13 May 2014 09:41
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq məhsulu yeni qaydalarla yoxlayacaqlar

Bu ildən dondurma bazarında yoxlamalar yeni qaydalar əsasında həyata keçiriləcək. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayevin sözlərinə görə, yeni qaydalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri ilə tənzimlənir: “Yeni qanunvericiliyə əsasən, ərzaq məhsullarının laborator müayinələri, müəssisələrdə sanitar-gigiyenik qaydalarla əlaqədar yoxlamalarla bağlı illik planlaşdırma aparılacaq.

Yoxlamalar illik plana uyğun olaraq əsasən, insan sağlamlığı üçün təhlükəli ola bilən xüsusi risk qruplu obyektləri əhatə edəcək. Araşdırmalar nəticəsində meyarlar müəyyənləşəcək, obyektlər yüksək, orta və adi olmaqla risk qruplarına bölünəcək, növbəti yoxlamaların qrafik tərtib olunacaq. Bu proses yerlərdə sahibkarların maraqlarının qorunmasına xidmət edir".

İmran Abdullayev dedi ki, yeni qanunvericiliyə əsasən, yoxlama keçirildikdən sonra müəyyən nöqsanlar aşkarlanıbsa, səhvləri düzəltmək üçün onlara müəyyən müddət veriləcək: “Həmin zamanda müəssisələr nöqsanları düzəltmədikləri halda onlara qarşı müvafiq cəzalar həyata keçiriləcək. Yüksək risk qruplarına daxil olan obyektlərdə yoxlamalar ildə 2 dəfə aparılacaq. Nöqsanlar aradan qaldırılana kimi yoxlamalar davam etdiriləcək”.

İmran Abdullayevin sözlərinə görə, mərkəz bu vaxta kimi il ərzində 10 minə yaxın yoxlama həyata keçirib. Ancaq bu il müəssisələrdə yoxlamaların sayı aşkar olunan nöqsanlara əsasən məlum olacaq: “Baş verməmiş hadisənin məsuliyyətini kiminsə üzərinə qoymaq düzgün deyil. Nöqsan barədə bizə məlumat daxil olduğu halda yoxlama apara bilərik”.

Yeni qaydaların tətbiqinə mart ayının 1-dən başlanılıb.

Milli adlar müştərini qaçırdır

Amma yoxlamaların aparılmaması o demək deyil ki, istehlakçı mövsümün sevimli qidası olan dondurmanın tərkibi barədə məlumatsız qalacaq. İmran Abdullayev deyir ki, bu işdə əsas məsuliyyət istehlakçıların üzərinə düşür ki, onlar da öz növbəsində aldıqları məhsulun tərkibi barədə məlumatlı olmalıdırlar. Baxmayaraq ki, satışdakı məhsulların üzərində heç də bütün məlumatlar əks olunmur.
Mağazalarda “Algida”, “Nestle”, “Magnum” və digər firmalara məxsus dondurmalar satılır.

Dondurmanın ən ucuzunun qiyməti 20-30 qəpik, ən bahalısının qiyməti isə 10 manatdır. Rusiya və Türkiyə istehsallı dondurmaların qiyməti 1 manatdan başlayır.

Mağazalardan birində əlimizə ilk keçən “Plombir” adlı dondurmanın üzərində istehsal tarixi, istehlakçının ünvanı və telefon nömrələrini götürüb, onların fəaliyyəti ilə maraqlanırıq. Dondurmanın istehsalçısı olan “Camal Ltd” daha çox “İceland” ticarət markası ilə tanınır.

Şirkətin əməkdaşı Emin Əliyev ölkənin ən böyük dondurma istehsalçılarından biri olduqlarını deyərək, istehsal prosesində Avropa texnologiyasından və yüksək keyfiyyətli təbii xammaldan istifadə etdiklərini bildirdi: “Hazırda” Camal Ltd" Fransanın “Mars”, İsveçrənin “Nestle”, Kanadanın “McCain”, Rusiyanın “Talosto” kimi dünya ticarət nişanlarının eksklüziv distribyutorudur. Məhsullarımız satışa İceland, Oskar, Bravo, Delisimo, Joker, Pinqvin, Plombir, Zolotoy plombir, Don Maxsimus, V.İ.P adlarında çıxarılır".

Şirkətin məhsulları arasında cəmi iki milli adda - “Malik” və “Bakılı qız” dondurmalarının olduğunu görüb, milli adlara üstünlük vermədiklərinin səbəbini soruşduq. Müsahibimiz bunu psixoloji amillə izah etdi: “Yerli adlar müştərini çəkindirir. Beynəlxalq adlar verilmiş məhsulun satışı milli adlar verilən məhsullardan daha yaxşıdır. Əhalidə qəribə bir fikir formalaşıb, sanki adı xarici olan məhsulun tərkibi də yüksək olur, halbuki bütün məhsullarımızın tərkibi yüksək keyfiyyətli xammaldan hazırlanır”.

Dondurma sevənlər sırasında sonuncuyuq

Şirkət əməkdaşları məhsulla bağlı hər hansı şikayət almadıqlarını bildirsə də, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunun əksini deyir: “Biz dondurmalarla bağlı monitorinqlər keçirmirik. Yalnız telefon zəngləri ilə daxil olan şikayətlərə əsasən araşdırmalar aparırıq. İnsanlar dondurmalar barədə məlumat almaq istəyirlər. Həmişə dediyim bir nüansı bir daha təkrarlamaq istərdim. Süddən hazırlanan dondurma uzun müddət saxlanıla bilməz. Saxlama müddəti uzun göstərilirsə, bu o deməkdi ki, onun tərkibinə çoxlu kimyəvi maddələr qatılıb. Alıcılara məsləhət görürəm ki, saxlama müddəti qısa olan dondurmalara üstünlük versinlər”.

Ölkədə dondurma dövlət standartına sonuncu dəfə 2010-cu ildə dəyişiklik edilib. Dəyişikliklərə əsasən, məhsulun saxlanma müddətinin artırılmasını şərtləndirən konservantlar, emulqatorlar, eləcə də digər əlavələr və qatqılar tətbiq edilmədən istehsal olunan dondurmaların saxlama müddəti mənfi 18 dərəcədən yüksək olmayan temperaturda bu cür müəyyənləşdirilir: südlü - 1 ay, qaymaqlı - 1,5 ay, plombir - 2 ay, pirojnalar, tortlar və kekslər - 15 gün, meyvəli-giləmeyvəli və aromatik - 1,5 ay.

Araşdırmalar göstərir ki, Azərbaycanın adı dünyada dondurma yeyən ölkələr sırasında ən axırıncı sıralarda dayanır. İl ərzində Azərbaycanda bir nəfərə orta hesabla 1,4,-1,6 kiloqram dondurma düşür. ABŞ-da bu rəqəm 22 kiloqramdır, Rusiyada ABŞ-ın yarısı qədərdir, Türkiyədə 6-7 kiloqramdır.
Maraqlısı odur ki, Azərbaycandan başqa dünyanın əksər ölkələri dondurmadan qışda da yayda olduğu kimi istifadə edirlər.

Naibə QURBANOVA


Müəllif: