Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yol qiyam ittihamı ilə həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, dövlət başçısının olduğu güman edilən avtomobillərdən birinin daxil olduğu karvan iqamətgah ərazisini tərk edərək Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasının Araşdırılması İdarəsinə (CIO) doğru hərəkət edir:
“İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib”.
Xatırladaq ki, Yun Sok Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb. Dekabrın 14-də Koreya Respublikasının parlamenti Prezident Yun Sok Yola impiçment elan edib.
Ötən il dekabrın 31-də Cənubi Koreya məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsinin tələbi ilə prezidentin həbsinə order verilib. Yanvarın əvvəli isə Yun Sok Yolun iqamətgahı önündə birgə istintaq qrupunun nümayəndələri ilə prezidentin mühafizə qüvvələri arasında qarşıdurma yaşanıb.
İstintaq qrupu impiçmentlə səlahiyyətlərinin icrasından müvəqqəti uzaqlaşdırılan Yun Sok Yolu qiyam işi üzrə həbs etmək üçün iqamətgahına yaxınlaşdıqda dövlət başçısını mühafizə edən hərbçilər onların qarşısını kəsib. İstintaq qrupunun nümayəndələri yanvarın 3-də ərazini tərk ediblər.
Lakin yanvarın 7-də Cənubi Koreya məhkəməsi yenidən Yun Sok Yolun həbsinə order verib.