7 İyun 2023 17:31
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Azərbaycanda kommersiya məhkəmələrinə olunan müraciətlərin sayı artıb.

Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyevanın sözlərinə görə, 2021-ci illə müqayisədə 2022-ci ildə ölkə üzrə kommersiya məhkəmələrinin icraatında 21 faiz iş yükü artıb.

2021-ci ildə respublika üzrə kommersiya məhkəmələrinin icraatında 14 min 87 iş olmuşdusa, 2022-ci ildə analoji göstərici 17 min 981 işdən ibarət olub.

İş artımına uyğun olaraq Ali Məhkəmənin kommersiya kollegiyasının iş yükündə də artımlar olub. 2022-ci il 2021-ci illə müqayisədə 13.4 faiz iş yükünün həcmi artıb.

Maraqlıdır, kommersiya məhkəmələrinə müraciətlərin artması nə ilə bağlıdır? Sahibkarlıq subyektlərini narazı salan əsas məqamlar nələrdir?

İqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova Teleqraf.com-a açıqlamasında sahibkarların qarşılaşdığı problemlərdən söz açıb.

O xatırladıb ki, yaxın vaxtlarda Azərbaycanda sahibkarların problemləri ilə bağlı sorğu keçirilmişdi: "Sorğunun nəticəsindən ölkədəki sahibkarların əsas problemlərinin nələr olduğunu aydın görmək olur. Məsələn, ticarət, xidmət, sənaye və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən sahibkarların əksəriyyəti bizneslərinin kiçildiyini qeyd edirdilər. Bunun əksinə olaraq, tikinti sektorunda fəaliyyət göstərən sahibkarlar bizneslərinin genişləndiyini bildiriblər”.

Hüquqşünas deyir ki, kommersiya sahəsində işlərin çoxluğu səbəbindən iqtisad məhkəmələrindən əlavə kommersiya məhkəmələri yaradıldı: “Bakı Kommersiya Məhkəməsinin icraatında olan işlərə nəzər yetirdim, əksəriyyəti bank müqavilələrindən yaranan öhdəliklər üzrə mübahisələrdir. Onların da çoxu kredit, lizinq, bank hesabatı müqavilələri və bank əmanəti üzrə mübahisələrdir. Bir qismi də, torpaq sahəsinin boşaldılması, icarə müqaviləsi və əmlak tələbi üzrə məhkəmə işləridir.

Bank sistemi ilə əlaqədar 200 mindən çox məhkəmə işinin olduğu qeyd edilir. Kredit faizlərinin yüksək olması, fors-major, devalvasiya və inflyasiya kimi hallar problemli kreditlərin yaranmasının başlıca səbəblərindəndir.

Təklif edərdim ki, kiçik və orta sahibkarlara qısa və ortamüddətli kreditlərin çevik mexanizmlə verilməsi üçün “interest-free banking” (faizsiz bankçılıq) sistemi nəzərdən keçirilsin. Məsələn, bu sistemdə bank müştərisi olan sahibkara investisiya üçün ehtiyacı olan maliyyə dəstəyini tam olaraq təmin edir. Daha sonra icra edilən biznes fəaliyyətindən əldə olunan mənfəətin, əvvəlcədən müəyyən olunan nisbətdə bank və müştəri arasında pay bölgüsü həyata keçirilir. Hər hansı zərər yaranarsa, ortaqlar (bank və müştəri) qoyduqları sərmayə nisbətində risk daşıyırlar”.

Vüsalə Əhmədova hesab edir ki, yeni işə başlayan kiçik və orta sahibkarlar bir müddət müxtəlif növ vergilərdən azad edilməlidir: “Kiçik və orta sahibkarların o qədər böyük imkanları yoxdur ki, bir neçə ay işlərini qaydasına salmadan və gəlir götürmədən ağır vergi yükünün altına girsinlər.

Məsələn, Şəki Kommersiya Məhkəməsinin icraatındakı işlərə də nəzər yetirdim. Deyərdim ki, burada işlərin 90%-i fiziki şəxsin dövlət büdcəsinə olan cüzi məbləğdə vergi borcunun və ya hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və ya İcbari Tibbi Sığorta Fonduna olan borcunun ödənilməsini təmin etmək üçün, həmin şəxslərin ölkədən çıxış hüququnun məhdudlaşdırılması ilə bağlıdır. Qərarların demək olar ki, əksəriyyətində icra orqanı rəhbərlərinin tələbi təmin edilib. İstehsalın təşviq edilməsi üçün məhz istehsalçılar əmlak və ya torpaq vergisindən, yaxud icarə haqlarından bir müddət azad edilməlidirlər”.

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə bildirib ki, Azərbaycanda kommersiya məhkəmələrinə müraciətdə artım müşahidə olunur: “Mübahisə predmetinin əksəriyyətində vətəndaşlar, yaxud sahibkarlar dövlət orqanlarına qarşı cinayət və ya inzibati işlər irəli sürürlər. Digər mülki işlərdə tərəflər ya vətəndaşlardır, ya da tərəflərdən biri vətəndaş digəri sahibkardır. Kommersiya məhkəməsində isə hər iki tərəf sahibkardır. Əgər biz bu qrupları müqayisə etsək görərik ki, kommersiya işləri digərlərinə nisbətən xeyli azdır. Dünya praktikasında da sahibkarların məhkəməsi digərlərinə münasibətdə az olur. Yəni cinayət, mülki, inzibati işlər müqayisədə daha çoxdur. Amma ölkəmizdə kommersiya işində artım müşahidə olunur”.

Hüquqşünas təəssüflə qeyd edib ki, ölkədə sahibkarların hüquqi xidmətləri zəifdir: “Bəzən sahibkarlar aralarında imzalanan müqavilələri düzgün tərtib etmirlər. Son nəticədə hər ikisi arasında mübahisə yaranır. İkincisi, Azərbaycanda qanunçuluğun səviyyəsi zəif olduğu üçün hər xırda şeyə görə sahibkarlar cığallıq etməyə meylidirlər. Kimsə istəyir ki, qanunu pozsun və daha çox gəlir əldə etsin, bəzən də yeri gəldi-gəlmədi məhkəməyə verirlər. Bununla bağlı amil də inzibati resursdur. Kiminsə dövlət orqanlarında əlaqəsi var, bundan sui-istifadə edib digər sahibkarı məhkəməyə verir.

Adətən sahibkarlar arasında mübahisə tərəflərdən birinin müqavilə şərtlərini pozması ilə başlayır. Ola bilər ki, kimsə sui-istifadə edir, kimisi də güvənir.

Ümumən onu da qeyd edim ki, xüsusən də Bakıdakı kommersiya məhkəmələrinin səviyyəsi savadlarına, dürüstlüklərinə görə digər məhkəmələrdən xeyli yüksəkdir. Ölkədə qanunçuluğun səviyyəsi yaxşı olmadığı üçün sahibkarlar arasında xeyli problem var. Qanunların özündə də problemlər çoxdur. Bu da sahibkarlar arasında müəyyən anlaşılmazlığa səbəb olur”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər