16 Dekabr 2022 09:05
2 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri, deputat Mahir Abbaszadə cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Mahir müəllim, hazırda “Böyük qayıdış” planı istiqamətində Qarabağ iqtisadi rayonunda intensiv işlər aparılır. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün atılan addımların effektivliyini necə qiymətləndirirsiniz?

- Azərbaycan 2020-ci ildə böyük qələbə əldə etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa işləri aparmaq, zəruri infrastruktur yaratmaq, eyni zamanda dağılmış iqtisadiyyatı bərpa edib ölkənin ümumi iqtisadiyyatına çevirmək dövlətimizin qarşında duran əsas məqsədlərdən biri kimi müəyyənləşib. Həmin ərazilərdən məcburi köçkün düşmüş və uzun müddət ağır psixoloji vəziyyətdə yaşamış sakinləri öz ata-baba yurduna qaytarmaq dövlət gündəliyinin əsas istiqamətlərindən biridir.

Dövlət son iki ildə bu ərazilərdə kifayət qədər işlər görüb. Doğrudur, həmin ərazilərin minalardan təmizlənmə prosesi görülən işlərin sürətinə maneə törədir. Buna baxmayaraq Şuşaya qədər Zəfər Yolu çəkilib, Füzulidə və Zəngilanda beynəlxalq hava limanları inşa edilib, hərbi hissələr, su-elektrik stansiyaları tikilib istifadəyə verilib və digər infrastruktur layihələri gerçəkləşib.

Bu məqsədlə son iki ildə dövlət büdcəsindən təxminən 4.2 milyard manat vəsait ayrılıb. Bu vəsaitlər hesabına biz “Böyük qayıdış”la bağlı məsələləri həll etməyə başlamışıq. Bunun nəticəsində 2022-ci ildə Zəngilan rayonun Ağalı kəndinə ilk məcburi köçkün ailələrinin köçürülməsin təmin edə bilmişik.

2023-cü ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərin bərpası məqsədilə 3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmçinin “Böyük qayıdış”ı təmin etmək məqsədilə 2022-2026-cı illərdə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Bundan əlavə, növbəti ilin dövlət büdcəsində həmin ərazilərdə vergi güzəştlərinin və vergi tətillərinin tətbiq edilməsi, Dövlət Sosial Müdafiə Fondu ödənişlərinin dövlət tərəfindən subsidiyalaşdırılması, həmçinin buraya köçürüləcək insanların əmək qabiliyyətinin yüksəldilməsi, eyni zamanda sosial müdafiəsinin təmin etmək məqsədilə birdəfəlik mükafatların və əmək haqlarının verilməsi də nəzərdə tutulur. Sadaladığım faktlar dövlətin bu ərazilərə olan baxışını özündə ifadə edir.

Hazırda Laçının şəhər mərkəzində kifayət qədər sürətli işlər gedir. Ali rəhbərin verdiyi anonslardan da görünür ki, dövlət 2023-cü ildə bu ərazilərə ailələrin köçürülməsi ilə bağlı ciddi işlər aparır. Bu məqsədlə Laçının Zabux və Sus kəndlərinin tikintisi ilə bağlı ilkin olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, həmçinin şəhər mərkəzində yerləşən 2 saylı tam orta məktəbin təmiri ilə bağlı Elm və Təhsil Nazirliyinə vəsaitlər ayrılıb.

Həm ayrılmış vəsaitlər, həm də dövlət başçısının ortaya qoyduğu iradə sayəsində hesab edirəm ki, 2023-cü ilin sonuna doğru “Böyük qayıdış”ı təmin edəcəyik.

- İşğaldan azad edilmiş rayonlarımızda görüləcək işlər üçün dövlət büdcəsindən nəzərdə tutulmuş vəsait yetərli olacaqmı?

