15 Sentyabr 2023 18:28
3 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ilk 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 925,3 manat olub.

Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əməkhaqqında artım tempinə, pensiya kapitalı isə inflyasiya göstəricisinə indeksasiya olunurdu. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşların pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.

Artıq orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir.

Maraqlıdır, cari ilin 7 ayındakı tendensiya saxlanacağı halda gələn ilin pensiyalar nə qədər artırıla bilər?

İqtisadçı Pərviz Heydərov Teleqraf.com-a bildirib ki, əmək pensiyaları haqqında qanunun tələbinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə indeksləşdirilərək artırılır.

Ekspert qeyd edib ki, əmək pensiyası şəxslərin fərdi hesabları əsasında təyin edilir: “Fərdi hesablar da sığorta və yığım hissələrindən ibarətdir. Qanunvericiliyə əsasən hər ilin əvvəlində əmək pensiyalarının həm yığım, həm də sığorta hissəsi əvvəlki ildəki orta aylıq nominal əməkhaqqının artım faizinə əsasən indeksləşdirilir. Bu rəqəm il ərzində orta aylıq nominal əməkhaqqının neçə faizini təşkil edirsə, həmin faizə əsasən də əmək pensiyaları indeksləşdirilir.

Bu, 2019-cu ilə qədər əvvəlki ildəki inflyasiya səviyyəsinə görə hesablanırdı. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bu artım inflyasiya səviyyəsinə görə deyil, orta aylıq nominal əməkhaqqının il ərzində artım səviyyəsinə görə həyata keçirilir”.

İnflyasiya səviyyəsi ilə orta aylıq nominal əməkhaqqının fərqini izah edən iqtisadçı burada qanunvericiliyə diqqət çəkib: “Müvafiq iqtisadi tələblərə və qanuna əsasən, il ərzində orta aylıq nominal əməkhaqqının artım səviyyəsi inflyasiyadan yüksək olmalıdır. Pensiyanın artırılması üçün vacib olan birinci şərt Dövlət Statistika Komitəsi tərəfindən ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinin müəyyənləşdirilməsidir. Əgər ötən ilə nisbətdə orta aylıq nominal əməkhaqqında artım olubsa, bu, o deməkdir ki, pulun dəyəri düşüb, pensiyaların məbləği artırılmalıdır ki, pensiyaçıların sosial müdafiəsi əvvəlki qaydada təmin edilə bilsin. Ona görə də pensiyaların bu göstəricilərə uyğun indeksləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Son illər ərzində bu proses daha effektiv mexanizm əsasında həyata keçirilir.

Yəqin ki, cari ilin orta aylıq nominal əməkhaqqı göstəricisi ilin sonunadək bir qədər də artacaq. Əgər eyni səviyyədə qalarsa, gələn il pensiyalar 11,3 faiz indeksləşdirilərək artırıla bilər”.

Qeyd: Qiymət artımı real gəlirləri dəfələrlə üstələyir. Belə bir vaxtda indeksasiyanın real qiymətlərə görə aparılıb-aparılmayacağı sual olaraq qalır...


Müəllif: Yeganə Oqtayqızı