25 May 2015 19:43
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 2-5-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionunun energetika sektorunun ən böyük tədbiri sayılan 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı keçiriləcək.

Regionda neft-qaz sənayesinin əsas hadisəsi olan və beynəlxalq müstəvidə tanınmış platforma sayılan bu sərgi və konfrans iyirmi ildən çoxdur ki, Xəzər regionunun əsas neft-qaz layihələrini və enerji təhlükəsizliyinin təminatını müzakirə etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dəstək göstərilən neft-qaz sərgisində 300-dən çox şirkət iştirak edəcək.

“Iteca Caspian” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və sair tematik bölmələrdən ibarətdir.

İşgüzar proqramın mühüm tərkib hissələrindən biri də Beynəlxalq “Xəzər Neft və Qaz” konfransıdır. İyunun 3-4-də keçiriləcək konfrans Azərbaycan, Böyük Britaniya, Almaniya, Gürcüstan, İran, Türkiyə, ABŞ və bir sıra digər ölkələrdən 500 nəfərdən çox mütəxəssis və yüksək vəzifəli qonağı bir araya gətirəcək. Builki konfransda dövlət strukturlarını təmsil edən 50-dən çox nümayəndənin, eləcə də müxtəlif dünya ölkələrindən aparıcı neft-qaz ekspertlərinin və iri neft-qaz şirkətlərini təmsil edən rəhbərlərin çıxışı gözlənilir.

“Xəzər Neft və Qaz” konfransının plenar iclası “Avrasiya enerji təchizatının təhlükəsizliyində Azərbaycanın rolu” mövzusunda təşkil olunacaq. Plenar iclasda Azərbaycanın energetika naziri Natiq Əliyevin çıxışı nəzərdə tutulur. Həmçinin, konfransda SOCAR-ın prezidenti Rövnəq Abdullayev, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birell və digər şəxslər də çıxış edəcəklər. Konfransda neft-qaz layihələrinin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iri neft-qaz layihələrinin maliyyələşdirilməsi və sabit inkişafının təmin edilməsi, neft və qazın Xəzər regionundan nəqli marşrutlarının diversifikasiyası, energetika vəsaitləri bazasının genişləndirilməsi və yeni imkanların müəyyənləşdirilməsi, Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin edilməsi, habelə Azərbaycanda neft-kimya və neft emalının icmalı və inkişaf perspektivləri kimi mövzulara toxunulacaq.

Sərgi və konfransın builki sponsorları arasında SOCAR, AZFEN J.V., Azeri M-I Drilling, Baker Hughes, Bos Shelf MMC, BP, Caspian Drilling Company, Caspian Geophysical, Caspian Marine Services, Caspian Pipe Coatings, Chelpipe, Cross Caspian, Dentons, Global Energy, Inpex, RussNeft, TPAO, Tekfen Construction, Total, Schlumberger və sair şirkətlər var. Sərgi və konfransın baş media tərəfdaşı “Caspian Energy International Media Group” şirkətidir. Tədbirin təşkilatçıları qismində isə “Iteca Caspian LLC” və onun Böyük britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.


Müəllif:

Oxşar xəbərlər