- Əslində, büdcədən nəzərdə tutulan 3 milyard manat vəsait ilkin proqnozlara uyğun olaraq ayrılıb. Təbii ki, işin gedişatından asılı olaraq bu məbləğ artırılacaq. Çünki 2040-cı ilin sonuna qədər bu problemi tamamilə bitirib, məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq, dağılmış iqtisadiyyatı bərpa etməklə bağlı Azərbaycanın qarşısında ciddi hədəflər var. Hesab edirəm ki, 3 milyard manat bu maliyyə təminatının ilkin rolunu oynaya bilər. Çünki bu ərazilərə xərclənəcək vəsaitlər sözlə ifadə edilə bilməyəcək qədər ciddi rəqəmlərdir.

Qarşımızda işğaldan azad olunan torpaqların minalardan təmizlənməsi kimi ciddi bir məsələ də var. Cənab Prezident öz çıxışında torpaqların minalardan tamamilə təmizlənib təhlükəsiz bir əraziyə çevrilməsi üçün milyardlarla dolların lazım olduğunu qeyd etmişdi. Yəqin ki, növbəti ilin ortasına və ya axırına doğru bu vəsaitlərin artırılması yenidən nəzərdən keçiriləcək.

- Qeyd etdiniz ki, Qarabağa köçürüləcək insanların sosial müdafiəsini təmin etmək məqsədilə birdəfəlik mükafatların ayrılması da nəzərdə tutulur. Bu, birdəfəlik mükafatlar pul şəklində olacaq?

- Xeyr. Sənəddə Vergilər Nazirliyinin həmin ərazilərdə iş adamlarının quracağı biznesin gətirdiyi avadanlıqların 10 il müddətində idxal və əlavə dəyər vergisindən (ƏDV) azad olunması nəzərdə tutulur. Eyni zamanda burada işləyəcək insanların Dövlət Sosial Müdafiə Fonduna ödəniş məbləğinin dövlət tərəfindən subsidiyalaşdırılması, dövlət qulluqçularının birdəfəlik mükafatlarla mükafatlandırılması, digər işçilərə üstünlük vəsaitlərinin verilməsi də planlara daxildir.

Sadə dillə desək, burada çalışan müəllim bir dərs saatına görə daha yüksək əməkhaqqı alacaq. Amma Azərbaycanın başqa bir bölgəsində işləyən müəllim eyni dərs saatına görə daha aşağı əməkhaqqı alacaq. Yəni büdcə təşkilatları ilə bağlı dövlət büdcədən əlavə vəsaitlər nəzərdə tutur ki, həm oraya köçürülən insanlarda maraq olsun, həm də onların sosial müdafiəsi gücləndirilsin.

- Laçın Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyır. Bu nöqteyi-nəzərdən yenidən orada həyatın canlanması üçün daha hansı addımlar atıla bilər?

- Biz 9 noyabr üçtərəfli sazişinin müddəalarına uyğun olaraq, Laçının şəhər mərkəzindən və Zabux, Sus kəndlərindən keçən dəhlizin bağlanmasına, yeni yolun çəkilməsinə nail ola bilmişik. Azərbaycan dövləti bunu 3 il müddətinə edəcəkdi, amma ölkə başçısının birbaşa nəzarəti altında bu prosesi təxminən 1 ilə başa çatdı. Yəni dəhliz yolla əvəz edildi. Beynəlxalq terminologiyada dəhlizlə yolun başqa-başqa mənası var. Yolun imkanları dəhlizlə müqayisədə daha məhduddur.

Azərbaycan bir addımı ilə bir neçə problemi həll etdi. Əgər müharibədən sonrakı dövrdə 9 noyabr sazişinin müddəalarını vaxtından əvvəl yerinə yetirə biliriksə, bu, Azərbaycanın diplomatik qələbəsindən xəbər verir.

Məndə olan məlumata görə, Laçının şəhər mərkəzində təxminən 400-600 evin bərpası istiqamətində işlər gedir. Erməni vandalları bəzi evləri tamamilə dağıdıb, bəzilərini isə yararsız vəziyyətə salıb. Nisbətən yaralı olan evlərin bərpası, Laçının Sus və Zabux kəndlərinin isə yenidən tikilməsi nəzərdə tutulur. Hazırda orada gedən işlər sözlə ifadə edilməyəcək şəkildə çox sürətlə davam edir. Bu, dövlətin qayıdışı təmin etməklə bağlı nə qədər ciddi siyasət həyata keçirdiyini göstərir, həm də ölkənin iqtisadi imkanlarından xəbər verir.

