24 İyun 2022 09:46
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Əli müəllim, ərzaq qıtlığı qlobal problemə çevrilir. Ötən ay Dünya Bankı Rusiyanın Ukraynadakı müharibəsi ilə təhdid edilən ərzaq təhlükəsizliyi böhranının qarşısını almaq üçün 30 milyard ABŞ dolları ayıracağını açıqladı. Həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı ticarətinin maliyyələşdirilməsi üçün 500 milyon avro ayırmağı planlaşdırdığını bildirdi. Hadisələrin miqyasına baxanda ayrılan vəsaitlər ərzaq böhranının qarşısını almaqda yetərlidirmi?

- Ərzaq təhlükəsizliyi sahəsində problemlər koronavirus pandemiyası və son geosiyasi hadisələrdən xeyli əvvəl yaranıb. BMT-nin hesablamalarına görə, dünyada 840 milyon nəfər yetərincə qidalanmaqdan məhrum vəziyyətdə olan insan var ki, bu da dünya əhalisini hər 9 nəfərdən biri deməkdir. Bəzi hesabatlarda bu 7 nəfərdən biri kimi də verilir.

Bu insanların əksəriyyəti - 799 milyon nəfəri əsasən Afrika və Asiya qitələrində yerləşən inkişaf etməkdə olan ölkələrdə yaşayır. Əhalisi həddən artıq sürətlə artmağa meylli olan zəif inkişaf etmiş ölkə və regionlarda vəziyyət daha gərgindir. Amma koronavirus pandemiyası və onun ətrafında gedən proseslərin təsiri ilə dəyər zəncirinin qırılması, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində ərzaq təhlükəsizliyi sahəsində problemlərin kəskinləşməsi və böhran xarakteri alması real faktdır.

Koronavirus pandemiyası və onunla yanaşı Rusiya-Ukrayna müharibəsi ərzaq böhranını daha da gücləndirib, eyni zamanda problemin həllini mürəkkəbləşdirib. Bu ilin ərzaq böhranı dünyada müşahidə olunan qiymətlərin sürətlə artması ilə çulğalaşmasında özünü daha qabarıq şəkildə göstərir. Bununla yanaşı Rusiya-Ukrayna müharibəsi çoxmilyonlu yeni qaçqınlar ordusu yaradıb və ərzaq böhranına əlavə problemlər qatıb.

Dünya Bankının və digər maliyyə qurumlarının ərzaq təhlükəsizliyi böhranının qarşısını almaq üçün maliyyə ayırması müsbət haldır. Amma beynəlxalq təşkilatların ərzaq böhranını aradan qaldırmaqdan ötrü operativ, optimal və səmərəli fəaliyyət göstərən reallaşdırma mexanizmi yoxdur. Bu kimi amillərdən çıxış edərək demək olar ki, dünyada ərzaq böhranı, o cümlədən qiymətlərin sürətlə artması, yeni qaçqınlar problemi, eləcə də miqrasiya dalğası hələ bir neçə il davam edəcək.

- Bir çox ölkələr inflyasiya və ərzaq təminatı təhlükəsizliyi kimi narahatlıqlar səbəbindən buğda və bəzi strateji ərzaq məhsullarının ixracını qadağan edib. Hindistan bu istiqamətdə addım atan sonuncu ölkə oldu. Bundan əvvəl Rusiya, Ukrayna, Misir, Türkiyə, Azərbaycan, Qazaxıstan, Kosovo və Serbiya buğda və digər strateji ərzaq məhsullarının ixracına müvəqqəti qadağa qoyub. İxracın kütləvi formada məhdudlaşdırılması nə ilə nəticələnə bilər?

- Hansı ölkələr ki, istehsal etdikləri ərzaq məhsullarının, xüsusən də ərzaq buğdasının çox hissəsini əsasən ölkə daxilində istifadə edir, həmin dövlətlərin belə bir addım atılması məntiqlidir. Həmin ölkələr özlərini ərzaq böhranının proqnozlaşdırılması mümkün olmayan hissəsindən sığortalamaqdan ötrü bu qəbildən olan məhsulların ölkədən çıxışına məhdudiyyətlər qoyurlar.

Amma istehsal etdikləri ərzaq buğdası və digər bir neçə məhsulun xeyli hissəsini ixrac edən Rusiya və Ukrayna məhdudiyyətlər tətbiq etməsi həm qlobal bazara, həm də bu iki ölkədən asılı olan dövlətlər üçün ciddi problemlər yaradıb.

