Bazar günü Türkiyənin həyatında önəmli hadisə - prezident seçkiləri keçirildi. Bu seçkilərdə Rəcəb Tayyib Ərdoğan baş nazir postunu tərk edərək prezident vəzifəsinə seçildi. Eyni zamanda, ölkənin birinci xanım statusunun kimin daşıyacağı məlum oldu.
Teleqraf.com tabloid.az-a istinadən 36 ildir Rəcəb Tayyib Ərdoğanla evli olan, nəhayət Türkiyənin 12-ci birinci xanımı statusunu daşıyan Əminə Ərdoğanı oxucularla daha yaxından tanış edir:
Əminə Ərdoğan əslən siirtli və ərəb mənşəlidir. Əminənin 1904-cü il təvəllüdlü babası Hamdi Ali Gülbaran gənc yaşlarında Siirtdən İstanbula köç edir. 1926-cı ildə dünyaya gələn oğlu Camalı çox çəlimsiz və sısqa uşaq olduğu üçün 2-ci sinifdən məktəbdən çıxarır. Çox keçmədən onu döşəmə emalatxanasında öz həmyerlisinin yanında şagird kimi işə düzəldir. Camal çox çalışqan və zəhmətkeş uşaq olduğu üçün tez zamanda müdirin gözündə ucalır. Hətta emalatxananın sahibi Mehmet Sabri Əfəndi 1921-ci ildə dünyaya gələn qızı Hayriyyəni Camala ərə verir. Hər iki gənc yazmağı və oxumağı bilməsələr də, onlar üçün bunun əhəmiyyəti yox idi. Bir-birilərini çox sevdikləri üçün yaxşı yola gedirdilər. Camalın ailəsi kasıb olsa da, həyat yoldaşının yaxşı cehizi və ailəsinin dəstəyi sayəsində heç nədən korluq çəkmirdilər. Lakin ailədə uşaqların sayı artdıqca çox xoş sayılmayacaq həyat sürmək məcburiyyətində qalırlar. Çox sosial olmasalar da, qonşuluq münasibətlərinə önəm verən insanlar olublar. Məhəllənin qadınları arasında Ərəb Hayriyyə olaraq tanınan Gülbaran xanım gülər üzlü və yardım sevər bir qadın olub. Camal Gülbaran isə çayxanaya getməyən, evdən işə, işdən evə gedib-gələn sakit bir kişi olub.
Əminə Ərdoğan (Gülbaran) 21 fevral 1955-ci ildə İstanbulun Fatih rayonunda 5 uşaqlı ailədə andan olub. O, ailənin ən kiçik uşağıdır. Ailənin ən ərköyün, yeganə qız övladı olan Əminə hələ kiçik yaşlardan seçilirdi.
Həddindən artıq naza öyrəşən Əminənin taleyi uşaqlıqdan həll olunmuşdu. Ona Türkiyə dövlətinin həyatında önəmli rol oynayan siyasətçi, baş nazir R.T.Ərdoğanın, indi isə prezidentin xanımı statusunu daşımaq qismət olur.
Əminə Ərdoğan təhsilə Zeynəb Kamil ibtidai məktəbində başlayıb. Daha sonra təhsilini Mithatpaşa Axşam Sənət məktəbində davam etdirir. Lakin buradakı təhsilini tamamlayıb-tamamlamadığı bəlli deyil.
“Qardaşım mənə başımı bağlamalı olduğumu deyəndə, intihar etmək fikrinə düşmüşdüm".
Ən böyük qardaşı Hüseyn 1970-ci ildə Əminə 15 yaşına dolanda başını örtməsini, qapanmasını istəyir. Böyük qardaşının sözündən çıxa bilməyən Əminə Ərdoğan məcburiyyət qarşısında qalaraq könülsüz şəkildə ona tabe olur. O, açıqlamasında bir dəfə buna görə, hətta intihar etmək istədiyini etiraf etmişdi: “Qardaşım mənə təhsilə son qoymalı və başımı bağlamalı olduğumu deyəndə, intihar etmək fikrinə düşmüşdüm. Günlərlə oturub ağlayırdım. Başımı necə bağlaya bilərəm?! Ətrafımda bir dənə də olsa, örtülü tanışım yox idi. Kənddə yaşasaydım, anlamaq olardı... Orada çox diqqət çəkməzdim. Amma İstanbul kimi şəhərdə bunu edə bilməzdim. Bu qarışıq duyğular məni Şulə Yüksəl Şənlərlə tanışlığa apardı. Bu tanışlıq məni çox təsirləndirdi. Beləliklə də, bir müsəlman xanımın həm müasir düşüncəli, həm də mədəni ola biləcəyini gördüm. Həmin andan etibarən örtünməyə qərar verdim”.
Əminə Gülbaran 16 yaşında başını bağlamağa qərar verir. Əslində, gənc Əminənin başını örtməsi Türkiyənin o dövrdə təəssübkeş təbəqə arasında aktual siyasi hadisələrlə də yaxından bağlıydı. Süleymançılar, Nurçular, Nəqşbəndilər xüsusilə AP-də özlərini təmsil etmək imkanı tapmışdılar.
1967-ci ildə Türkiyə Palatalar Birliyinin Baş Katibi Nəcməddin Erbakanın Türk Ev Qadınları Dərnəyinin keçirdiyi bir gecədə “Müsəlman xanım iqtisadi həyatda iştirak edə bilər” cümləsi mübahisə yaratmışdı. Hicabla bağlı ilk aksiya 1968-ci ildə Ankara İlahiyyat Fakültəsində reallaşmışdı. 1970-də yaradılan Milli Nizam Partiyası ilə birlikdə “Müsəlman qadının geyimi” də müəyyənləşdirmişdi. Yüksəl Şənlərin baş örtmə şəklinə günəş eynəkləri və trençkot əlavə etməsi, palto və manto ənənəsinin başlanğıcını qoyur. Şənlərin qurduğu “İdealist Qadınlar Dərnəyi” bir çox gənc qız üçün sosiallaşmanın əsas yollarından biri idi. Bu, gənc Əminəyə də aid edilirdi.
Əminə xanım məhz belə bir şəraitdə hicab bağlasa da, balıq bürcünün aşıladığı romantik hissləri hər zaman içində daşıyır. Gəncliyi boyunca cib romanları oxuyub, qarderobunun içindən kiçik açıqcalar asardı. Türk Sənət Musiqisini də çox sevirdi. Əməl Sayının, Ajda Pekkanın mahnılarını dinləyirdi. Nəcib Fazil Kısakürek sevimli şairlərindən biri idi. Said Nursinin “Nur Risalələri” olmaq üzrə bir çox dini əsərlər Əminənin xətm etdiyi kitablara daxil edilə bilər.
Əminənin evlilik çağı gələndə elçilər gəlməyə başlayır. Amma o, bütün elçilərini rədd edirdi. Çünki özü öz seçimi çoxdan etmişdi. Əminə ən başda aşiq olduğu bir kişi ilə evlənmək istəyirdi. Ancaq dini görüşləri və təəssübkeş ətrafı üzündən heç zaman flirt etməyib. Aşiq olduğu kişi ilə evlənmək fikrini ana və atasından nümunə götürmüşdü. O, valideynlərinin bir-birini sevərək evləndiyini bilirdi. Türkiyə mətbuatı yazır ki, Əminə cənub-şərqli kişilərin çox sərt qayda-qanunlar qoyduğuna, şərq ənənələrini çox qatı hesab etdiyinə görə, belə bir kişi evlənmək istəmirdi. O, hər şeydən çox təhsilli bir bəy arzu edirdi.
Əminə xanım bu arada ŞüləYüksəl Şənlər ilə tanışlığını xeyli möhkəmləndirir. Hətta Şənlər tərəfindən yaradılan “İdealist Xanımlar" Cəmiyyətinin ikinci başçısı vəzifəsinə qədər yüksəlir. Eyni zamanda, kasıblara yardım üçün bir çox işlər görürdü.
Yuxusuna haram qatan yaraşıqlı bəy
Türkiyənin hazırkı birinci ledisi gələcək həyat yoldaşını yuxusunda görür. O, yuxusunu Şule Yüksək Şənlərə belə danışmışdı: “Gecə yuxumda yaşlı, cübbəli, saqqallı, başında əmmamə olan bir zat gördüm. Əlini uzadıb birini işarə edirdi. “Sən bununla evlənəcəksən” deyirdi. Heç tanımadığım ağ kostyumlu, qədd-qamətli, çox yaraşıqlı biri idi”.