- İşğaldan azad olunan digər ərazilərimizdə də quruculuq-bərpa işləri gedir. Bu işlərdə yerli və xarici investisiya qoyuluşunun çəkisi nə qədərdir?

- Bu günə qədər görülən işlərə yalnız dövlət büdcəsindən vəsait ayrılıb. Cənab Prezident qeyd etmişdi ki, bərpa-quruculuq prosesinə bir qəpik də olsun digər dövlətlərdən maliyyə vəsaiti almamışıq.

Bu ərazilərə, bütövlükdə Azərbaycana investisiyaların cəlb edilməsi ilə bağlı münbit şəraitin yaradılması istiqamətində ciddi işlər gedir. Açıq etiraf etmək lazımdır ki, bu ərazilərdə mina təhlükəsi var. Belə olan təqdirdə xarici şirkətlərə, eləcə də iş adamlarına həmin ərazilərə investisiya yatırmaq o qədər də cəlbedici görünmür.

Doğrudur, qardaş Türkiyənin, enerji təchizatının bərpası ilə əlaqədar İtaliya şirkətlərinin bölgədə yaxından iştirakını müşahidə edirik. Bundan əlavə, Füzulidə bir məktəbin və bir mədəniyyət mərkəzinin Qazaxıstan və Özbəkistan şirkətləri tərəfindən tikinti işləri davam etməkdədir. Biz bu işləri qısa zamanda həll edə bilmişik.

Yaxınlarda parlamentdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Çox güman ki, həmin qanun layihəsi Prezident tərəfindən imzalanaraq qüvvəyə minəcək. Bu qanunun işləməsi ilə investisiya təşviqini aparıb xarici investisiyaların daha əlverişli şərtlər çərçivəsində Azərbaycana, xüsusilə işğaldan azad olunan ərazilərə vəsait yatırmasına nail ola bilərik. Beləliklə dağıdılmış iqtisadiyyatı qurub Azərbaycanın ümumi iqtisadiyyatına reinteqrasiya edə biləcəyik.

- Hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərdə Azərbaycan mədənlərinin və təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə bağlı məsələlər gündəmdədir. Dekabrın 12-dən qeyri-hökumət təşkilatı üzvləri, ictimai fəallar, media nümayəndələri fasiləsiz aksiya keçirirlər. Laçın və onun sonrakı taleyi haqqında hansı yanaşmalar var?

- Bir daha qeyd etmək istəyirəm ki, Laçından verilən dəhliz deyil, yoldur. Bunu fərqləndirməliyik. Laçından Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişini asanlaşdırmaq məqsədilə verilmiş keçid əslində yoldan ibarətdir.

Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Andrey Volkovun açıqlamasından və aparılan danışıqlardan belə məlum olur ki, yaxın zamanlarda Azərbaycan Laçının girişində gömrük məntəqəsi qoyacaq. Yolun bağlanmasından söhbət gedə bilməz. Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişini təmin edən yolun bağlanmasını Azərbaycan heç vaxt gündəmə gətirməyib. Bu yoldan keçən insanların yoxlanması, gömrük rüsumlarının ödənilməsi, bölgəyə insanların qeyri-qanuni səfər etməsi, o cümlədən qanunsuz erməni silahlı dəstələrinin əraziyə cəmləşməsi və silah-sursatın, minaların daşınması ilə bağlı Azərbaycan daim öz narahatlığını bildirib.

Aksiya keçirilən məkan da, təbii ehtiyatların qanunsuz istismar olunduğu yerlər də Azərbaycanın suveren ərazisidir. Əslində yolun mühafizəsi ilə bərabər, bu yoldan gəlib keçən adamları, avtomobilləri yoxlamaq rus sülhməramlılarının mandatına uyğundur. Amma biz görürük ki, sülhməramlılar bu səlahiyyətini kənara qoyub, öz bildikləri kimi idarə edirlər. Bu da haqlı olaraq Azərbaycan tərəfinin hiddətinə səbəb olur. Belə olan halda biz o yola gömrük postu təyin edirik, gəlib gedən maşınların yoxlanışını da özümüz həyata keçiririk.

