“Zəlzələdən sonra İstanbulda ticarət mərkəzlərinin satış indekslərində 33-35 faiz azalma müşahidə olunub. Lüks seqment satış kateqoriyasındakı azalma 80 faizə çatıb. İstanbul otellərində rezervasiya və doluluq səviyyəsində 30 faiz azalma var”.
Teleqraf.com xəbər verir ki, bunu İstanbul Ticarət Palatasının (İTO) sədri Şekib Avdagiç deyib.
O, bu yaxınlarda Berlində turizm sərgisində iştirak etdiyini deyib: “Orada mənə hər şeydən öncə “İstanbul necədir, İstanbul sökülürmü, hər yerdə köhnə binalar var, nə olacaq” sualları verildi. Odur ki, İstanbulda zəlzələ riskini yazarkən şəhərin iqtisadi əhəmiyyətini də nəzərdən qaçırmamalıyıq”.
İTO sədri İstanbulun zəlzələ riskindən söz açarkən deyib: “İstanbul Türkiyənin ümumi əhalisinin təxminən 20 faizini, qeydiyyatdan keçmiş işçi qüvvəsinin 20 faizdən çoxunu, ixracın və ümumi xarici ticarətin 50 faizdən çoxunu təşkil edir. Türkiyənin ÜDM-nin 30,4 faizi İstanbulun payına düşür. 2022-ci ildə yaratdığı əlavə dəyər 300 milyard dollara yaxındır. İstanbulun ümumi informasiya və kommunikasiya fəaliyyətlərindəki payı 66 faiz, ümumi maliyyə və sığorta fəaliyyətlərindəki payı 61 faiz, peşə, inzibati və yardımçı xidmət fəaliyyətlərinin cəmində payı 46 faiz, xidmətlər sektorunda payı 42 faiz, tikinti sektorunda payı isə 33 faizdir.
İTO olaraq uzun müddətdir dediyimiz budur ki, biz təhlükəsiz fabriklər, eləcə də təhlükəsiz evlər tikməliyik. Evlərin, fabriklərin, iş yerlərinin, bazarların, ticarət mərkəzlərinin təmiri prosedurlarını mütləq qabaqcadan görməliyik.
Zəlzələlərdən sonra “sənayeni İstanbuldan çıxaraq” deyənlər var. Bu çox təhlükəli bəyanatdır. Bu ritorikanı təkcə biz yox, xaricdəki potensial alıcılar da eşidirlər. Deyirlər ki, zavodunuzu bağlamalı olacaqsınız, mən indidən özümə alternativ təchizatçı tapım. Alıcılar fərqli vəziyyətə düşürlər. Ona görə də bütün bu mənzərəni qurarkən ölkə istehsalı, ixracı və məşğulluq yaratmağa davam etməlidir”.
Avdagiç hazırda inflyasiyanı nəzarət altına almağa çalışdıqlarını bildirib: “14 aylıq məzənnə dəyişməsi 31,5 faizdir, inflyasiya 80 faiz ətrafındadır. 2023-cü ilin xarici ticarət balansı baxımından Türkiyə üçün həssas bir il olacaq. Kəsir davam edir”.