27 Sentyabr 2016 11:00
2 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyeva ARB TV-nin "Gəlin danışaq" verilişində qonaq olub.

Teleqraf.com-un məlumatına görə, müğənni, bu sənəti seçməsinin ailəsində yaratdığı narazılıqlardan danışıb: "Atam sənətkar idi. Görürdü ki, mənim iç dünyamda nə boyda sənət var. O uşaqlığımla nələr oxuyurdumsa... Atam məni çox gözəl başa düşürdü, amma qardaşlarım gənc idi, istəmirdilər. Böyük qardaşım Ağalar çox ciddi oğlan idi. Heç vaxt icazə verməzdi ki, qız manikürə getsin, icazə verməzdi ki, salona getsin. Ancaq o biri qardaşlarım heç qarışmazdı. Sadəcə olaraq narazılıq var idi. Mənim böyük qardaşım əsəbləşməsin, evdə söz-söhbət olmasın deyə atam düşünüb-daşınıb dedi ki, ailə qurmağın vaxtıdır. Qoy sənin də bu sənətini müdafiə edənin olsun, qardaşın artıq müdaxilə etməsin. Bir çıxış yolu kimi həm də".

N.Dostəliyeva 15 yaşında evlənməsi haqda isə bunları söyləyib: "Misal üçün, bir gənc qızın 15 yaşında ərə getməyinə mən bu gün qəti "yox" deyərəm. Amma mən 15 yaşımda ailə qurdum. Bir sənətlə alışıb yanan övlad oğlandır, qızdır, fərqi yoxdur, mən ona "hə" deyərdim, ona kömək edərdim səhnəyə çıxsın. Mənim o yaşda ailə qurmaq ağlıma belə gəlmirdi. Təsəvvür edin ki, vağzalı çalınır, mən gedirəm, atam çıxdı mənə xeyir dua versin. Mən atama dedim ki, ata, mən hara gedirəm? Atam başını aşağı salıb çox pis oldu. Dedi ki, bala qonaq gedirsən, rayona gələcəksən. Mənim başımı aldatdı. Görür uşağam, heç başa düşmürəm. Deyirəm, papa, tez qayıdım da, nə olar. Yəni bu dərəcə də saf, sadə, heç nədən xəbəri olmayan bir uşağın hara getdiyi belə ona hələ çatmır".

N.Dostəliyeva "müğənnilik" etmək istəyinin həyat yoldaşı tərəfindən də əngəlləndiyini bildirib: "Sözsüz, həyat yoldaşım məndən çox böyük idi. Yaşını deməyəcəm. Allah rəhmət eləsin! Dünyasını dəyişib. Gözəl insan idi. Övladlarımın atasıdı. Mən heç vaxt dünyasını dəyişmiş insanların artıq nöqsanlarını, səhvlərini danışmıram, amma o da mənə icazə vermədi. Elçi gəldikləri vaxt anama demişdilər ki, icazə verəcəyik. Mənim üçün çox gözlənilməz oldu. Ali təhsilli, alicənab bir insan idi. Yəqin ki, o məni başa düşərdi. O da istəməyəndə, mən çox pis oldum, həyat mənim gözümdə bir anlıq söndü. Mən düşündüm ki, mənim taleyimə belə bir qara bəxt yazılıbmış. Mən onu yaşadım. 8 il o həyatı yaşadım. Hətta, 9 ildən artıq. Qəfəsdə çırpınan, qolu qanadı sınan quş kimi çapalayırdım. Eyni zamanda mən 2 övladımı böyütdüm, onların dünyaya gəlməsi mənim üçün stimul oldu yaşam tərzimə".

Müğənni həyat yoldaşından xəyanətə görə ayrıldığını söyləyib: "Onun bircə səhvi ucbatından oldu hər şey. Mən yenə deyirəm, bütün qadınlar onu bağışlayardı, o səhv bütün kişilərdə ola bilərdi, amma mən bağışlamadım. Onun ağlına belə gəlməzdi ki, mən ciddiyəm. Amma mən bir dəfə dedim sözümü. Çünki mən özüm xəyanət etməyi sevmirəm. Əgər mən xəyanət etməyi sevmirəmsə, öz intiharıma belə razı olaram, ancaq mənə edilən xəyanəti bağışlamıram. Bu, bizim ayrılığımıza böyük bir səbəb oldu. Onun heç yatıb yuxusuna da gəlməzdi ki, biz ayrıla bilərik".

Xalq artisti həyat yoldaşı ilə yaşadığı son günü belə xatırlayıb: "Biz 2 dost kimi əyləşdik. Hətta, gözəl bir süfrə də açdım, masaya sarı qızılgül qoydum. O, başa düşmədi ki, nə var, nə yox. O, sadəcə olaraq öz peşmançılığını bildirdi, üzr istədi. Mən isə ona qulaq asmırdım. Bir fikrimi dedim ki, bu bizim son gecəmiz, son içdiyimiz bir stəkan çay, son romantik yaşadığımız həyat olacaq. Ancaq yenə o inanmadı. O, bir vaxt gözünü açdı ki, artıq biz tamamilə ayrı-ayrı adamlarıq".


Müəllif:

Oxşar xəbərlər