Yuxuda görülən ağ kostyumlu cənab Rəcəb Tayyib Ərdoğan idi. R.T.Ərdoğan o vaxtlar siyasətdə sürətlə irəliləyir və özünə parlaq gələcək vəd edirdi. Natiqlik məharəti sayəsində İslama həsr olunan iclaslarda məruzələrlə çıxış edir, konfranslara qatılır, gecələrdə şeirlər oxuyurdu. MSP İstanbul Gənclik Qolları Sədri vəzifəsinə qədər yüksələn gənc Tayyib Nəcib Fazil Kısakürekə heyranlığı və dövrün sürətli hərəkatı Akıncılarla yaxınlığı ilə tanınırdı. Yuxarıdakı yuxu da Akıncılar Cəmiyyətinin konfransı zamanı gerçəkləşir. Belə ki, 22 yaşlı Əminə tribunada danışan natiqin yuxusunda gördüyü adam olduğunu fərq edərək böyük bir çaşqınlığa düşür. Eyni vəziyyət gənc Tayyib üçün də keçərli idi, o da ən ön sırada oturan gənc qadının kimliyi ilə yaxından maraqlanırdı. İkisini də tanıyan Şule Yüksəl Şənlər bu xeyirli iş üçün vasitəçi olur. Amma arada Tayyib Ərdoğanın anası Tənzilə xanım kimi ciddi bir maneə var idi. Çünki Tənzilə xanım oğluna qaradənizli və çarşablı bir qız tapmışdı. Vəziyyəti belə görən Şulə Yüksəl Şənlər gənc siyasətçini qarşısına alıb bunları deyir: “Bax Tayyib, çox fəal bir insansan, gələcəyin parlaq görünür. Sabah yüksək vəzifəli şəxslərdən biri olacaqsan. Sənin yanında çadralı bir xanım ola bilməz”. Gənc Tayyib Şənləri dinləyir və mübarizə apararaq axırda anasını razı salır. Cütlüyün toyu 1978-ci il 4 iyul ayında baş tutur. Bu evlilikdən Əhməd Burak Ərdoğan, Sümeyyə Ərdoğan, Nəcməddin Bilal Ərdoğan, Əsra Ərdoğan adlı 4 uşaq dünyaya gəlib.
Əminə Ərdoğan və Rəcəb Tayyib Ərdoğanın toy fotosu
Ancaq burada bir lətifəyə toxunmadan keçə bilmərik. Məsələ burasındadır ki, Tayyib Ərdoğan Şənlərin “Çarşablı bir qadınla evlənərək heç bir vəzifəyə yüksələ bilmərsən” sözünə qulaq verərək, çadralı qadını, hicablı qadına dəyişmişdi. Mahiyyət etibarı ilə aradakı fərq böyük deyil. Yazılanlara görə, Tayyibin Əminə ilə evliliyi onu 1991-ci ildə millət vəkili olmaq şansından məhrum etmişdi. Dolayısı ilə Əminə Ərdoğan ərinin məğlubiyyətinə yol açır. R.T.Ərdoğanın anası da uzun müddət təzə gəlinə isinmir. Münasibətləri ürəkaçan olmasa da, Əminə hər vəchlə qayınanasının qılığına girməyə can atırdı.
Evlilik illərinin ilk vaxtlarında gənc Əminə həyat yoldaşını müşayiət etmirdi. 1991-ci ildəki məğlubiyyətindən sonra Ərdoğan qadın səsverməsinin gücünü kəşf edir, 1994-cü ildə o, həyat yoldaşı birlikdə səsvermədə iştirak edir. Buna görə də, gənc siyasətçi həmin il bələdiyyə seçkilərinin səsverməsində qalib gəlir. Əminə Ərdoğan həyat yoldaşının İstanbul Böyükşəhər Bələdiyyə Sədrliyi dövründə də dövlət qurumlarını xeyriyyə işlərinə yönəltmək üçün böyük səy sərf edir. Hətta xeyriyyə məqsədli olaraq İstanbul iş dünyasının qabaqda gələn isimlərinin həyat yoldaşları ilə nahar edir, gəmi turlarında iştirak edirdi.
Rəcəb Tayyib Ərdoğan baş nazir olandan sonra Əminə xanım bir müddət arxa planda qalmağı üstün tutur. Bu, əslində məcburi idi. Çünki hicablı Əminə dövlət protokollarına uyğun gəlmirdi. Əminə Ərdoğan bunun əvəzinə partiyanın tədbirlərində iştirak edirdi. Həyat yoldaşı ilə birlikdə yoxsul evlərini ziyarət edir, daha çox baş nazirin iştirakında görünürdü. Buna baxmayaraq, öz sözünü deməyi bacardığı üçün partiya daxilindəki qadınlar arasında sözü keçirdi. O, “Müasir Türkiyənin Müasir Qızları” kampaniyasında iştirak edir, hətta qızlarını məktəbə göndərməyən ataları təhsilin vacibliyinə inandırmaq üçün ölkənin ən ucqar kəndlərinə səfərlər edirdi. Daha sonra narkotiklə mübarizə kampaniyalarına qatılır və Üsküdarda qardaşının həyat yoldaşı Səadət Gülbaranın rəhbərlik etdiyi İctimai İnkişaf Mərkəzinin hamisi olur.
