Dörd il “Möhtəşəm yüz il” serialı ilə tamaşaçıların görüşünə gələn xarizmatik aktyor Halit Ergencin bundan sonra hansı layihələrdə yer alacağı maraqla gözlənilir.
Son dövrlərin ən populyar aktyoru Halit Türkiyənin ən qalmaqallı jurnalistlərindən olan Ayşə Armana öz həyatından, sənətində fəth etmək istədiyi zirvələrdən, eşqdən və gözəl aktrisa Bergüzar Korel ilə olan evliliyindən bəhs edib.
Teleqraf.com tabloid.az-a istinadən həmin müsahibəni təqdim edir:
Uzun saqqallarından qurtulub, rahatlaşıb.
Qarşımda üzərində “invisible” (gözəgörünməz) yazısı olan tişörtü ilə oturub.
Görünür, bu aralar “görünməz” olmaq istəyir.
Oğlu Əli ilə telefonda çəkdiyi videoları göstərir, mənimlə görüşə gəlmədən öncə evdə birlikdə dondurma hazırlayıblar.
Dörd il ərzində davamlı çəkilişlərdə olduğu üçün oğlu Əli və həyat yoldaşı Bergüzar Korel ilə görüşə bilmədiyi vaxtların indi əvəzini çıxır.
Hansı serialda rol alsa reytinq rekordları qırır. Prodüserlərin diqqət mərkəzindədir.
“Zərda”, “Aliyə”, “Minbir gecə”, “Möhtəşəm yüz il”…
Amma o heç bir uğuru özü ilə əlaqələndirmir.
“Nəticədə bu bir qrup işidir. Sadəcə mənim olmağım kifayət deyil, hamı yaxşı olmalıdır!”, - deyir.
- “Möhtəşəm yüz il” qurtardı. Hamı üçün maraqlıdır ki, indi nə edəcəksən?
- İnanırsan, özüm də bilmirəm. Bir onu bilirəm ki, çox rahatam. Saqqaldan da xilas oldum. (Gülür)
- Bir il heç bir serialda rol almayacağını demisən. Yorulmusan, dincəlmək istəyirsən?
- Bəli.
- Bəlkə bu, strateji addımdır?
- O da var...
- Yoxsa, həyat yoldaşın və oğlunla maraqlanmaq üçün vaxt yaratmağa çalışırsan?
- Hamısı. “Möhtəşəm yüz il” mənim üçün uzun davam edən iş oldu. Hər aktyora nəsib olan bir şey deyil. Tarixdə yaşamış bir padişahın 42 ilini canlandırdım. Özümü Sultan Süleyman haqda dissertasiya müdafiə etmiş kimi hiss edirəm.
- Bu insanı yorur?
- Yormaz?! Amma işin təbiəti belədir. Serial və ya teatr olmasından asılı olmayaraq başqa bir insanın duyğularını tamaşaçıya verərkən özünə aid duyğulardan ilham alırsan. Səni incitməməsi, yormaması mümkün deyil. Mən Süleymanın daxili dünyasındakı hesablaşmaları hiss etdim. Övladlarını öldürməsindən həyatdakı tək varlığını itirməsinə və hətta ölüm hissinə qədər.
Aktyorluq təlimlərində amerikalı bir müəllim vardı, dostlardan biri soruşdu ki, “İçimizdən bir obrazı çıxararkən həmişə bu qədər çətinlik çəkməliyik?”.
Onun cavabı belə oldu: “Sizə elə buna görə pul verirlər. Siz məşhur olduğunuz üçün pul aldığınızı hesab edirsiniz?!”.
Mənim işim özümü Süleyman kimi hiss etmək idi, bunu da elədim.
- Obrazdan xilas olmağın nə qədər vaxtını aldı?
- Asan olmadı. Həm psixoloji, həm də fiziki baxımdan çətin idi.
Dörd ildir birlikdə idik. Bir obrazı çox uzun müddət canlandırdığım zaman sanki eyni ayaqqabını davamlı geyinirsənmiş kimi bəzi bölgələrim hərəkətsizləşir.
Bəzən aktyorluqda da elastikliyini itirirsən. Məşq edib yenidən öz mərkəzimə qayıtmalıyam. Fiziki olaraq belə əvvəlki hala qayıtmaq asan deyil. Saqqalımı birdən-birə qırxa bilmədim. Üç mərhələdə qırxdım. Sonunda saqqaldan tamam xilas olub Bergüzarın qarşısına çıxanda “Dörd ildir görüşmürdük, darıxdım sənin üçün, eşqim”, - dedi. Möhkəm qucaqladı məni.
- Bəs, Əli?
-Çox təəccübləndi. Sevincindən çığırdı. “Bax, ata saqqalını qırxıb. Bax, atanın çənəsi necə balacadır”, deyə hamıya məni göstərirdi.
