Məşhur müğənni-bəstəkar Emin Ağalarov Rusiyada fəaliyyət göstərən gürcü müğənni Soso Pavliaşvilinin Bakıya gəlməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, Emin Ağalarov sosial şəbəkədə haqqında yazılan şayiələrə və Sosonun Bakıda xeyriyyə konserti verməsinə münasibət bildirib: “Oryolda konsertim bitdi və Kurska gəldim. Burada sosial şəbəkədələrdə və Azeri.today-də haqqımda yazılan məqalə ilə tanış oldum. Təəssüf ki, müsahibədə müəllif adını qeyd etmədiyi üçün adı ilə müraciət edə bilmirəm. Haqqımda yayılan ədalətsiz şayiələrə son qoymaq üçün fikir bildirməyə qərar verdim.
İlk olaraq “Emin Azərbaycan xalqı adından üzr istədi” cümləsindən başlamaq istəyirəm. Müsahibədə fikirlərim təhrif edilib. Mən demişəm ki, Sosodan üzr istəmək istəyirəm. Mənim onu Bakıya dəvət etməyim həmyerlilərim tərəfindən mənfi qarşılanıb. Mən Sosodan xalqımın adından deyil, öz adımdan üzr istəmişəm. Qeyd etmək istəyirəm ki, heç zaman Azərbaycan xalqının adından üzr istəməmişəm və hesab edirəm ki, buna haqqım çatmır. Məqalədəki başlıq jurnalist etikasına və həqiqətə uyğun deyil. Bu məqalə başlıq üzərində qurulub.
O ki, qaldı Sosonun xeyriyyə konsertinə və Bakıya gəlməsinə, bunu təxirə salmaq mümkündür. Amma istərdim ki, bəzi vacib məsələləri diqqətinizə çatdırım.
Azərbaycana girişi qadağan olan sənətçilərin “Jara” və Bakıda təşkil edilən digər festivallara gəlməsi bu cür reaksiya ilə qarşılanmamışdı. Qeyd etmək istəyirəm ki, Soso Azərbaycan xarici işlər nazirliyinin fərdi prosudurundan keçib və rəsmi icazəsini alıb. O zaman hər kəs susub.
Mənim üçün maraqlıdır ki, Soso digərlərindən nə ilə fərqlənir? Qadağa ləğv olunduğuna görə o mənim iştirakım olmadan da Azərbaycana gələ bilər. İndi söhbət onun xeyriyyə konsertindən gedir. Bu konsertin təxirə salmasında ilk olaraq köməyə ehtiyacı olanlar əziyyət çəkəcək. “Bizə Sosonun köməyi lazım deyil” deyən şəxslər, öz uşaqlarınızın həyatı haqqında fikirləşin. Siz Onkoloji Mərkəzdə olmusunuzmu? Xəstəlikdən əziyyət çəkən uşaqları görmüsünüz və valideynləri ilə danışmısınızmı? Köməyə ehtiyacı olan uşaqlara nə qədər maliyyə dəstəyi etmisiniz?
Məni günahlanıdırırlar ki, Sosonun gəlişi ilə bağlı hər kəsdən rəy öyrənməmişəm. Həmin şəxslər bu xeyriyyə konsertinin təxirə salınması məsələsində köməyə ehtiyacı olan uşaqların da fikrini öyərənməyiblər. Ola bilsin ki, onlar bu qərarın əleyhinə olacaqdılar. Aydındır ki, siz mənə deyə bilərsiniz, varlı adamsam və bu cür köməkləri özün də edə bilərsən. Mən cavab verirəm ki, bu köməyi hər gün edirəm. Uşaqlara kömək etmək üçün mənə sizinlə yanaşı Sosonun da köməyi lazImdır. Gəlin hamılıqla yaxşı iş görək. Kim ki, kömək etmək istəmir, kənarda dursun. Kömək etmək istəyənlər isə noyabrın 30-da konsertə gəlsin. Öz həmyerlilərimin hər birinin fikrinə hörmətlə Emin Ağalarov!”.
Qeyd edək ki, Soso Pavliaşvili bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Müraciət müvafiq qaydada nəzərdən keçirilib və ifaçının Azərbaycan ərazisinə daxil olmasına icazə verilib.
Azərbaycan Xarici İşlər Nazirliyi gürcü əsilli rusiyalı müğənni Soso Pavliaşvilinin adını “qara siyahı”dan çıxardı. Müğənni həmin siyahıya 2005-ci ildə Xankəndində verdiyi konsertə görə salınmışdı.
Rəqsanə, Samir