24 İyul 2017 17:44
3 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdə ən sıravi istifadəçidən tutmuş məşhur simalara qədər hamı bitməyən toy adət-ənənələri və lazımsız xərclərlə bağlı bir status paylaşır.

Kulturoloq Aydınxan Əbilov Teleqraf.com-a danışarkən, gərəksiz toy adət-ənənələri və lazımsız məsrəflə bağlı danışılan fikirlərə münasibət bildirib:

“Azərbaycan xalqının bəşəriyyət tarixindəki yerini və mövqeyini göstərən milli dəyərlərdən biri də toy və toy mərasimləridir. Araşdırmalara görə, toyla bağlı ümumilikdə 105-ə yaxın mərasim keçirilir. Bunlar elçilik, nişan, xınayaxdı, gəlingətirdi və s. kimi mərasimlərdir. Bu mərasimlərin böyük əksəriyyəti hələ də yerinə yetirilir və bu mərasimlərin hərəsinin öz ictimai, sosial, iqtisadi-məişət tipli əsasları vardır. Bəzən insanlar bir-birilə qohum olduğu zaman yalnız iki gəncin sevgisini yox, həm də nəsillərarası və bəzən dövlətlərarası əlaqələri möhkəmləndirmək üçün toydan siyasi vasitə kimi istifadə edirlər.

Bəzən hətta iki nəsil arasında olan qan davasını belə insanlar öz övladlarını evləndirməklə aradan qaldırırlar. Bütün bu mərasimlər möhkəm ailə bağları qurmaq və boşanmaların qarşısını almaq üçün düşünülüb. Keçmişdə bu mərasimlərin əhəmiyyəti daha böyük idi. Həm də insanların buna vaxtı, zamanı var idi. Həm də o vaxtlar sosial media, internet və s. yox idi. Toy həm də kütləvi informasiya vasitəsi rolunu oynayırdı. İnsanlar sosiallaşır, bir-birilə xəbərləri paylaşırdılar.

Toylarda nəmər atılırdı, gənclər bu yığılan nəmərdən, puldan öz sosial rifahlarını yaxşılaşdırmaq məqsədilə istifadə edirdilər. Əslində, bütün bu mərasimlər çox əhəmiyyətlidir. Lakin o vaxtlar toy etmək üçün elə də böyük pul tələb olunmurdu.

Yadımdadır, hətta mənim bacımın toyunda qohumlar yığışıb gəlib yeməkləri bişirirdilər, çadır qururdular. O zamanlar hətta çalğıçıların da əksəriyyəti toyda iştirak edər, köməklik göstərər və hətta pul almazdılar.

Lakin XX əsrin sonu, XXI əsrin əvvəli bunlar hamısı artıq kommersiyalaşdırıldı. Xınayaxdı şirkətlərindən tutmuş, şadlıq saraylarına qədər hamı artıq toylara maddi maraq göstərir. Sosiallaşmanı internet əvəz elədi. Ona görə bu tip mərasimlərin bəziləri öz rolunu itirməyə, artıq aradan çıxmağa və toylarımız Avropa mədəniyyətinə doğru getməyə başladı.

Bizim toyların əksəriyyəti artıq diskotekanı xatırladır. Artıq toylar əyləncə xarakteri daşıyır. İnsanlar 50-100 man pul ataraq, əylənirlər. İndi bu ənənləri yenidən dirçəltmək istəyən insanlar sırf öz maddi marağını güdənlərdir.

Bununla bağlı bir neçə dəfə islahatlar aparılmasına cəhd göstərildi. İstər yaslarda, istər toylarda lazımsız xərclərin azaldıması məqsədilə televiziya və KİV-də xeyli maarifçilik tədbirləri görüldü. Lakin hələ də bu sadələşmə tam lazımi formada deyil və inanmıram ki, yaxın gələcəkdə bu problem düzələ. Çünki insanların maddi vəziyyəti o qədər də yaxşı deyil. Cəmiyyət özü silkələnməlidir. Bunun qarşısını almaq üçün hər birimiz addım atmalıyıq.

Məsələn, mən söz vermişəm ki, uşaqlarımın toyunda maksimum 80-100 nəfər qonaq çağıracağam ki, insanlar baxıb ibrət götürsünlər. Hətta bəzi dostlarıma indidən deyirəm ki, sizin toyunuza gəlmişəm, amma sizi uşaqlarımın toyuna dəvət etməsəm, narahat olmayın”.

Sosial şəbəkələrdə yüzlərlə insanın paylaşdığı, Sevinc Şabanova adlı istifadəçinin müəllifi olduğu həmin statusu nəzərinizə çatdırırıq:

Xaricilərdə evlənmə:

- Flört.
- Birlikdə yaşama.
- Ailələrin tanışlığı.
- Nikah.
- Ailə və dostlarla kiçik mərasim.
- Bal ayı.
- Normal həyata dönüş.

Bizdə evlənmə:

- Evdəkilərdən gizli tanışlıq, orda-burda görüşmə.
- Qızın oğlanla görüşdüyünü etiraf etməyi. Evdə gərginlik, dava-qırğın.
- Ananın birtəhər atanı yola gətirməyi.
- Oğlanın nəslini araşdırma.
- Arvadların tanışlığa gəlməyi.
- Kişili-arvadlı elçilik.
- Həri.
- Söz-söhbət (həridə eltinin anasının iştirak etməməsi)
- Nişan bazarlığı (tanımadığın qadınlar sənə alt-paltarı alır)
- Nişan
- Dava (ucuz qızıl dəsti alınıb, qolbaq nazik olub, oğlan üçün alınan pijama bəzəkli deyil)
- Qurbanlıq (qırmızı ayaqqabılı qoyun)
- Dava (qoyunun qanı yaxşı axmadı)
- Qızın ad günü
- Söz-söhbət (baldız göz süzdürüb)
- Ev bəzəmə (cehizə görə borca girmə, atanın fikir eləməyi, qayınananın bəyənməməyi)
- Gəlinliyin seçilməsi (oğlan zəng vurur: sinəsi açıq olmasın haa)
- Xına (10 barmağını havaya tutub xınalı gəzmə, ovuca baş hərf yazılma, qızın başına fırlanma)
- Yolkəsdi
- Gəlinaparma (qapının ağzında oynamaq)
- Toy (dünyanın xərci, 85 cür təam, heç vaxt üzünü görmədiyin adamların “ot duşı” şıdırğı oynamağı)
- Toyda dava (oğlanın yeznəsinin bacanağı qızın xalası oğlunun bibisi nəvəsinin musiqi sifarişinə icazə verməyib)
- Toydan sonra dava (baldız niyə ağ geyinmişdi, gəlin tək olar)
- Yengə
- Üçgünlük
- Bal ayı (oğlangilin kəndinə nənəsinin əlini öpməyə getmək)
- 1 ay sonra: bişey-mişey var?
- 1 il sonra: niyə qız doğmusan? Oğlan doğ, nəsil davam eləsin, sən də yerini bərkit...
- 5 il sonra: oğlan tərəfin hələ də toy xərclərini, qız tərəfin cehizin kreditini ödəyib qurtara bilməməsi...


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər