Aprelin 6-da Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) kütləvi informasiya nümayəndələri üçün "Açıq qapı" günü keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbir BVD-nin yenidən qurulmuş və genişləndirilmiş vergi ödəyicilərinə xidmət mərkəzinin təqdimatı ilə başlayıb.
BVD-nin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin rəisi Ağami Tahirov mətbuat nümayəndələrinə xidmət mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipləri barədə məlumat verib.
Bildirilib ki, xidmət mərkəzinə müraciət edənlərə vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatlar verilir. Burada mobil nömrə vasitəsilə identikləşdirilən, asanlığı və rahatlığı ilə fərqlənən, vergi ödəyicisinin məlumatlarının təhlükəsizliyinə xidmət edən "ASAN imza"nın alınmasında köməklik göstərilir.
Müraciət edən şəxslərin rahatlığını təmin etmək məqsədilə xidmət mərkəzi növbə növbə, qeydiyyat videonəzarət, səsyazma və qiymətləndirmə sistemləri ilə təchiz olunub.
Xidmət mərkəzinin girişində elektron növbə terminalı quraşdırılıb ki, bu da vergi ödəyicilərinə xidmətin təhlil əsasında qurulmasına imkan yaradır.
Sonra vergilər nazirinin müavini Sahib Ələkbərovun iştirakı ilə KIV nümayəndələri üçün görüş keçirilib.
Naibə QURBANOVA