Oğlum saqqalsız halımı xatırlamır, filmin çəkilişləri başlayanda Əli 10 aylıq idi.
- Yeni mövsüm üçün sənə seriya başına 150 min lirə təklif ediblər. Rədd etmisən. Doğrudur?
-Təbii ki, xeyir. Belə pullar yoxdur. Bunlar şəhər əfsanəsidir.
Bəzi kanallarda seriallara prodüserlik edən iş adamları keçmişdə bir sıra ulduzlara çoxlu pul ödədilər, ancaq həmin işlər uğursuz oldu. Aktyor əlbəttə, yaxşı pul qazanmalıdır. Amma iş təkcə aktyorluqla bitmir, məsuliyyəti təkcə aktyora yükləmək olmaz. Belə düşünənlər axmaqlıq edirlər. Bütün işçilər yaxşı işləməlidirlər ki, serial, film uğurlu alınsın. Qısası, pulu da ədalətli şəkildə bölüşdürmək lazımdır.
Bu aralar heç bir təkliflə maraqlanmıram. Bir neçə ay özümə vaxt ayıracam. Bergüzarla ikimiz eyni vaxtda seriallara çəkildiyimiz vaxtlarda bəzən səhərlər “Sevgilim, inşallah iki gün içində görüşə bilərik”, - deyib ayrılırdıq. İndi o günlərin əvəzini çıxmağın vaxtıdır.
- Səni müntəzəm olaraq evdə görəndə Bergüzar havalanmayacaq?
- Yox havalanmaz. Xoşuna gələcək.
- Rol aldığın serialların uğurunun sirri nədədir?
- İşimə hörmətim var. Sirrim varsa, o da budur. Məncə həyatdakı ən qiymətli məfhumlardan biri işdir, digəri də həyat yoldaşı. İnsanın gələcəyini bu ikisi müəyyənləşdirir.
İkisinə də hörmətim var və sahib olduqlarıma layiq olmağa çalışıram.
- "Qadınların bəyəndiyi, yaraşıqlı adamsan, aktyorluqda da irəli gedərsən!” deyirlər. Bəlkə uğurun əsas səbəbi budur?
- Yox, görkəm bir yerə qədər önəmlidir, ancaq sonra hamı işi necə icra etdiyinə baxacaq. Heç kim gözün, qaşın gözəlliyi üçün iş verməz.
Həm də mən yaraşıqlı olduğumu düşünmürəm.
- “Sakit, düşüncəli, təvazökar”… İnsanlar səndən bəhs edərkən bu ifadələrdən istifadə edirlər. Xoşuna gəlir?
- Kimin xoşuna gəlməz ki? Sakitəm, amma içimdə fırtınaların olduğu zamanlar da yaşayıram. Mən də hamı kimi həyatı və özümü anlamağa çalışıram.
- Uşaqlığından danış...
- Ooo dərin mövzulardı! Uşaqlığım asan keçməyib.
İndi səni qüssələndirmək istəmirəm, çoxlu travmalar almışam. Kasıblıq, pulsuzluq… Anamla atam mən məktəbə gedən il boşandılar. Ancaq atam evdən getmədi. Hər gün dava, qiyamət. Bir də məndən iki yaş balaca, zehni qüsurlu qardaşım var. Həyatımız çətin idi, yəni. Atam 3-4 ay görünməzdi, sonra yenə qayıdıb gələrdi.
Şəhər teatrlarında işləmişdi. Bəstəkar və söz yazarı idi. “Şimdi Şeytana Uyduk, Bin Kere Perişan Olduk” kimi hamının bildiyi bəstələri var. Mənim üçün ailədəki bədbəxtliyin mərkəzində atam dayanmışdı. Çünki çox məsuliyyətsiz idi, anamı bədbəxt etmişdi. Ona görə də, həmişə atamdan uzaq olmaq istəmişəm.
- Yəqin ona görə gəmi inşaatını oxumağa getdin…
- Bəli, çünki xalalarımın ərləri mühəndis idilər. Mənim üçün yaxşı nümunə olmuşdular. Atam kimi sənətlə məşğul olmaq istəmirdim. Ancaq ikinci ilin ortalarından başlayaraq, universitetə getmədim. İnsan genetikasından qaça bilmir, musiqi çağırdı məni. Konservatoriyanın opera bölümünə daxil oldum. Haldun Dormenlə yollarımız kəsişdi, məni tamaşaya çıxardı. “Mən musiqiçiyəm” dedim, “Yox!”,- dedi, “Sən, mahnı oxuya bilən aktyorsan!” O gündən bəri aktyorluq edirəm.
- Canlandırdığın obraza zərər verə bilər deyə, reklam təkliflərini qəbul eləmirsənmiş...