Nəticədə həmin əraziyə xarici ölkələrin kəşfiyyat orqanlarının nümayəndələrinin qanunsuz səfərlərinə, silah-sursatın daşınmasına imkan vermirik. Azərbaycanın apardığı mübarizənin biri bundan ibarətdir. Laçın yolu ilə bağlı məsələnin kökündə də bu dayanır.

Azərbaycana məxsus mədənlər bu günə qədər ermənilər tərəfindən istismar olunur. Bu, həmin sülhməramlıların gözləri qarşısında baş verir. Belə olan halda Azərbaycan jurnalistlərinin, qeyri-hökumət təşkilatlarının, müvafiq nazirlik əməkdaşlarının həmin ərazilərdə monitorinq həyata keçirmək haqqı yaranır. Bu ərazilərdə azərbaycanlıların təhlükəsizliyini təmin etmək də rus sülhməramlılarının birbaşa səlahiyyətinə aid olan məsələdir.

Biz məsələnin birinci hissəsini həll edə bilirik. Yəni, biz oraya getməkdə israrlıyıq, maraqlıyıq, amma təəssüf ki, rus sülhməramlıları bunu təmin etmir. Belə olan halda vətəndaşlarımız məcbur olub Xankəndi-Şuşa-Laçın yolunda aksiya keçirir, rus sülhməramlı qüvvələrin komandanının əraziyə gəlməsini tələb edir. Biz bu mübarizədə haqlıyıq. 30 ilik mübarizənin davamı olaraq həmin yola nəzarəti həyata keçirəcəyik. Azərbaycana məxsus ərazilərdə mədənlərin qeyri-qanuni istismarına icazə verməyəcəyik.

- Milli Məclis 2023-cü il dövlət büdcəsi haqqında qanun layihəsini qəbul etdi. Gələn il üçün dövlət büdcəsinin gəlirləri ölkə tarixinin ən yüksək göstəricisi hesab olunur. Sizcə, büdcə ölkənin mövcud ehtiyaclarını ödəmək üçün bəs edəcəkmi?

- Bu büdcə Azərbaycanın müstəqillik tarixinin manat ekvivalentində ən böyük büdcəsidir. İldən ilə büdcənin həm xərc, həm mədaxil, həm də məxaric hissəsi artır. Çünki ölkə əhalisinin sayı ilə yanaşı tələbatı da artır. Yeni çağırışlara uyğun olaraq da büdcənin imkanları artmaqdadır.

Bu il dövlət büdcəsinin gəlirlər hissəsinə Dövlət Neft Fondundan transferlər azalıb. Əsas hədəflərdən biri şaxələndirilmiş iqtisadiyyat qurmaq və büdcədə neftin payını azaldıb qeyri-neft iqtisadiyyatını inkişaf etdirməkdir. Bu da dövlətin əsas maliyyə sənədi olan büdcədə öz əksini tapır. Ötən ilə nisbətən bu il dövlət büdcəsinin mədaxil hissəsinin təxminən 10 faiz (3 milyard manat) vəsait artımına nail ola bilmişik. Eyni zamanda Dövlət Neft Fondundan büdcəyə transferi 260 milyon manat azaltmışıq. Bu, dövlətin hədəflərinə uyğundur.

Büdcənin mədaxil hissəsində Dövlət Neft Fondundan transferləri azaltmaqla, Dövlət büdcəsinin Ehtiyat Fondunun təxminən 55 milyard dollara yaxın vəsaitin artımına nail ola bilmişik. Dövlət rezerv fondlarının bu səviyyədə ilbəil yüksəlməsi ölkənin makroiqtisadi göstəricilərini və fiskal dayanıqlığını təmin edir. Bu da dövlətin beynəlxalq imicinin formalaşmasına və beynəlxalq aləmdə daha etibarlı iqtisadi tərəfdaş olması ilə bağlı Prezidentin apardığı siyasəti müəyyənləşdirir.

Dövlət büdcəsi tərtib olunarkən ilk dəfə olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxminən 600 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Çünki qonşu dövlətlərdə gedən müharibələr, iqtisadi münasibətlərdə zəncirlərin qırılması, sanksiyaların tətbiqi ölkədə qıtlıq yaradır. Bu da bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq qiymət artımına və inflyasiyanın sürətlənməsinə səbəb olur. Azərbaycanda inflyasiyanın əsas hissəsini idxal inflyasiya təşkil edir.

Avropanın Rusiyaya tətbiq etdiyi 47-yə yaxın sanksiyanın təxminən 43-ü son bir ildə olub. Azərbaycanın üç böyük iqtisadi tərəfdaşı var: Türkiyə, İran və Rusiya. Bu dövlətlərin ikisinə Qərb tərəfindən sanksiya tətbiq olunub. Bu reallıq bizi gələcəkdə yaranacaq ərzaq təhlüksəizliyi ilə bağlı ciddi işlər görməyə məcbur edir. Amma ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri həll etdikcə, ölkədə inflyasiya dərəcəsi artmaqda davam edir.

Bu gün dövlətlərin qarşısında iki məsələ var. Bunlar iqtisadi qanundur və onu heç kəs dəyişə bilməz. Ya tələbi təmin etməklə bağlı işlər görməlidir, ya da inflyasiya cilovlanmalıdır. Birinci halda inflyasiyaya o qədər də fikir verilmir. Dünya iqtisadiyyatı pandemiyadan çıxdı, hələ özünə gəlməmiş müharibələrlə qarşılaşdı. İkinci halda isə insanların tələbatı artsa da, axtardığını tapa bilmirlər.

Hazırda əsas məqsədimiz tələbatı yerinə yetirməklə yanaşı, həm də qiymətə nəzarət etməkdir. Azərbaycan adminstrativ yollarla qiymət artımının qarşısını almağa çalışır. Amma etiraf etmək lazımdır ki, adminstrativ yolla qiymət artımının qarşısını almaq nəticədə məhsul qıtlığına gətirib çıxara bilər. Bu zaman dövlət sosial müdafiə ödənişlərini artırmağa başlayır.

- Mahir müəllim, dövlət büdcəsinin əsas hissəsi hansı istiqamətlərə xərclənəcək? Ümumiyyətlə, gələn ilin büdcəsini sosial yönümlü hesab etmək olarmı?

- Gələn il dövlət büdcəsinin təxminən 45 faizini sosial müdafiənin gücləndirilməsinə ayrılacaq xərclər təşkil edir. Bu o deməkdir ki, 2023-cü ildə hər xərclənən 100 manatın 45 manatı sosial müdafiəyə xərclənəcək. Bəli, biz gələn ilin dövlət büdcəsini sosial yönümlü hesab edə bilərik. Azərbaycanda ilk dəfə olaraq minimum əməkhaqqı minimum yaşayış tərzinə uyğunlaşdırıldı. Bu, ünvanlı sosial yardım alan insanlara təyin olunan yardım məbləğinin daha çox artması ilə nəticələnəcək. Bu da aztəminatlı ailələrin qiymət artımına bağlı olan sosial müdafiəsini gücləndirəcək.

Büdcənin strukturundan aydın görmək olar ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və daim lazımi səviyyədə saxlanması dövlət qarşısında duran birinci məsələlərdəndir. Növbəti ildə də müdafiə potensialının gücləndirilməsi dövlət büdcəsinin əsas xərc istiqamətlərdən biri olacaq. Cari ilki büdcəyə nisbətən növbəti ildə bu sahəyə təxminən 600 milyon manat artıq vəsait ayrılıb.

Qarşıda duran ikinci ən əsas məqsəd “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı təmin etməkdir. Azərbaycan tarixi ərazi suverenliyini bərpa edib, bundan sonra doğma torpaqlarından köçkün düşən insanların yurdlarına qayıdışı təmin olunmalıdır.

Üçüncü prioritet məsələ ərzaq təhlükəsizliyi, dördüncü isə sosial müdafiənin gücləndirilməsi, insanların sosial həyatının yaxşılaşdırılması ilə bağlıdır.

