27 May 17:23
3 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) açar ölkəsi, Şərqlə Qərbin qapısıdır.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, son dövrlərdə Orta dəhlizlə daşımaların həcmi artıb:

“2022-ci il noyabrın 11-də Səmərqənddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan hökumətləri Orta dəhliz boyu gömrük prosedurlarının sadələşdirilməsi haqqında saziş imzalamışdı. Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan bu sazişi hələ 2023-cü ildə ratifikasiya etmişdi. TDT üzvlərindən yalnız Qazaxıstan qalmışdı ki, o da bu həftə sadələşdirilmiş gömrük dəhlizinə qoşulduğunu təsdiqləyib.

TDT Orta dəhliz boyu gömrük prosedurlarını sadələşdirir, bu isə o deməkdir ki, Şərq-Qərb-Şərq dəhlizi üzrə “yaşıl dəhlizlər”, vahid tranzit tarifləri olacaq. Bu gün Orta dəhlizin ən böyük rəqibi Rusiya-Belarus üzərindən keçən dəmir yolu xəttidir. Qərb-Rusiya qarıdurmasına baxmayaraq, bu yolla, məsələn, ötən il 56.7 milyard dollarlıq yük daşınıb. Amma ciddi problemlər də yaranıb. Əsas problem də odur ki, Qərb sığorta şırkətləri Rusiyadan keçən yüklərin sığortasından imtina edirlər, sanksiyalarla üzləşməkdən çəkinirlər. Demək, Rusiya yoluna alternativ ola biləcək Orta dəhliz layihəsini sürətlə reallaşdırmaq lazımdır. Çünki Qərb-Rusiya qarşıdurması hələ onillər davam edəcək, indi məqamıdır. Rusiya üzərindən keçən yüklərin heç olmasa 25-30 faizini cəlb edə bilsək, ciddi iş olacaq”.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycan dəmir yolları ilə bu ilin 4 ayı ərzində (Orta dəhliz üzrə) yükdaşımalarının həcmi ötən illə müqayisədə 35 faiz artıb, Çinin Sian şəhərindən bu dəhlizlə ümumilikdə 60 qatar yola salınıb:

“Bu yaxınlarda aparılmış yenidənqurma işlərindən sonra Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə daşımalar bərpa edilib, xəttin yükburaxma qabiliyyəti illik 5 milyon tona çatdırılıb. Bütün bunlar yaxşıdır, amma azdır. Təkcə Azərbaycan Dəmir Yolları yox, bütün dövlət qurumları sinxron işləməlidir”.

İqtisadçı əlavə edib ki, Azərbaycan TDT-nin açar ölkəsi, Orta dəhlizin (Şərq-Qərb-Şərq) qapısıdır: “Qapı yaxşı, doğru açılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu