13 Aprel 2016 18:55
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb. Azərbaycan Konsorsiumun Müşahidə Şurasının sədri seçilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağı keçirilib və Azərbaycandan “ADY Express” MMC və “ACSC Logistics” MMC, Qazaxıstandan “KTZ Express” AC, Gürcüstandan “Trans Qafqasus Terminals” MMC Konsorsiuma üzv kimi daxil olub.

Yığıncaqda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun idarəetmə strukturu, Müşahidə Şurasının yaradılması və Şuraya sədr seçilməsi məsələləri də müzakirə olunub.

Aparılan danışıqlar nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun Müşahidə Şurasının yaradılması haqda qərar qəbul olunub. Müşahidə Şurasına konsorsiuma daxil olan hər üzv şirkətindən bir nümayəndə daxil olub.

Müşahidə Şurası formalaşandan sonra, şuraya sədr seçilib. Bu vəzifəyə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov seçilib. Yığıncağın sonunda tərəflər arasında protokol imzalanıb. Eyni zamanı qərara alınıb ki, marşrut üzrə yük qatarlarının hərəkət cədvəli may ayında müəyyən ediləcək.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən “Nomad Ekspress” blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər