“İran Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə yığmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla sərhəddə uğursuz təlimlər keçirən Tehran təhdid yolundan əl çəkmir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, bu təlimlər və təhdidlər regiondakı yeni düzəni dəyişmək gücündə deyil:
“Tehran rejiminin müsəlman qonşusu ilə təhdid alətlərinə üstünlük verməsi İranın xarici siyasətinin qüsurlu olduğunu göstərir. Bu siyasətdən itirən tərəf təbii ki, Tehran özü olacaq. Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir”.
Məsələnin iqtisadi tərəflərinə gəldikdə isə, Vüqar Bayramov iki ölkə arasında ticarət dövriyyəsinə diqqət çəkib: “İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 476 milyon 438 min dollar olub. İran ölkəmizdən 29 milyon 831 min dollarlıq mal alıb. Bu o deməkdir ki, İran 2022-ci ildə Azərbaycana 446 milyon 607 min dollar dəyərində məhsul ixrac edib.
Deməli, Azərbaycanla ticarət əlaqələrində İranın illik xalis qazancı 446 milyon dollardır. Bu, həm də o deməkdir ki, İranın qüsurlu xarici siyasəti xarici iqtisadi əlaqələrə əks olunarsa, o zaman itirən tərəf Tehran olacaq. İranda inflyasiya səviyyəsinin kifayət qədər yüksəlməsi və xarici valyutaya tələbin kəskin artdığını nəzərə aldıqda biznes üçün bu heç də kiçik rəqəm deyil”.