Son günlər ABŞ-da defoltun baş verməsi ilə bağlı dövlət qurumları ardıcıl xəbərdarlıqlar edir. ABŞ administrasiyası defoltdan qaçmaq üçün milli borc tavanının qısamüddətli artırılmasını nəzərdən keçirir. Əgər borclanma limitləri genişləndirilməsə, defoltdan yayınmaq mümkünsüz ola bilər.
İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, son dövrlərdə dünya bazarları, investorlar neqativ informasiyalara daha sürətli reaksiya verir.
Ekspert düşünür ki, bu istiqamətdə çox pessimist olmaq lazım deyil: “Bu günə qədər ABŞ-da bənzər halların şahidi olmuşuq. Borc limitinin artırılmasında əsas dəstək müxalifətdən – Respublikaçılar Partiyasından gəlməlidir. Razılaşmanın əldə oluna biləcəyi ilə bağlı müəyyən mənada müsbət siqnallar da var. Təcrübələrdən yola çıxaraq deyə bilərəm ki, ən sonda rasional qərarın ortaya çıxmaq ehtimalı çox yüksəkdir. Düşünmürəm ki, ABŞ-da defolt olacaq. Proqnozum defoltun qarşısının 80 faiz alınması yönündədir”.
Əgər defolt olarsa...
Rəşad Həsənov ABŞ kimi böyük bir iqtisadiyyatın defolt etməsini çox ciddi problem olaraq görür:
“ABŞ kimi böyük bir dövlətin iqtisadiyyatı, büdcəsi, xərcləmələri, qlobal iqtisadiyyata inteqrasiya olunmuş, şaxələnmiş əlaqələri defolt qərarında ciddi nəticələrinin olacağını deməyə əsas verir. Burada digər məqam ABŞ-ın reputasiyası məsələsidir. Əgər bu istiqamətdə ABŞ-ın etibarlılığına xələlə gələrsə, maliyyə dayanıqlılığı ilə bağlı şübhələr ortaya çıxarsa, mərhələli şəkildə Çin və Yaponiya iqtisadiyyatı, daha sonra bütövlükdə qlobal iqtisadiyyat onsuz da çox kövrək olan mövcud status-kvonun mənfiyə doğru dəyişməsinə gətirib çıxara bilər.
Əgər defolt olsa, borc dalğasının ötürmə gücünün yaydığı maliyyə böhranları sonradan digər iqtisadi proseslərə də sirayət edə bilər. İndiki halda isə bunu proqnozlaşdırmıram”.