17 Avqust 2014 14:35
2 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, çoxumuzun uşaqlığının qəhrəmanıdır. “Sehrli güzgü”nün “Ovçu Pirim”i bir zamanlar gündəmin ən üzdə aktyorlarından olsa da, son vaxtlar, demək olar ki, efirlərdən uzaq düşüb.



Teleqraf.com haqqında yayılan şayiələrə aydınlıq gətirdiyi və yaradıcılığından bəhs etdiyi Publika.az-a müsahibəsini təqdim edir:

Allahverdi müəllim, səhnə adamları ilə bağlı müxtəlif şayiələr dolaşır. Sizin haqqınızda yayılan söz-söhbətlər isə... orientasiyanızla bağlıdır...

– (hirslənir) “Mavi” olduğumu səndən başqa kim deyirsə, qələt eləyir. Şübhəsi olan varsa, gəlsin, sübut eləyim...

– İlk sualıma cavabınız çox sərt oldu. Amma bu iddianı irəli sürən adamların motivləri nədir? Yəni hansı səbəbdən belə şayiələr dolaşa bilər? Deyirlər ki, od olmasa, tüstü çıxmaz...

– Mən elə şeylərlə maraqlanmıram. Kimin haqqında nə dedikləri maraq dairəmdə deyil və özüm haqda belə söhbət eşitməmişəm. Sən haradan eşitmisən?

– Haradansa eşitmişəm. Amma sizin susmağınız razılıq əlaməti kimi görünür...

– Diqqətinə görə çox sağ ol, amma mən heç bir qəzetə, jurnala müsahibə vermək istəmirəm və bu, mənim marağımda da deyil.

– Onda keçək yaradıcılıqla bağlı suallara.

– Buyurun.

– Yaradıcılıqda nə var, nə yox?

– Yayda hamı kimi mən də istirahət edirəm - ailəmlə, nəvələrimlə.

Səhv etmirəmsə, heç bir teatrda işləmirsiniz. Niyə?

– Yox, səhv bilirsiniz. Bakı Satira Teatrında işləyirəm.

– Bu qədər seriallar çəkilir, niyə sizi dəvət etmirlər? Yoxsa dəvət edirlər, özünüz razılaşmırsınız?

– Niyə ki, ara-sıra dəvət olunuram. Hazırda ANS-də yayımlanan “Fatimə” serialında çəkilirəm.

– Nə vaxtsa “Ovçu Pirim”in yenidən efirə qayıtmağı mümkündürmü?

– Pul vermirlər axı. Hara gedirsən, deyirlər ki, sponsor gətir. Kanallardan təkliflər var, amma sponsor istəyirlər. Pul tapsam, özüm xərcləyərəm də.

– Həmin personaj qismində məclislərə gedirsiniz?

– Hə, çağırılanda gedirəm.

Demək, hələ də yaddaşlarda qalıb...

– Bəli.

Toylara tamada kimi də gedirsiniz, səhv etmirəmsə...

– O olmasa, batarıq. Bizi tamadalıq yaşadır.

– Neçə ildir toylara tamada gedirsiniz?

– Artıq 30 ildən çoxdur.

Qiymətlər qane edir?

– Pul almırlar ki, pul verirlər. Min bərəkət.

– Altı saatlıq toyu aparırsınız və hansısa gənc müğənni gəlib yarım saatlıq çıxışına görə sizdən 5 dəfə artıq qonorar alır. Belə olanda, yəqin, pis olursunuz...

– Bu da onun qismətidir, onun da bəxti belə gətirib. Ruzini Allah verir.

– Dublyajda eşidirik sizi, amma efirdə yoxsunuz.

– Efirə çağırılanda gedirəm. Hərdən filmlərə də çəkilirəm. Keçən il Məhərrəm Bədirzadənin “Dələduzlar” filmində çəkildim. Başqa dəvətlər də olur. Sadəcə, hər dəvətə də getmək istəmirəm. Bu saat hər küçədən keçən kino çəkir. Kinoya böyük pullar, texniki avadanlıqlar lazımdır.

– Deyilənə görə, çox ucuz çəkilirsiniz. Hətta bəzən günü 30-40 manata.

– Pul məsələsi qalıb rejissorun insafına. Büdcəsi az olanda yaddaşda qalmaq üçün ucuz da çəkilirəm. Sənətdə əsas yadda qalmaqdır.

– 30 manat da ola bilər?

– Bu, onların insafına qalır. Aldadırlarsa, yenə babalı öz boyunlarına.

– Allahverdi müəllim, “Ovçu Pirim” rolunu yaradıcılığınızın zirvəsi saymaq olar?

– Çox tamaşalar oynamışam, yadda qalıb da.

Ölkəmizdə “Azdrama”, Gənc Tamaşaçılar Teatrı, Dövlət Musiqili Teatrı kimi köklü teatrlar var. Nə əcəb, Bakı Satira Teatrında işləyirsiniz?

– Bu teatrda direktorumuz Maarif Məmmədovdur. Mən Sumqayıt Teatrında, “Muzkomediya”da işləmişəm, institutda dərs demişəm. Bəziləri yaradıcılığı fikirləşib, amma mən ailəni düşünmüşəm.

–Teatrdan nə qədər maaş alırsınız?

– Hardasa, 100 manat. Hərdən oynayırıq ki, paslanmayaq da.

İndi yaradıcılığınız toylardan ibarətdir də.

– Bəli, bəli. Bu dəqiqə bir ovuc aktyor var. Onlara yaxşı maaş versələr, hər kəs öz işi ilə məşğul olar.

– Fəxri adınız da yoxdur. Sizcə, layiq deyilsiniz?

– Fəxri ad stimuldur. Hər bir aktyor arzulayır ki, dövlət onu qiymətləndirsin.

– Teatra ikinci dərəcəli kimi baxırsınızsa, toyları daha üstün hesab edirsinizsə, hökumət sizə niyə fəxri ad verməlidir ki?

– Mən indini demirəm ki, 35 ildir sənətdəyəm. Elə minlərlə film dublyaj eləmişəm. Onu hər adam bacarmır axı. Bacaran varsa, gəlsin. Aktyor sənəti çoxşaxəlidir, dublyaj da onun bir qoludur. Aktyor rəqs də etməlidir. Bu sənətə xor baxsaydım, sovet vaxtı təklif olunan vəzifələrdən yapışardım. Mən aktyorluğu hər şeydən üstün tuturam.vvv


Müəllif:

Oxşar xəbərlər