9 Avqust 2023 12:53
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qonşu Rusiya və Türkiyənin milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Dollara nisbətdə rubl yeni psixoloji həddə yaxınlaşır. ABŞ puluna nisbətən Rusiya valyutasının tezliklə üçrəqəmli həddədək ucuzlaşacağı da istisna deyil. Artıq Rusiyada 1 dollar almaq üçün 97 rubl ödəmək lazımdır. Son 1 ayda rubl 8.0 faiz dəyər itirib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat deyir ki, Türkiyə valyutası lirə də yeni psixoloji həddə yaxınlaşmaqdadır: “Hazırda 1 dollar 27 lirə ilə dəyişdirilir. Ankaranın yeni iqtisadi siyasətinə rəğmən milli valyutanın ucuzlaşmasının qarşısını almaq mümkün deyil. Əslində, qısamüddətli dövrdə buna nail olmağın mümkünsüzlüyü öncədən də bəlli idi.

Hər iki valyutaya təzyiqlər davam edir. Türkiyədə məzənnənin sadəcə ortamüddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı neqativ proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür”.

İqtisadçı hər iki ölkənin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu xatırladıb: “Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.

Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir.

Əsas ticarət tərəfdaşlarımızda milli valyutalarının dəyərsizləşməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirir. Bu isə qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər.

Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər