09:18
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və strateji tərəfdaşlıq haqqında xartiyanı imzaladı. Bu addım siyasi-iqtisadi və təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin inkişafına, habelə aktual beynəlxalq və regional problemlərin həllinə yönəlmiş əməkdaşlığın yeni mərhələsini ehtiva edir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan üçün bu sazişin hərbi elementləri daha çox maraq kəsb edir:

“Saziş Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına birbaşa zərbədir. Əgər Blinken doğrudan da Qafqazda sülh istəsəydi, Bakı və İrəvan arasında sənədin imzalanmasını gözləyərdi, daha sonra haylarla nə istəsələr, edərdilər. Yeri gəlmişkən, Bayden administrasiyası ötən ilin sonuna qədər yarımçıq sülh müqaviləsinin imzalanmasını israrla istəyirdi, “niyəsi” məlumdur.

Sənədlə ABŞ-Ermənistan dialoqu nəticəsində iki dövlətin siyasi elitaları arasında son illərdə əldə edilən razılıqların davamı olaraq, Ermənistan silahlı qüvvələrinin təlimləri və hərbi texniki imkanlarının artırılmasına yardım da Vaşinqtonun üzərinə götürdüyü funksiyalardan biridir. Həmçinin Ermənistanda güc strukturlarına ABŞ tərəfindən təlimlərin keçirilməsi də ciddi məsələdir. Belə tərəfdaşlıq hərbi-iqtisadi islahatlarda ABŞ-dən maliyyə yardımı almağı nəzərdə tutsa da, mümkün hər hansı münaqişəyə Amerika ordusunun birbaşa müdaxiləsi demək olmasa da, Ermənistanın dünyanın iqtisadi-siyasi və hərbi imkanlarına görə nəhəng dövlət ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənədi imzalamasının siyasi-mənəvi statusu əhəmiyyətlidir”.

Zaur Məmmədov qeyd edib ki, hələ 1919-cu ildə ABŞ üçün xüsusi maraq kəsb etməyə başlayan Qərbi Zəngəzurun təhlükəsizliyi, oradakı kommunikasiya-nəqliyyat xətlərinin gələcək aqibəti Vaşinqtonun çətiri altına keçə bilər:

“Ümumilikdə isə Ermənistan və PKK/YPG/PYD arasında əlaqələrin möhkəmləndirilməsi, sərhədlərdə ABŞ və NATO hərbçilərinin yerləşdirilməsi, kibertəhlükəsizlik, peyk və kəşfiyyat texnologiyaları ilə haylara yardım və sair kimi hallar Türkiyə və Azərbaycan da daxil olmaqla, bütün region dövlətləri üçün təhdiddir.

Rusiya və İran üçün ciddi çağırış olan bu saziş fonunda ölkəmizi dəfələrlə təhdid edən cənub qonşumuzun reaksiyası məsələlərlə bağlı Tehranın mövqeyini açıq göstərmiş olacaq. Sözsüz ki, bu reaksiya sərt olmasa, yaxud sərhədlərlə bağlı ölkəmizə qarşı sərt ritorikadan istifadə edən Tehran Zəngəzurda ABŞ hərbçilərinin İran sərhədçiləri ilə üz-üzə durmasına ən sərt üsullarla cavab verməsə, Azərbaycan ictimaiyyətində ciddi gülüş obyektinə çevriləcək. Öz növbəsində, əminəm ki, qonşuların dişsizliyi, ABŞ və Ermənistanın isə çevik davranışları fonunda Azərbaycan regional sabitlik və dövlət təhlükəsizliyinin qorunması üçün Zəngəzur mövzusunu özü həll edəcək. Bu, ABŞ və Rusiya ilə dialoqdan tutmuş, digər resursların işə salınmasına qədər bütün versiyaların nəzərdən keçirilməsi ilə nəticələnə bilər. Top Trampdadır. Görək, buradakı məsələlərə onun reaksiyası necə olacaq”.

Zaur Məmmədov son gəlişmələrdən yarana biləcək mümkün risklərə də diqqət çəkib:

"Birincisi, Ermənistan arxasında Qərbin monitotinq missiyasının olması və ABŞ ilə məlum sazişin imzalanmasından istifadə edərək şərti sərhədlərdə təxribat törədərək, Azərbaycandan revanş almaq üçün hərəkətə keçə bilər.

İkincisi, mümkün müharibədə Ermənistana hərbi-texniki dəstək, maliyyə yardımı edilə bilər, həmçinin digər bütün yardımlar.

Üçüncüsü, ABŞ, məsələn, Tramp dövründə olmasa belə, gələcəkdə erməni diasporunun təsiri və öz maraqlarını əsas gətirərək, Cənubi Qafqazda Ermənistanın genişləndirilməsi üçün bütün variantlara əl ata bilər.

Bütün bunların baş verməməsi üçün Ermənistan dövləti başını qaldırmamış payını almalıdır. Hər bir halda, baş verənlər bütün Cənubi Qafqaz üçün risk və imkanlar yaradır. Risklərin bizim üçün yeni imkanlara çevrilməsi həlli tapılmalı olan birinci dərəcəli məsələ olacaq”.

Analitik əlavə edib ki, İrəvan və Vaşinqton bu addımı ilə Azərbaycan üçün Zəngəzur məsələsinin həllini tezləşdirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər