21 Sentyabr 2016 12:46
1 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Elton Hüseynəliyev Teleqraf.com-a müsahibə verib. O, yaradıcılığındakı yeniliklərdən, qalmaqal yaşadığı həmkarları Aygün Kazımova və Röya Ayxanla münasibətlərindən danışıb.

- Elton bəy, aparıcı Nanə Ağamalıyeva ilə duet oxudunuz, başqa duet ortaqlarınız olacaqmı?

- Nanə Ağamalıyeva ilə silsilə duetlər oxumağı düşünürəm. Başqa duet ortağım yoxdur. Nanə xanımla klipimizi oktyabrda təqdim edək, görək işimiz necə alınacaq. Ondan sonra düşünərik. Hələ ki, rezonansı bilmirik. Amma düşünürəm ki, mahnı hit olacaq.

- Şou-biznesdə bir çox küsülülər barışdı. Sizin də küsülü olub, barışmadığınız müğənni varmı?

- Hazırda küsülü olduğum müğənni yoxdur. İnsanlar var ki, bir-birini bəyənir, çox sevir, şəxsi simpatiyası var. Amma sonra münasibətlərində soyuqluq yaranır.

- Bir müddət əvvəl Aygün Kazımova ilə qalmaqal yaşamışdınız. Hazırda münasibətiniz necədir?

- İndi yaxşıdır.

- Aygün xanımla siz də duet oxumuşdunuz. İndi isə Rəhim Rəhimli ilə duetini təqdim etdi. Necə qarşıladınız?

- Aygün Kazımova bizim divamızdır. O, kiminlə duet oxusa, yaxşı qarşılanacaq. Çünki fanatları çoxdur. Xüsusilə Rəhimlə dueti çox gözəl qarşılandı. Rəhim çox maraqlı ifaçıdır, gözəl bəstəkardır. Hələ onlardan daha yaxşı mahnı gözləyirəm. Düşünürəm ki, belə layihələrin olması yaxşı haldır. Şou-biznesdə canlanma əmələ gəlir. Aygün xanımın duetini dinləyərkən insan həvəslənir, layihə işləmək istəyir. Bu, rəqabətdir, göstəricidir. Şou-biznesin canlanmasına gətirib çıxarır. Sənətdə ancaq iş-güc, rəqabət olsun. Başqa söz-söhbət olmasın. Amma bunsuz da mümkün deyil (gülür).

- Röya Ayxanla küsülü idiniz...

- Münasibətlərimiz yaxşıdır. Salam-sağ ol yerindədir. Gündə görüşmürük, amma məclislərdə bir araya gəlirik.

- Aygün xanımla yenidən bir araya gələ bilərsinizmi?

- Ola bilsin ki, hə. İnsan bir-birini çox sevəndə hərdən görürsən ki, dava edir. Çox sevdiyindən kimisə acılayır. Bizdə də elə oldu. Biz bir-birimizi çox sevirik.

- Sosial şəbəkələrdə tənqidə münasibətiniz necədir?

- Mənim səhifəm tənqidə açıqdır. Amma heç kim təhqir edə bilməz. Ürək bulandıranlar olanda bloka atıram.

- Mübahisə etdiyiniz sosial şəbəkə istifadəçisi olubmu?

- Mən heç kimlə mübahisə etmirəm. Çox rahat insanam. Özümə nəzarət edirəm. Mübahisə etməyi xoşlamıram. Mübahisə edən zaman aləm bir-birinə dəyir (gülür).

- Ölkəmizdə sentyabrın 26-da keçiriləcək referenduma münasibətiniz necədir?

- Yeni Azərbaycan Partiyasının Rəyasət Heyətinin üzvüyəm. Dövlətimizi, başçımızı sevirəm. Referendum Azərbaycanın xeyrinədir. Bizim istədiyimiz odur ki, xalqımız əmin-aman, firavan yaşasın və biz də baxıb sevinək. Biz musiqiçilər də sakitlik olmasını istəyirik.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər