Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə ötən gecə sevgilisi tərəfindən güllələnərək öldürülən Vətən Şaşmazdan yazıb.
Teleqraf.com xəbər verir ki, aparıcı mərhumla ötən il tanış olduğunu və dostluq münasibətlərinin yarandığını qeyd edib:
“Dünən ölüm xəbərini aldıq və çox pis olduq. Onunla tanışlığımız Antalyada - 15 iyul mitinqində olmuşdu. Bizi Doğuş tanış etmişdi. Gülərüz, zarafatcıl biri idi. Həyat yoldaşı Yasəmənə görə də çox pis oldum, sevdiyi insanı itirdi. Bir qadın üçün həyat yoldaşının və sevdiyi şəxsin otel otağında sevgilisi tərəfindən öldürülməsi xəbərini almaq nə qədər ağırdır...
Eşq və nifrət... Çox gözəl deyilib, eşq və nifrətin arasında bir addım var. İnsan sevdiyinə necə qıya, ölümünü necə istəyə bilər? Heç bir kişiyə belə ölüm, heç bir qadına da belə ölüm xəbərini almağı arzulamıram.
Üzüldüyüm digər tərəf isə Yasəmənin hamiləliyidir. Bu vəziyyətdə bu pis xəbəri alması, Vətənin özündən sonra ona heç vaxt unuda bilməyəcəyi xatirələr buraxıb getməsi... Və dünyaya gəlib atasını görə bilməyəcək o günahsız körpə... Başın sağ olsun, Yasəmən, yanındayıq”.
Xatırladaq ki, dünən İstanbulun Beşikdaş rayonu ərazisindəki məşhur otellərdən birində tanınmış teleaparıcı Vətən Şaşmazın və onun sevgilisi Filiz Ağərin cəsədi tapılıb.
Polisin ilkin ehtimalına görə, Şaşmaz sevgilisi, model Filiz tərəfindən belindən güllələnərək öldürülüb. Daha sonra model öz başına atəş açaraq intihar edib.