Moskva Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq prosesini başlatmaq qərarını İrəvanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması kimi qiymətləndirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Ermənistanda AİB-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər. Bəs mövcud vəziyyətin xüsusiyyəti necədir? Ermənistanın Aİ-yə yaxınlaşması barədə danışıqlar uzun müddətdir aparılır, amma yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzv olmaq prosesinin başladılması haqqında qanun layihəsini dəstəkləyərək, hüquqi baxımdan mühüm bir addım atdı. Vəziyyətin xüsusiyyəti məhz budur. Bu, Ermənistan hökumətinin qərarıdır və biz bunu İrəvanın AİB-dən çıxmağa başlaması kimi qiymətləndiririk”, - Rusiya rəsmisi qeyd edib.
Həmçinin Overçuk əlavə edib ki, Ermənistanın Aİ ilə ticarəti AİB-lə ticarətindən dəfələrlə kiçikdir:
“Yeni statistikalar açıqlanıb, 11 ayın nəticələrinə görə, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11.6 milyard, AİB ilə isə təxminən 12 milyard dollar olub. Eyni zamanda, Ermənistanın Aİ ilə ticarəti dəfələrlə kiçikdir və azalır. Bu iqtisadiyyat və reallığın göstərdiyi həqiqətdir”.