3 Dekabr 2014 13:04
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2-5 dekabr tarixlərində Bakıda keçirilən “BakuTel-2014” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşıqla görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıb.

Hazırda Azərbaycanda 2500-ə yaxın türk şirkəti fəaliyyət göstərir ki, bu da Azərbaycandakı xarici şirkətlərin 36 faizdən çoxunu təşkil edir. Ölkəmizdə həyata keçirilən layihələrin bir çoxunda Türkiyə şirkətləri podratçı qismində də iştirak edirlər. Bildirilmişdir ki, digər sahələrdə olduğu kimi, “Şahdəniz-2”, TAP və TANAP layihələri çərçivəsində ölkələrimiz arasında uğurlu enerji əməkdaşlığı davam etdirilir. İqtisadiyyat və sənaye naziri qeyd etmişdir ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin, o cümlədən sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Görüşdə 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edildiyi vurğulanmış, bu sahədə görülən işlər, eləcə də sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verilmiş, türkiyəli sahibkarların bu imkanlardan yararlana biləcəyi də diqqətə çatdırılıb.

Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşıq Azərbaycana səfərindən, “BakuTel-2014” sərgi-konfransında iştirakından məmnunluğunu ifadə etmiş, uğurla davam edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Fikri İşıq digər sahələrdə olduğu kimi, sənaye sahəsində də ölkələrimiz arasında əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırıb, təcrübə mübadiləsinin aparılmasını, sənayenin müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsini yüksək qiymətləndirən cənab İşıq Türkiyədə sənayenin inkişafı üçün görülən işlərdən bəhs edib.

Görüşdə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün konkret istiqamətlər üzrə müzakirələr aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər