İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda iqtisadiyyat naziri Şahin Mustafayev dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, bu mənfi təsirlərin minimuma endirilməsi istiqamətində görülən tədbirlər və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə məlumat verib.
İclasda bildirilib ki, Prezident İlham Əliyevin sonuncu müşavirələrdə qarşıya qoyduğu vəzifələr bu mürəkkəb xarici iqtisadi mühitdə ölkəmizin sosial-iqtisadi inkişafını təmin edəcək strateji inkişaf proqramıdır. Belə ki, dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı strategiyasının davam etdirilməsi, o cümlədən iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yerli sahibkarlar tərəfindən Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoyulması, ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sosial infrastruktur layihələrinin davam etdirilməsi, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlərin görülməsi, istehlak qiymətlərinə nəzarət və süni qiymət artımının qarşısının alınması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və s. tapşırıqlar verib.
İqtisadiyyat Nazirliyi tərəfindən ötən il görülən işlərdən danışan nazir Şahin Mustafayev qeyd edib ki, sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılmış, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb.
Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili, Neftçala Sənaye Məhəlləsində infrastrukturun yaradılması işləri intensiv şəkildə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılıb və dörd rezident tərəfindən 1 milyard ABŞ dollarından çox investisiyanın yatırılması planlaşdırılır. Artıq Parkın rezidenti “Azertexnolayn” şirkəti dəyəri 45 mln. ABŞ dolları olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalayaıb.
Balaxanı Sənaye Parkında xarici infrastrukturun qurulması əsasən başa çatdırılmış, 4 rezident tərəfindən 10 mln. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.
Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln. dollar olan ilk sifariş yerinə yetirilib və hazırda dəyəri 400 mln. dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır. İndiyədək isə Azərbaycan İnvestisiya Şirkəti tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak etmişdir. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib.
Neftçala Sənaye Məhəlləsində isə yaxın aylarda sahibkarlar tərəfindən ümümi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 iş yeri açılacaqdır. Masallıda Sənaye Məhəlləsinin təşkili üçün hazırlıq işləri aparılır.
Hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da texnoparkların, sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də dəmir filizi hasilatından polad istehsalına qədər bütün istehsal prosesini əhatə edən layihələndirmə işləri davam etdirilir.
İclasda kənd təsərrüfatının inkişafı yolları da müzakirə olunub. Qeyd edilib ki, bu sahəyə dövlət dəstəyi gücləndiriləcək, fermerlərdən pambığın əhəmiyyətli dərəcədə baha qiymətə alınması təmin ediləcək. Ümumilikdə, 2016-cı ildə əvvəlki ildəkindən 80 faiz çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır. Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin genişləndirilməsi bu sahədə çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına və ya 15 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək.
Dövlət başçısının tapşırığına əsasən, tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək. Belə ki, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq.
Həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Tütünçülüyün inkişafı ilə bağlı aparılmış müzakirələrdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), ikinci növü yaş tütünün bir kiloqramını 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər.
İqtisadiyyat Nazirliyində digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə müzakirələr də aparılmış, onların problemləri və təklifləri öyrənilib. Hazırda bu təkliflərin reallaşdırılması üçün tədbirlər görülür.
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatmışdır və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.
İclasda digər regionlarda da yeni iri fermer təsərrüfatlarının, aqroparkların və s. yaradılması imkanlarının araşdırılması barədə Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Naibə QURBANOVA