Bakı və Yevlax Data Mərkəzlərində olduğu kimi, Abşeron və Hacıqabul rayonlarında tikiləcək yeni data mərkəzlərində də “Hökumət buludu”nun konsepsiyasına uyğun fəaliyyət davam etdiriləcək. Yəni bu mərkəzlərin fəaliyyətində də “elektron hökumət”in inkişafı, “rəqəmsal hökumət”ə keçidin sürətləndirilməsi məqsədilə dövlət qurumlarının informasiya sistemlərinin dayanıqlı və təhlükəsiz bulud xidmətləri ilə təmin edilməsi əsas tutulacaq.
Bu barədə “AzInTelecom”dan Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd edək ki, yeni data mərkəzlərinin tikilməsi ilə bağlı zərurət dövlət qurumları arasında keçirilən sorğu və növbəti 10 illik üçün aparılan araşdırmalardan sonra formalaşıb. Artan tələbatı nəzərə alaraq “Hökumət buludu” üzrə fəaliyyətin yüksək səviyyədə saxlanılması üçün yeni data mərkəzlərinin tikilməsinə qərar verilib. Artıq Abşeron və Hacıqabul Data Mərkəzləri üçün beynəlxalq “TIER 3 Design” sertifikatı əldə edilib.
124 dövlət qurumuna məxsus informasiya sistemləri “Hökumət buludu”na tam və ya qismən köçürülüb. Miqrasiya prosesi “AzInTelecom”a məxsus Bakı Əsas və Yevlax Ehtiyat Data Mərkəzləri vasitəsilə həyata keçirilib.