29 Sentyabr 2016 17:37
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com milli.az-a istinadən aktrisa Cəmilə Tağızadənin müsahibəsini təqdim edir:

- Cəmilə, bildiyimə görə, sırf kinoaktrisa kimi fəaliyyət göstərirsiz. Niyə teatrda çalışmaq istəmədiniz?

- Bəli, sırf kino sahəsini seçdim. Həvəsim ən çox kinoyadır. Zaman gələcək, mən də teatrda çalışacağam, amma indi yox.

- Nədir sizi qorxuya salan?

- Yox, başqa səbəbi yoxdur, sadəcə mən fiziki olaraq çatdırmaram. Həm filmə çəkilirəm, həm seriala. Bundan başqa, özəl telekanalların birində teleaparıcıyam. Tədbirim, toylarım olur. Kimdir məni teatrda bu qədər gərgin qrafik ilə saxlayıb, yola verən? Ona görə də teatra getmədim.

- Bəlkə, teatrdakı qalmaqallardan, intriqalardan qorxursunuz?

- Mən qalmaqalları sevmirəm, amma qalmaqal haradan olsa gəlib məni tapır.

- İndiyə kimi çəkildiyiniz hansı filmlərdə sırf özünüz olmusuz?

- Hər çəkildiyim film və serialda bir az məndən var. Oynadığım hər obraz mənə özüm qədər doğma gəlir. Bir çox rollarım da mənfidir. Nə yaxşı ki, həyatda mənfi işlər görmürəm (gülür).

- Bəs özünüzü necə xarakterizə edə bilərsiz?

- Özüm haqda çox danışsam, deyəcəklər ki, qız özünü bəyənir (gülür). Onu deyə bilərəm ki, çox rahat insanam. Dava-qırğınları sevmirəm. Sakit həyat tərzinə daha çox üstünlük verirəm, kompromisə gedənəm. Əsas odur ki, mənə pislik edib, hövsələdən çıxarmasınlar.

- Cəmiləni nə özündən çıxara bilər?

- Haqsızlıq. Özümə və başqa birinə qarşı haqsızlıq olunduğunu görəndə dözə bilmirəm. Ona görə də həmişə problem yaşayıram. Çox vaxt insanların tərəfini tutduğum və sözün düzünü dediyim üçün məndən qaçırlar və bəziləri məni sevmir. İnsan dürüst olmalıdır.

- Dostluqda, deyəsən, yarımamısız. Vəfalıları çox olub, yoxsa vəfasızları?

- Vəfasızları. Yaxşı rəfiqələrim də var, amma çox azdır. Mən insanlara çalışdığım qədər yardım etməyi sevənəm. Ən son manatıma qədər kömək edərəm, amma bəzən elə düşünürlər ki, dostluqdan və insanlıqdan istifadə etmək olar. Hətta son zamanlar sosial şəbəkələrdə yardım etmələri üçün insanlar mənə yazırlar. İmkanım olsaydı, vallah, hamıya kömək edərdim. Bizdə elə düşünürlər ki, əgər sən aktrisasansa və tanınırsansa, demək ki, çox zənginsən.

- Bəs serialdan, filmlərdən qazana bilmirsiz?

- Bahalı avtomobil sürüb, bahalı həyat tərzi yaşayanlar onu aktrisalıqla qazanmayıblar. Bizdə bu sahədə bu qədər çox pul yoxdur. Mən aya 10 min qazanmıram ki, bahalı avtomobil də alım. Hansı aktrisa və ya aktyor yerli seriallardan qazanaraq varlanıb? Təbii ki, heç kim.

- Cəmilə, qorxmursunuzmu ki, bu dedikləriniz bahalı avtomobil sürən aktrisalar tərəfindən birmənalı qarşılanmasın?

- Niyə pis tərəfə yozurlar ki? Bəlkə, onların şəxsi və ya ailə biznesləri var? Bəlkə, nəsildən-nəslə ötürülmüş var-dövləti var? Nədən qorxacam ki?

- Bahalı qonorara çəkildiyiniz serialınız olub?

- Bəli, olub.

- Hansı?

- İranda filmdə baş rolda oynamışam. Amma məbləği açıqlamaq istəmirəm.

- Deməli, əcnəbi rejissorlar aktrisaya asanlıqla qonorar verirlər.

- Orada büdcə çox yaxşıdır, bizdə büdcə olduqca aşağıdır. Yazıq rejissorlarımız nə etsinlər, onlara da verilən və təklif olunan məbləğlər budursa. Həm də bu işə rejissor yox, prodüser baxır. Demək, onlara da verilən məbləğ aşağıdır ki, onlar da çox pul verə bilmirlər. Hər halda pulumuzu kəsib, yeməzlər.

- Pul qazanmaq xatirinə çəkildiyiniz ekran işiniz olub?

- Bəli, olub və az olmayıb. Serial, film olub ki, məcburiyyətdən çəkilmişəm, çünki pul lazım olub mənə.

- Çox asanlıqla etiraf edirsiz.

- Mən sözün düzünü deməyi sevirəm, həm də həyatda dürüst biriyəm. Hər şeyi olduğu kimi qəbul edirəm və söyləyirəm.

- Hər hansı rolunuza görə şəxsi həyatınızda problem yaşamısınız?

- Yox, çünki açıq-saçıq rollarda çəkilməmişəm. Ona görə də heç bir problem olmayıb. Açıq-saçıq rollarda çəkilmək fikrim də yoxdur. Sadəcə keyfiyyəti aşağı olan işlərdə işləmişəm. Yalnız onlar məni üzür.

- Həyatda da açıq-saçıq geyinmirsiz?

- Xeyr, çalışıram ki, çox geyinməyim. Onsuz da artıq söz-söhbət çox olur. Amma əvvəllər geyinirdim, indi çox da geyinmirəm. Bəlkə də, zamanla fikirlərim dəyişir. Amma yaraşıb geyinənləri dəstəkləyirəm. Kim necə istəyirsə, geyinsin və həyatını yaşasın.

- Sevdiyiniz şəxs geyimlərinizə nə vaxtsa qadağa qoya bilər?

- Yox, mənə qadağa qoyan insan mənim yanımda ola bilməz. Məni anlayıb başa düşüb, mənimlə birgə bu həyat yolunu addımlayan insan yanımda ola bilər.

- Varmı həyatınızda bir insan?

- Xeyr, hələ ki, təkəm.

- Sevgidə bəxti gətirməyənlərdənsiz?

- Düşünürəm ki, hə.

- Həyatda olmasa da filmlərdə gəlinlik geyinmək nəsibiniz olub. Necə bir hissdir?

- Bəli, film və seriallarda, hətta reklam və fotosessiyalarda da gəlinlik geymişəm. Çox gözəl hissdir.

- Gəlinlik geyinərkən bir arzu tutdunuzmu?

- Yox, sözün düzü. Mən bu cür inanclara o qədər də inanmıram. Rol idi, çəkildim, işimi gördüm, bitdi. "Cehizsiz gəlinlər" serialında da 3 gəlindən birini oynayıram. Serial dramatik janrdadır. Obrazımın adı da Hicrandır. Həm rolum, həm də çəkildiyim komanda çox peşəkardır. Bu obrazım mənə keçmiş rəfiqəmi xatırladır. Hansı ki, biz hal-hazırda onunla danışmırıq.

- Barışmaq fikriniz yoxdur?

- Yox, naxələf insanlar məndən uzaq olsalar, daha yaxşıdır.


Müəllif:

Oxşar xəbərlər