəmizdə taxıl ehtiyatları Fond Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Dövlət Taxıl Fondunda saxlanılırdı. Bu ilin fevral ayından FHN-nin tərkibindən çıxarılaraq Dövlət Ehtiyatları Agentliyinə verilib. Ölkəmizdə bu istiqamətdə çox ciddi işlər gedir.

- Dövlət Taxıl Fondu nə qədər ehtiyatın olduğunu sirr kimi saxlayır. Bu məlumatların açıqlanmasının nə ziyanı var?

- Bunu elan etmirlər. Amma Milli Məclisdə müzakirə gedəndə Baş nazir elan etdi ki, kifayət qədər taxıl ehtiyatımız var. Müəyyən səbəblərdən bu məlumat açıqlanmır.


Müəllif: Yeganə Oqtayqızı