Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl böhranının həlli üçün Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TRT World Forumunda” bildirib.
Ərdoğan qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi region və dünya üçün çox ciddi xərclər yaradır:
“Müharibənin qalibi, sülhün isə uduzanı olmaz. Biz Ukraynanın ərazi bütövlüyünü müdafiə edərkən, Rusiyaya qarşı irrasional siyasəti bəyənmədik. Biz dünyaya nümunə olacaq bir sülh diplomatiyası həyata keçirdik. İstanbul razılaşması hələ də qalıcı sülh üçün ən ideal zəmindir”.
“Kritik məhsulların daşınmasının dayandırılması qlobal ərzaq böhranına səbəb oldu. Bazar günü Putinlə danışacam. Eyni şəkildə, cənab Zelenski ilə də telefon görüşüm olacaq. Biz taxıl dəhlizini genişləndirmək istəyirik”, - deyə o bildirib.
Ərdoğan qeyd edib ki, pulunu ödəsələr də, “F-16” qırıcıları məsələsini həll edə bilməyiblər: “Egey və Aralıq dənizində Yunanıstanın təxribatçı hərəkətlərinə dəstək verənlərə təşəkkür etməyəcəyik. Yunan adalarına silah göndərirsiniz. Biz pulunu ödədiyimiz halda “F-16” məsələsini hələ də həll edə bilmədik”.