28 Yanvar 2023 17:45
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə “Milli Enerji və Mədən Siyasəti” çərçivəsində daha bir mühüm addım atıb.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Gübretaş Maden Investments AŞ” Söğüt Qızıl Mədəni Təsisatı açılıb.

Prezident Türkiyənin Bilecik əyalətinin Söğüt mahalında “Gübretaş”a məxsus mədən bölgəsində 6,5 milyard dollar dəyərində qızılın tapıldığı mədən müəssisəsini açaraq ilk külçə qızılını töküb.

Açılışda iştirak edən Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez bildirib ki, ölkədə mineral ixracı son 20 ildə 10 dəfə artıb:

“2022-ci ildə 6,5 milyard dollarlıq mədən ixracı ilə Cümhuriyyət tarixinin rekordu yenilənib. Biləcikə mədənçilik sahəsində daha bir mühüm investisiya gətirməkdən çox məmnunuq”.

Nazir Söğüt Qızıl Mədəninin Türkiyənin ən çox istehsal edilən qızıl mədənlərindən biri olacağını vurğulayıb: “Tam gücü ilə istehsala başladıqdan sonra orta illik 6,5 ton istehsalla Türkiyədə ən çox istehsal edən 3 şirkətdən biri olacaq. 500 milyon dollarlıq sərmayə ilə ilk növbədə 1000, gələcəkdə isə 1300 vətəndaşın məşğulluğu təmin ediləcək. Bu gün 16 fərqli mədəndə qızıl hasil olunur. 2000-ci ildə sıfıra yaxın olan qızıl hasilatımız 2001-2022-ci illər arasında cəmi 456 tona çatıb.

Son 5 ildə qızıl hasilatımız ortalama 35 ton civarındadır. Qızıl hasilatında əsas məqsədimiz ehtiyaclarımızı daxili resurslar hesabına qarşılamaq, qızılın yaratdığı cari kəsiri azaltmaq, bu sahəyə investisiya və məşğulluğu artırmaqdır”.


Müəllif: Yeganə Oqtayqızı