İdmançı Kamil Zeynallının növbəti təhqir etdiyi xanım jurnalist Əfruzə Ağayeva olub.
Teleqraf.com xəbər verir ki, Kamil Zeynallı jurnalist xanımı ona görə təhqir edib ki, o aparıcı Şəbnəmdən açıqlama alıb və işlədiyi saytda yayımlayıb.
Əfruzə Ağayeva açıqlamasında deyib: "Kamil Zeynallı bu sahəyə gələndə istər ondan, istər həyat yoldaşından açıqlama alan, onlar haqqında yazan jurnalistlərdən biri də mən olmuşam. Mənim niyə şəklimi paylaşıb, küçə söyüşləri söyüb? Çünki aparıcı Şəbnəmi və rəhmətə gedən anasını söyüb. Bizim də hüququmuz var ki, bu yazını bir tərəfli verməyək və aparıcı Şəbnəmin də açıqlamasını alaq. Aldıq və hər ikisinin açıqlamasını yazdıq. Bu insan gecə telefonuma zəng edib və sms yazıb ki, aç telefonu yoxsa acığımı sənin rəhmətə gedənlərindən çıxacağam. Mən həqiqətən yatmış olmuşam, yatanda da çox insan kimi telefonumu səssizə qoyub, yatıram. Gecə yarı idi evdəkilərin telefonuna bir rəfiqəm yığıb məni ayıltmağı xahiş etdi, sonra telefonuma gələn mesajları gördüm, instaqrama girib şok oldum. İnsan necə biri olmalıdır ki, bilə-bilə mənim valideynlərim rəhmətə gedib, onları söysün. Şəbnəmdən üzr istəyir, deyir bilmədim anası ölüb. Bəs mən? Mənim valideynlərimin rəhmətə getməsini bilirdi axı.
Keçən dəfə belə bir problem olmuşdu, üzr istəmişdi ki, bilməyib. Bəs, ay Kamil, sən özündə qız övladı böyüdürsən, anan, həyat yoldaşın, sevdiklərin var. Allahdan heçmi qorxmursan? Həmin gecə əlimi Allaha qaldırıb, tək bir şey istədim ki, bu haqsızlıq yerdə qalmasın. Mən necə böyümüşəm, necə uğur əldə eləmişəm bunu ən azı ətrafımdakılar bilir. Ancaq hamı Kamil üçün nələr yazır, nələr deyir onu da hər kəs yaxşı bilir. Mən onu söyməyəcəm, çünki ailə tərbiyəm, səviyyəm var. Qadın söyüş söyməz, yaraşmaz. Qanun var, artıq məhkəməyə müraciət etmişəm, sonuna kimi də gedəcəm ki, Kamil bir də heç bir qadını qardaşsız, atasız bilib təhqir etməsin. Heç bir kişiyə yaraşmaz ki, Azərbaycan qadınını söysün, şəklini paylaşıb, səhifəsində olanlara da söydürsün. O şəklin altına əksər kişilər yazmışdı ki, xanımdır, şəklini paylaşmaq, söymək düzgün deyil.
Kamil Zeynallı deyir burada mənəm, Bağdadda kor xəlifə. Mən hər birinizi söyə bilərəm, amma siz susun və qələt etməyin. Bu insanı dayandırmaq lazımdır".