“Uşaqlıqda biz dörd qardaş “kino-kino” oynamağı çox xoşlayırdıq. Məhəllə uşaqları da bizə qoşulurdu. Seçdiyimiz bir filmdən epizodları aramızda bölüşürdük. Obrazları oynayırdıq, əks tərəf çalışardı ki, kimi canladırdığımızı tapsın. Nədənsə məndə hər şey yaxşı alınırdı. Göstərdiyim səhnəcikləri tapırdılar. Ona görə də adımı artist qoymuşdular”.
Avqustun 2-də xalq artisti, sevilən aktyor Fəxrəddin Manafovun doğum günü idi. Bu sözləri isə mətbuata müsahibə verməyi sevməyən aktyor Nərgiz Cəlilovanın “Pəncərə” verilişində qonaq olarkən söyləmişdi. 59 yaşını qeyd edən aktyor verilişdə maraqlı uşaqlıq xatirələrindən danışmışdı:
“Ümumiyyətlə, keçmişə qayıtmaqla aram yoxdur. Zəhləm gedir. Amma uşaqlığımdakı bəzi anları unutmaq olmur. Yadıma gəlir ki, Həsənabad kəndində böyük bir göl vardı. Adamlar ora “mayofka”ya gedirdilər. Yanılmıramsa, mənim 4-5 yaşım olardı. Bütün uşaqlar çimirdi, həmçinin mənim böyük qardaşım da. Amma mənə suya yaxın getmək qadağan olunmuşdu. Bir anlıq mənə elə gəlirdi ki, özümü suya atsam, çimə biləcəyəm. Özümü suya atdım, hiss etdim ki, suyun dibinə qədər getdim. Suyun altinda iki güclü ayaq məni sıxıb, saxladı və sudan çıxardı. Məlum oldu ki, bu qardaşım imiş. Böyüyəndən sonra bildim ki, həmin göl dizdən imiş... Qəribdir, uşaqlıqda adama hər şey böyük görünür. Əsgəran qalasına gedib, əllərimi qalanın divarlarına qoymağı çox sevirdim. Qocalardan kimsə bizə demişdi ki, qulağınızı qalanın divarına dayasanız, qılınc və qışqırıq səslərini eşidərsiniz. Biz də qulağımızı saatlarla qalanın divarına dayayırdıq. Doğrudan da səslər gəlirdi... Onu eşitmək istəyirdik, ona görə də eşidirdik. Bir-birimizə deyirdik ki, mən bunu eşitdim, mən onu eşitdim. Sonra yadıma gəlir, zoğal yığırdıq... Uşaqlıq xatirələri gözəldir”
Qeyd edək ki, Manafov Fəxrəddin avqustun 2-də, 1955-ci ildə Xankəndində dünyaya gəlib.
1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.
1989-1993-cü illərdə “Yuğ” Dövlət Teatrında aktyor vəzifəsində çalışıb. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi filmlərə çəkilir.
1987-ci ildə əməkdar, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
F.Manafov “Əlvida, cənub şəhəri”, “Ölsəm... Bağışla”, “Təhminə”, “Gecə qatarında qətl”, “Otel otağı”, “Hökmdarın taleyi” kimi filmlərdən tamaşaçılara yaxşı tanışdır.
tabloid.az