- Dövlət büdcəsindən əmək haqlarının, pensiyaların və müavinətlərin artırılması üçün nəzərdə tutulan məbləğ artan qiymətlərə adekvat olacaqmı?

- 2022-ci ilin göstəricilərindən çıxış edərək deyə bilərəm ki, 2023-cü ildə də əhalinin gəlirlərinin qorunmasını həyata keçirə biləcəyik. Cari ildə inflyasiya təxminən 13,6 faizdir. Bunun böyük bir hissəsi idxal inflyasiyasıdır. Amma əhalinin gəlirləri 20 faiz artıb. Belə çıxır ki, əhalinin gəlirlərini inflyasiyanın silib aparmasının qarşısını ala bilmişik.

Bütövlükdə inflyasiyanın qarşısını almaqla bağlı ciddi tədbirlər görürük, amma bunun tamamilə qarşısını almaq qeyri-mümkündür. Bunu biz də bacarmırıq, digər dövlətlər də. Türkiyədə inflyasiya 73 faizdir və bu göstərici hər gün artmaqdadır. İqtisadi zəncirlər qırıldığı halda dövlətin vətəndaş qarşısında birinci işi yaranmış qıtlığın qarşısını almaqdır. Bu zaman dövlətin ciddi çağırışları olur.

Bu gün Azərbaycan bu missiyanı həyata keçirməkdədir. Baş verən müharibələrin nə zaman bitəcəyi, hansı nəticələrinin olacağı, sanksiyaların nə vaxt aradan qaldırılacağı ilə bağlı dünya iqtisadçılarının və siyasətçilərinin bədbin proqnozlar olsa da, nikbini yoxdur.

- Mahir müəllim, 2015-ci ildən Milli Məclisin deputatı kimi siyasi fəaliyyətlə məşğulsunuz. Bu vaxta qədər bank və tikinti sektorlarında çalışmısınız. 2015-ci ildə Azərbaycan məğlub dövlət olaraq, ərazilərinin 20 faizi işğal altında idi. Dünəndən bu günə dəyişən strateji bir xətt var. Azərbaycanın ictimai-siyasi həyatında baş verən dəyişiklikləri necə xarakterizə edərdiniz?

- 2015-ci ildən sonrakı həyatımızda çox şeylər dəyişib. Məğlub dövlətin millət vəkili ilə qalib dövlətin millət vəkili arasında çox böyük fərq var. Məndə bu məsələ bir qədər də ağırdır. Çünki işğala məruz qalmış rayonun deputatı olmaqla yanaşı, həm də məcburi köçün idim.

Təsəvvür edirsiniz, 18 yaşında rayondan məcburi çıxıb gəlmək, yataqxana həyatı yaşamaq, sonra ali məktəbə daxil olmaq... Laçın işğal olunanda biz 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını vermiş axırıncı buraxılış olduq. Laçında attestat ala bilmədik. May ayında Laçını tərk etdik, gəlib Qubadlı rayonunda attestat aldım. O vaxt Prezident belə bir sərəncamı vermişdi ki, məcburi köçkünlər harada məskunlaşıbsa, məktəbi bitirməklə bağlı sənədi də oradan almalı idi.

Məlum olduğu kimi, test üsulu ilk dəfə Azərbaycana 1992-ci ildə gətirildi. Test üsulu ilə ilk ali məktəbə daxil olanlardanam. O gün həyatımın yaddaqalan günü idi. Torpağı işğal olunmuş, evi dağılmış, məcburi köçkün həyatına məhkum olunmuş insan üçün universitetə qəbul olmaq bir təsəlli idi. Sonrakı həyatımızda çox şeylər dəyişdi...

Parlament fəaliyyətim dövründə bu ağırlıqları hiss etmişəm. Bəzən beynəlxalq dostluq qruplarında görüşdüyüm siyasətçilərin işğal faktına laqeyd yanaşması, heç nə olmamış kimi davranmaları mövcud vəziyyəti bir az da ağırlaşdırırdı. Amma Allaha şükürlər olsun ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir Yumruq” əməliyyatı həyata keçirdi. Şəhidlərimizin qanı, qazilərimizin canı hesabına torpaqlarımızı işğaldan tamamilə azad etdik.

Qələbə atalı-analı olur, qələbənin şərikləri çox olur. Amma bu qələbə bütün Azərbaycan xalqının qələbəsi idi. Son 200 illik tariximizdə Azərbaycan ilk dəfə idi ki, işğal olunmuş ərazilərini azad edə bilmişdi.

İndi uzun illər həsrətlə baxdığımız o torpaqlara qalib xalqın nümayəndəsi kimi qayıdırıq. Qürurluyuq. Düşünürsən ki, neçə-neçə insan o torpaqlara qayıtmaq arzusu ilə dünyadan köçüb. Allaha təkrar şükür edirsən, yaxşı ki, bu günləri görmək bizə qismət oldu.

- Bir vaxt attestat ala bilməyən bir şagird, sonradan o kəndə deputat kimi qayıdır. Anadan olduğunuz Güləbird kəndi Laçının azadlığı uğrunda gedən döyüşlərdə alındı. Güləbirdin azad olunması xəbərini necə qarşıladınız?

- Tək mən yox, bütün məcburi köçkün gəncləri bu illər ərzində dövlətin qayğısı nəticəsində sınmayıblar, yaşayıblar. Mərhum Prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, “Hər bir məcburi köçkün mənim ailəmdir”, deyərək bütün məcburi köçkünlərə dövlət qayğısı həyata keçirdi. Ulu öndər məcburi köçkünlərin qayıdışları mümkün olana qədər məskunlaşdığı yerdən çıxarılmaması barədə sərəncam verdi. Bundan əlavə, bütün məcburi köçkünlərin dövlət tərəfindən ehtiyaclarının ödənməsi, ali məktəblərə qəbul olan tələbələrin təhsil haqqı ödənişlərindən azad olunması ilə bağlı bir sıra tədbirlər görüldü. Bütün bunlar məcburi köçkün gəncliyinin inkişafı ilə nəticələndi. Bu gün istənilən sektorda vaxtilə məcburi köçkün həyatına məhkum olmuş gənclər özlərinə kifayət qədər mövqe qazana biliblər. Bu, eyni zamanda həmin gənclərin istedadından da xəbər verir.

Laçının Güləbird, Aşağı Cicimli, Yuxarı Cicimli, Qazıdərəsi, Səfiyan, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Türklər kəndləri Ordumuzun gücü sayəsində azad olundu. Prezidentin torpaqların işğaldan azad olunması ilə bağlı atdığı hər “tivit” hamımızı sevindirirdi. Bu xəbərlərin içərisində bir gün öz rayonunun və ya kəndinin adını eşidirsən... Çox sevindirici anlar idi... (Kövrəlir)

- Güləbirdə 30 ildən sonra qayıdanda ilk hara getdiniz?

- Kəndimizə qayıdanda ilk dəfə öz evimizə getdim. Ev tamamilə dağıdılıb. Prezidentin Güləbird kəndində bayraq qaldırıb xalqa müraciət etdiyi bir görüntü var. Orada arxa fonda görünən ev bizim evin qalıqlarıdır.

Sonra kəndin mərkəzində klub var idi, gedib ora baxdım... Daha sonra təhsil aldığım orta məktəbə getdim... Hər şey dağıdılmışdı...

- Mahir müəllim, üç övladınız var. Onlar Güləbirdi görüblərmi?

- Yox. Bu gün uşaqların və yaşlı insanların ora getməsi ilə bağlı ciddi təhlükəsizlik məsələləri var. Təbii ki, biz bunu normal qarşılayırıq. Hər an hər hadisə ola bilər. Ona görə də, Güləbirdi görmək hələ ki, onlara qismət olmayıb. Amma Laçına hər səfərimdən sonra onlara təəssüratlarımı danışıram. Onlar çox xoşhal olurlar və ora gedəcəkləri günü səbirsizliklə gözləyirlər.


Müəllif: Tapdıq Qurbanlı, Yeganə Oqtayqızı

Oxşar xəbərlər