"Flame Towers"də "Niyə" komediya filminin qala gecəsi baş tutub.
Teleqraf.com xəbər verir ki, filmdə baş rolları aktyorlar Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyev canlandırıb.
İllər sonra Müşfiqlə bir araya gələn Fərda Xudaverdiyev iş birliklərindən danışıb: "Nəhayət ki, 10 ildən sonra birlikdə filmə çəkildik. Biz Müşfiqlə bir çox səhnələri bölüşmüşük. İllər əvvəl "Niyə" adlı layihəmiz vardı. Bizi yenidən bir arada görmək istədilər. Ssenarini yazdım və Müşfiqlə birlikdə oynadıq".
Fərda filmdən əldə etdiyi qonorarın qanedici olduğunu deyib: "Qonarar dünya standartlarından çox-çox aşağı olsa da qane edicidir. Sözsüz ki, bizə verilən qonarar qane etdi ki, bu qədər əziyyətə qatlaşdıq. İşimizi sevə-sevə görürük. Mən və Müşfiq o qədər pulsuz işləmişik ki, indi cücərməyə başlamışıq".
Aktyor Müşfiqlə münasibətinin hər zaman yaxşı olduğunu bildirib: "Bu o demək deyil ki, biz "Niyə" filminə çəkilənə qədər danışmırdıq. Sadəcə birlikdə fəaliyyət göstərmirdik. İnşallah birlikdə yeni layihələr də edəcəyik".
Komediya aktyoru filmin kadr arxasında baş verənləri açıqlayıb: "Çəkiliş zamanı incikliklər də olur. Hazırda onlardan danışıb, qan qaraltmaq istəmirik. İş prosesidir və hər şey ola bilər. Rejissorun, aktyorun öz kaprizi var".
Fərda həmkarlarının filmlərinə də söz atıb: "Normal baxış sayı olan filmlər var. Ancaq mən onların bəzilərinə baxıb gülməmişəm. Hər birimiz tamaşaçı üçün işləyirik".
Müşfiq Şahverdiyev isə filmin uğur qazanacağını vurğulayıb: "Filmdə çoxlu zarafatlar var. Çox uğurlu alınıb. Fərda ilə 2003-cü ildə eyni səhnəni bölüşmüşük, 2007-ci ildə isə film çəkmişik. Bu sektorda bir çox insanlar bizim dostlarımızdır. Bundan sonra da filmlərin çəkilişini davam etdirəcəyik. Biz bir-birimizin uğuruna sevinirik. Amma sağlam rəqabət deyilən bir anlayış var. Təbii ki, bizim filmlərimizin digərlərindən daha baxımlı, gülməli və keyfiyyətinin daha yaxşı olmasını istəyirik. Tamaşaçı Fərda və Müşfiqi qəbul edib və sevib. Biz səhnədə yeganə aktyoruq ki, bir-birimizi başa düşürük".
Rəqsanə