O, Misir səfərində ölkənin ən nüfuzlu jurnalına verdiyi müsahibəsində bu haqda danışıb:
“Türk qadını əslində bütün dünyadakı qadınlar kimidir. Sosial problemləri eynidir. Məsələn, təhsil və səhiyyə standartlarının səviyyəsini yüksəltmək, bütün sahələrdə bərabər imkanlar... Türk qadını da adət-ənənə adı altında ədalətsizlikdən əziyyət çəkir.
Qadına qarşı zorakılığın qarşısını almaq və cəzalandırmaq üçün Türkiyədə güclü qanunlar qoyulub. Qadınların iş dünyasında daha fəal olmaları üçün və iş həyatına qatılmalarını təmin etmək üçün kreditlər və müavinətlər tətbiq olunur. Qadınların siyasi sahədə, dövlət qurumlarında və hökumət orqanlarında təmsilçiliyi getdikcə artır. Ancaq qadınlar yenə təşəbbüsü öz əllərinə almalıdır. Beləliklə, problemlər daha sürətlə həll olacaq. Bu zaman gələcək üçün şansımız və ümidlərimiz də artar. Bütün dünyadakı qadınların ortaq problemləri var və biz bu problemlərin kollektiv tədbirlər yolu ilə daha asan həll olunmasına inanırıq. Bu baxımdan, ortaq problemlərin həllində qadın həmrəyliyi və yaxın əməkdaşlıq etməyimiz çox əhəmiyyətlidir”.
Bu fəaliyyət tədricən oturaq hal alır və Əminə Ərdoğanın həyata keçirdiyi layihələri mətbuatda yer alır. Amma Əminə Ərdoğan bu fəaliyyətləri ərzində heç vaxt siyasət məcrasına yoluxmur, arxa planda qalmağa üstünlük verir. Partiya daxilində sözünün keçdiyi sahələr isə səhiyyə və qidalanma məsələləri və xeyriyyə işlərindəki fəaliyyətləri olur.
Baş nazir xanimi olsa da, hər zaman sadə davranır. Hərçənd ki, geyim-kecimində getdikcə lüks və bahalı aksessuarları və libasları nəzərə çarpır. Amma deyilənlərə görə, evə gələn qonaqlara həmişə özü xidmət edir. Evdə bir köməkçi qadın olmasına baxmayaraq, ailənin bir arada olduğu axşamlarda yeməkləri özü bişirməyə səy göstərir. O, mühafizəkar kimliyi ilə Türkiyənin həyatında rolu olan xanımlardan biridir.
Əminə Ərdoğan haqqında maraqlı faktlar
Hər zaman pəhriz saxlayar, hər şeyi yeməz.
İki, üç gün iftar açmadan oruc tutar.
Təhlükəli hal almadıqca dərman istifadə etməz.
Təbii qidalanma həvəskarıdır, tərkibində kimyəvi maddələr olan qidalardan istifadə etmir.
Namazını demək olar ki, heç vaxt qaçırmaz.
Qəhvəyi rəngi çox sevir.
Bülənd Arınçının (Türkiyənin keçmiş baş naziri və eks prezidentin müavini) xanımı ilə arası soyuqdur.
Əli Babacanın xanımı ilə arasından su keçmir.
Gümüş əşyalara çox düşkündür.
Həyatı siyasət və həyat yoldaşı üzərində qurulub.
Bu günə qədər Rəcəb Tayyib Ərdoğanla bir dəfə də küsməyib.
Əminə Ərdoğan hər şeyi ilə həyat yoldaşına xidmət edən həyat sürür.
Rəcəb Tayyib Ərdoğan tək olanda belə həmişə “Əminə xanım” deyə xitab edir.
Əvvəllər ərinə yol üçün yemək hazırlayardı, bu, xüsusən xarici səfərləri üçün keçərli idi.
Səsi çox gözəldir. Ərəb dilinu yaxşı bilir. "Qurani Kərim"i çox yaxşı oxuyur. Nəfsinə çox hakimdir. Başına bir şey qoysa onu mütləq yerinə yetirər.
Avtomobil istifadə etməyi həm çox sevir, həm də çox yaxşı idarə edir. Sürücülük vəsiqəsini 1990-cı illərdə alıb. Amma Tayyib bəy bələdiyyə sədri olandan avtomobil idarə etmir.