Rusiya ilə Ukrayna ərzaq buğdası və digər məhsulların ixracı üzrə öndə gedən ölkələrdəndir. Təbii ki, bu iki ölkə arasında müharibənin yaratdığı fəsadlar ərzaq qıtlığına və digər bu kimi problemlərin üstünə əlavə problem gətirib. Ukrayna buğda, qarğıdalı, arpa və bu kimi dənli bitkilərin əsas ixracatçılarından biridir. Ənənəvi olaraq, Ukrayna istehsal etdiyi taxıl məhsullarının daha çox hissəsini ixrac edib. Orta hesabla son üç mövsümdə bu rəqəm 70-73% arasında dəyişib, daxili ehtiyaclar üçün lazım olan məhsulun payı isə 30%-dən çox olmayıb.

Rusiyanın Ukraynaya hərbi təcavüzünə qədər buğdanın ixrac potensialı 81% (22,5 milyon ton), arpanınkı 95% ( 6,0 milyon ton) və qarğıdalı 60% (30,0 mln. ton) olub.

Dünya buğda ixracının təxminən üçdə biri Ukrayna və Rusiyanın payına düşür. Ukrayna bu bazarın təxminən 11%-ni, Rusiya isə məhsuldarlıqdan asılı olaraq 15-20%-ni tutur. Günəbaxan yağı üçün bu pay daha yüksək - 17 faizdir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi təkcə daxili bazarda kənd təsərrüfatı məhsullarının tədarük zəncirinin pozulmasına deyil, həm də ümumi taxıl ixracının təxminən 99%-ni həyata keçirən Ukrayna dəniz limanlarının bağlanmasına səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) bu il martın 16-da dərc olunmuş “Müharibənin Ukraynanın ticarətinə və inkişafına təsiri” adlı hesabatına əsasən, hazırda təhlükəli ssenari ilə yekunlaşan amillərin dağıdıcı kombinasiyası izlənilir: taxıl, elektrik enerjisi, gübrə və nəqliyyat xərclərinin bahalaşması, boş taxıl anbarları və koronavirus pandemiyası milyonlarla insanın ərzaq təminatını təhlükə altına qoyur, aclığa səbəb olur və inflyasiyanı gücləndirir.

Birləşmiş Millətlər Təşkilatının ekspertlərinin proqnozlarına görə, Rusiya-Ukrayna müharibəsi dünyada ərzaq qıtlığına, bəzi ölkələrdə isə hətta aclığa səbəb ola bilər. Bir sıra alim və mütəxəssislərin fikrincə, 2022-2023-cü illərdə dünya qlobal ərzaq böhranı ilə üzləşəcək. Əsas səbəb kimi onu göstərirlər ki, Ukrayna ilə Rusiya günəbaxan yağı, buğda, eləcə də qarğıdalı, arpa və digər məhsullar bazarlarında xüsusi çəkiyə malikdirlər.

Deməli, Rusiya-Ukrayna müharibəsi dünyada ərzaq qıtlığı yaradacaq yox, artıq mövcud olan ərzaq qıtlığı problemini daha da kəskinləşdirəcək.

Gömrük statistikasına görə, Ukraynadan ixrac edilən buğda partiyalarının 99%-i xarici bazarlara dəniz yolu ilə çatdırılıb. Müharibə səbəbli həmin xətt normal işləmədiyindən mövcud şəraitdə xarici ticarət qismən Avropa İttifaqı ölkələri ilə qərb sərhədlərindən dəmir yolu ilə daşınmaya və Rumıniyanın bir dəniz portuna yönləndirilib.

Amma bu yolla Ukrayna taxılının yalnız bir hissəsinin xarici bazara çıxara bilər. Ancaq bu ixracın məhdudlaşmasına, loqistika və digər xərcləri artırmaqla qiymətin də artmasına təsir edir. BMT-nin baş katibi Antonio Quterreş bir açıqlamasında bildirib ki, Rusiya və Ukraynadan gələn kənd təsərrüfatı məhsulları bazarlara qaytarılmasa, qlobal ərzaq böhranı həll edilə bilməz. Rusiya artıq taxıl ixracını tədricən bərpa etməyə başlayır. Rusiya yaranmış situasiyadan istifadə edərək taxılı da təbi qaz kimi dövlətlərə təzyiq vasitəsinə çevirməsə, onun bu addımı taxıl sahəsində yaranmış vəziyyətin gərginliyini xeyli yumşalda bilər.

- Yüksək ərzaq qiymətləri tələb və təklifdə dalğalanmalar formalaşdırıb. Yəni məhsul bol olsa da, istehlakçıda pul yoxdur ki, alıb yesin. Nəticə eynidir, ərzaq almağa pul olmayanda yenə də qıtlıq baş verir. Sizcə, məsələ necə tənzimlənməlidir? Çıxış yolunu nədə görürsünüz?

