Ələkbər Məmmədov: “Məqsədlərə çatmaq üçün vergi sistemi qarşısında vacib vəzifələr dayanır”
Vergilər Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Şamaxıda yerləşən Tədris Mərkəzində “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Nazirliyin analitik- informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, konfransda iqtisadçı alimlər, Vergilər Nazirliyinin, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, ali təhsil müəssisələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Qonaqlar əvvəlcə Vergilər Nazirliyinin Tədris Mərkəzinin yeni təmirdən çıxmış inzibati binası ilə tanış olublar. Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov konfransı açaraq tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Bildirilib ki, hazırda Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi və yetkin bazar iqtisadiyyatının qurulması istiqamətində sistemli işlər aparılır və Azərbaycanın hazırki sosial-iqtisadi inkişaf səviyyəsi ona inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyması üçün böyük imkanlar yaradır. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanmış “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz həmin imkanlardan səmərəli istifadə yollarını və inkişafın davamlılığının təmin edilməsi üçün strateji hədəfləri müəyyən edən əsas proqramdır. Konsepsiyada qeyd olunan hədəflərə çatmaq üçün ölkəmizin vergi sistemi qarşısında tənzimləmə məsələlərində daha aktiv vergi siyasətinə keçidin təmin edilməsi, vergi dərəcələrinin optimallaşdırılması kimi vəzifələr qoyulmuşdur. Bu hədəflər vergi siyasətinin səmərəliliyinin artırılması üçün elmi araşdırmaların aparılmasına, əsaslandırılmış nəzəri və tətbiqi xarakterli ideyalara böyük zərurət yaradır.
Onun sözlərinə əsasən, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının məqsədlərinə çatmaq üçün vergi sistemi qarşısında vacib vəzifələr dayanır: “Bununla əlaqədar Vergilər Nazirliyi 22 strateji məqsəd müəyyənləşdirib və hazırda onlara nail olmaq üçün fəal iş aparılır”.
Vergilər Nazirliyi 2021-ci ilədək 22 strateji məqsədə nail olmaq üçün vergi sistemində 85 tədbirin reallaşdırılmasını planlaşdırır. Bura Azərbaycanın vergi qanunvericiliyinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin reallaşdırılması və onu Avropa İttifaqı və Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması, elektron auditin inkişafı, nağdsız hesablaşmaların stimullaşdırılması, elektron kommersiya çərçivəsində vergi nəzarətinin təşkili və s. daxildir.
Ələkbər Məmmədov qeyd edib ki, bu məqsədlər vergi siyasətinin səmərəliliyini artırmaq üçün yeni elmi praktiki ideyalar, eləcə də elmi araşdırmalar tələb edir. Nazirlik rəsmisi müşavir vergi əməkdaşlarının ixtisaslarının artırılması üzrə işlərin vacibliyini vurğulayıb və əlavə edib ki, 2014-cü ildə vergi orqanları əməkdaşlarının 63 faizi müvafiq tədris alıblar: “Konfransın əsas məqsədi elmi işçilər və vergi orqanları əməkdaşları arasında əməkdaşlığın yaradılmasıdır. Qarşımıza qoyulan məqsədlərə elmi metodlarla çatmaq istəyirik, buna görə də elm və vergi sistemi arasında əməkdaşlığı möhkəmləndirmək lazımdır”.
Tədbirdə Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, millət vəkili, professor Xanhüseyn Kazımlı, AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, vergilər nazirinin müşaviri AMEA-nın müxbir üzvü, professor Akif Musayev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev məruzələrlə çıxış ediblər.
Sonra konfrans öz işini sessiyalarda davam etdirib. “İqtisadi inkişaf və vergi siyasəti” adı altında keçirilən birinci sessiyasında vergi siyasəti və iqtisadi stimullaşdırma, iqtisadiyyatın modernləşdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv vergi siyasəti və vergi mexanizmləri, vergitutmada könüllülük prinsipi və partnyorluq istiqamətləri üzrə müzakirələr aparılıb, təqdimatlar dinlənilib.
“Sosial inkişaf və vergitutma adlı ikinci sessiyada müzakirə olunan əsas mövzular isə sosial-iqtisadi bərabərsizliklərin tənzimlənməsində vergi siyasətinin rolu, sosial-əmək münasibətlərinin tənzimlənməsində vergi nəzarəti, korporativ sosial məsuliyyət və vergi öhdəlikləri, vergi mədəniyyəti, vergi vərdişlərinin formalaşmasında təhsilin rolu və s. ilə bağlı olub.
Tədbir çərçivəsində Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında ikitərəfli Sazişlər imzalanıb.
KİV nümayəndələri üçün keçirilən brifinqdə jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
Naibə QURBANOVA