İş adamlarının həyat yoldaşları ilə ünsiyyətə can atır
AKP Bakırköyün rayon rəhbəri Əminə Nalbantoğlu, Əminə Ərdoğanı təsvir edərkən bildirir ki, “Əminə xanım İstanbulun bütün varlı ailələrinin həyat yoldaşlarını tanıyır. Getdiyi hər yerdə dərhal çömbəlib oturur. İstanbulun ən yaxşı iş adamlarının yoldaşını tanıyır və axtarır”.
Kirşan və sürmə onun üçün əvəzolunmazdır
Onu yaxından tanıyan dostları və yoldaşları Əminə Ərdoğanın gənclik illərindən bəri üzündən kirşanı, gözündən isə sürməsinin əskik olmadığını bildirirlər. Bəziləri onun sürmə sevməsini ərəb mənşəli olmasından, digərlərinin fikrincə, bəzəyinə düşkün olmasından qaynaqlanır.
Əminə Ərdoğanın dəblə ayaqlaşmasını müşahidə etməsək də, gənclik illərində gözəl geyinməyi çox sevirdi. Axşam incəsənət məktəbinin ən böyük faydasını da bu sahədə görüb. O, jurnallardan qəlibləri kəsib ona uyğun paltarlar tikərdi. İlk tikdiyi paltar isə manto idi. Yaxşı tikiş tikməyi bacaran Əminə Ərdoğanın əl qabiliyyəti bununla bitmir. O, dadlı tort və piroqlar bişirməkdə də mahirdir.
“Louis Vuitton”, “Gucci”, “Fendi”, “Furla”, “Celine”, “Prada” kimi markalardan geyinən Əminə Ərdoğan 2000-ci ildən sonra geyimində öz üslubunda əhəmiyyətli sayıla biləcək dəyişikliklər edir. Əminə Ərdoğan ən böyük dəyişikliyi paltarlarında tətbiq edir. 2000-ci illərə nəzər salanda paltarlarındakı radikal dəyişiklik fərqi hiss olunur. 2000-ci illərin əvvəlinə qədər ayağına qədər uzanan plaşlar geyinən Əminə Ərdoğan artıq hicab bağlama şəklini də tamamilə dəyişdirir. Hicabı adətən boğazlı köynəklərin içinə soxaraq boyundan bağlamağa başlayır. Bu arada yenə çox cəsur davranaraq ayaq barmaqlarını göstərən ayaqqabı da geyinməkdən çəkinmir. Plaşlardan tamamilə imtina edən Əminə xanım daha çox ətəklərə üstünlük verir.
Geyimlərini əsasən, öz tərzinə uyğun tikdirsə də, Əminə xanımın şəxsi stilisti var. Stilist baş nazir Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan üçün xüsusi paltarlar hazırlayır. O, Əminə xanımın geyimlərini həyat tərzinə görə planlaşdırdığını deyir. Əminə Ərdoğanın geyim stilini çox bəyəndiyini vurğulayan Kavakçı onun özünə yaraşan paltarlar seçdiyini vurğulayır. Müsahibəsində “Keçmiş baş nazir yoldaşlarına baxanda onun daha çox parladığını düşünürəm” deyə bildirib.
"Əvvəllər çuval kimi geyimlər geyinərdi"
Əminə Ərdoğanın geyim tərzi keçmişdən bu günə qədər müzakirə olunur. Onun tərzini bəyənənlərlə birlikdə, bəyənməyənlər də var. Stilist Melis Alpan Əminə Ərdonağının geyimləri və tərzindəki dəyişikliyi bununla izah edir: “O, prezident seçkiləri ərəfəsində birinci ledi olmağın ağırlığını hiss etdiyi üçün bunu geyimlərində göstərməyə çalışır. Əvvəllər qara rənglərə üstünlük verər, çuval kimi geyimlər geyinərdi. Bu gün isə gənc qızlar kimi bədən quruluşunu bəlli edən, pastel tonlarına müraciət edir. Xarici səfərlər ona daha modern görünmək həvəsi oyandırıb” .
Əminə Ərdoğanın Mişel Obama ilə görüşü zamanı geyindiyi paltarı Amerika mətbuatında marağa səbəb olmuş, hətta bəyənənlər də olmuşdu. Xüsusən də onun ipək baş örpəyi haqqında xoş sözlər yazılmışdı. Əminə Ərdoğanın görünüşü toplantının atmosferinə və şəxsi xüsusiyyətlərini əks etdirən bir geyim olması səbəbi ilə tərifə layiq görülmüşdü.