- Bu gün böyük aktuallıq kəsb edən həmin suala münasibətdə xüsusi qeyd etmək lazımdır ki, Rusiya və Ukrayna birlikdə dünya taxıl ticarətinin üçdə birini, qlobal günəbaxan yağı tədarükünün yarıdan çoxunu təşkil edir. Ukraynanın taxıl ixrac etdiyi ölkələrin bir hissəsi idxalı şaxələndirdiyindən müəyyən problemlərlə qarşılaşsalar da, Afrikanın və Yaxın Şərqin ayrı-ayrı ölkələrinin Rusiya və Ukraynadan ərzaq tədarükündən asılılığı kritik həddədir.

Ukraynanın Qara dənizdəki limanları normal fəaliyyət göstərə bilməyəcəyi bir vəziyyətdə bu ilin ikinci yarısından tədarük ağırlığının daha çox hissəsi Rusiyanın üzərinə düşəcək. Yaranmış vəziyyət artıq taxılın qiymətinin kəskin artmasına səbəb olub. Ona görə də qlobal ərzaq böhranı sahəsində yaranmış gərginliyi azaltmaqdan ötrü, əvvəla Rusiya taxıl ixracı məsələsini “sanksiya müharibəsi”nin tərkib hissəsinə çevrməməlidir. İkincisi, Ukraynada yığılıb qalmış, eləcə də yeni məhsul hesabına daha da artacaq taxıl resurslarının maneəsiz şəkildə dünya bazarına çıxarılmasına şərait yaratmalıdır.

Dünya bazarlarında ərzaq qıtlığı ilə yanaşı, qlobal bazarlarda malların qiymətlərinin artması da müşahidə olunur. Bu, bəzi ölkələrdə ərzaq təhlükəsizliyi sahəsindəki problemləri daha da kəskinləşdirərək çox ciddi humanitar təhlükə mənbəyinə çevrilib. Bunun qarşısını almaqdan ötrü postpandemiya mərhələsinin problemlərinin həllinin sürətləndirilməlidir. Həmçinin dəyər zəncirinin bərpası, eləcə də qlobal sülhün təmin olunması və dünya düzənini sahmanlanması istiqamətində beynəlxalq səylər birləşdirilməli və hər bir dövlət bu işə töhfəsini artırmalıdır.

- Prezident İlham Əliyev Qlobal Bakı Forumunun açılış mərasimində ərzaq böhranına diqqət çəkib. Dövlət başçısı ərzaq böhranı qaçılmaz və artıq qapıda olduğunu deyib. Bəs, Azərbaycanda qida təhlükəsizliyi necə təmin edilib? Bu məsələdə səlahiyyətli orqanların fəaliyyətini necə qiymətləndirmək olar?

- Ötən il buğdanın 1 tonunu 254,4 dollara almışdıqsa, bu il 348,8 dollara almışıq. Deməli, bir il ərzində aldığımız buğdanın qiyməti 95 dollar və ya 37 faiz artıb. İstehsal etdiyimiz kənd təsərrüfatı məhsulları daxili tələbatımızı tam ödəməsə də, ərzaq təhlükəsizliyini yumşaltmaq baxımında yaxşı potensialımız və həmin potensialın bir qismindən istifadə edilməklə müəyyən real istehsalımız da var.

İstehsal etdiyimiz buğdanın strukturuna yenidən baxmaq lazımdır. Onun 25 faizi yox, daha çox hissəsi çörəkbişirmə və sair bu kimi istiqamətlərdə istifadə edilməyə yararlıdır. İstehsal olunan məhsulların tarladan süfrəyədək olan yolundakı itkiləri, eləcə də israfçılıqları aradan qaldırmaqla xeyli əlavə məhsul əldə edə bilərik. Xaricdən də mal gətirilməsinə səylər artırılıb. Ona görə də qeyri-adi bir kataklizm baş verməsə, Azərbaycanda kəskin qıtlıq ehtimalı yoxdur. Amma qiymət artımı davam edəcək.

Son illər, xüsusən də Rusiya-Ukrayna müharibəsi səbəbli xarici şərtlər xeyli dəyişib. Logistika və digər bu kimi sahələrdə ciddi problemlər yaranıb, qeyri-müəyyənliklər yüksəkdir. Belə sürətlə dəyişən situasiyada əsas məsələ çevik olmaq, tez reaksiya vermək və optimal qərarlar qəbul etmək lazımdır. Belə bir şəraitdə istehsalın əhəmiyyətli hissəsi daxili bazara işləməlidir.

Daha çox emal, daha çox son məhsulun yaradılması məsələsi önə çıxmalıdır. İstehsalın daxili bazara yönəldilməsi, emal dərəcəsini artırmaq istiqamətdə səylər artırılmalıdır. Bundan əlavə, xaricdən gətirilən mal və məhsulların bir hissəsinin Azərbaycanda istehsal etmək, mövcud olanların istehsalını genişləndirmək işində maksimum dərəcədə tələsməliyik.


Müəllif: Yeganə Oqtayqızı