- Bəli. Çünki həyatıma tez gələn hər şey tez də gedib. Ona görə erkən gələn pul mövzusunda diqqətliyəm. Mənə reklam təklifi işimə görə gəlir. Məsələn, “Möhtəşəm yüz il”də rol aldığım üçün. Yaxşı, amma bu reklam serialın düz ortasında yayımlanacaq. Axmaqlıq deyil? Süleymana zərər verməyəcək?
Birdən çox işlə məşğul olub özümü bulandırmıram. Heç kim eləmə demir, mən özüm belə istəyirəm.
- Komplekslərin var?
- Var. Mükəmməlliyi sevirəm. Bir də ki, ləqəbim “Boş stəkandır”.
- Necə yəni?
- Stəkanın dolu tərəfini deyil, boş tərəfini görürəm deyə, belə deyirlər. Məsələn, hamı gözəl bir işlə məşğul olanda xoşbəxt olar, mənim isə içimdə qorxu baş qaldırır.
İçimdəki səs “Yaxşıdı, amma bunu da edə bilərdin, bura onu da əlavə etməliydin!”, -deyir. Özümü bəyənməyim mümkün deyil. Həyatla bağlı qorxularım var. Elə bilirəm ki, imzam olan hər hansı işi bəyənsəm, bir anda hər şey dağılacaq.
- Əldə etdiklərini itirmək qorxusu...
- Deyəsən. Həmişə tədirginəm. Ona görə də mənə “boş stəkan” deyirlər. Amma bizim peşə nankordu. Serial yaxşı reytinq yığar, “Vauu çox yaxşısan, supersən, səndən yaxşısı yoxdur!”, iş yaxşı getməyəndə isə Allah göstərməsin. Hamı elə bilir ki, mən təkcə “Zərda”, “Aliyə”, “Minbir gecə”, “Möhtəşəm yüz il” də rol almışam. Yox, mən insanların adını belə xatırlamadığı, uğursuz olan onlarla seriallarda oynamışam. “Halitciyim sənin üçün 10 seriya yazacağıq” deyirdilər, sabahı gün arayıb-axtaran olmurdu.
- Yəni sənin həmişə parıltılı və rahat həyatın olmayıb...
- Dəlisən? Mənim heç vaxt pulum olmayıb. Dörd ay evdə oturub iş gözlədiyim vaxtlar olub. Bir az pendirlə bal atırdım ağzıma. Rəqs dərsləri verib, üç qəpik pul alırdım. Kirayəni ödədikdən sonra əlimdə pul qalmırdı. Bütün İstanbulu velosipedlə gəzirdim. Konservatoriyaya da velosipedlə gedirdim. Bütün il məktəbdəki bufetə nə qədər pul verəcəyimi hesablayırdım. Kompyüter operatorluğu edirdim, ordan qazandığım pulla yemək pulum çıxırdı. Geri qalanı ilə də “Mavi kart” alırdım. Yəni pul mövzusunda həmişə diqqətli olmuşam. Valideynlərimdən heç pul almazdım. Pulsuzluqdan kinoya belə gedə bilmirdim. Sonradan pul qazananda da “Bu həmişə olan deyil. Həmişə qazanacağının siğortası yoxdur”. Allaha min şükür, indi gözəl bir həyat yaşaya biləcəyimiz qədər pulumuz var. Amma bunun əvəzini də ödəyirik. Biz yalnız qala biləcəyimiz yer tapa bilmirik. Londona getdik, ərəblər bizi velosipedlə qovalamağa başladılar. “Hello Süleyman, lets take a photo!” deyə qışqırırdılar. “Möhtəşəm yüz il” 150 ölkədə izlənilir. Bergüzarla ən çox Yunan adasına getmək istəyirik, ancaq qorxuruq. Addım belə ata bilmərik orda.
- Son illərdə çoxlu itkilərlə üzləşdin. Bacınoğlu intihar etdi, atanı, son olaraq da ananı itirdin.
- Soruşma! Hər biri başqa hekayədir. Hamısı üçün oturub uzun-uzun danışa bilərik. Hamısından çox şey öyrəndim və mənim üçün çox önəmli idilər.
Atamın vəfatı isə başqa bir hadisədir. Ata-oğul arasında həmişə söz-söhbət olur. Biz isə anlaşa bilmirdik. Hamının haqlı olduğu nüanslar var. Atamın özündən bir yaş kiçik qardaşı var imiş. Ölür, atam da mənə onun adını qoyur. Mən ilk oğluyam. Beş dəfə evləndi, çoxlu uşaqları oldu. Bir sonrakı xanımından olan oğlunu, “Bax İnci, görürsən nə şirindi” deyə anamın yanına gətirirdi. Anamdan öncəki evliliyindən iki bacım var. Anamdan da iki uşaq, sonra yenə başqa qadından iki uşaq… Öləndə pul kisəsindən anamın şəklini tapdıq. Maraqlı, amma çox çətin adam idi.
- Beş dəfə evlənib?
- Bəlkə də 6 dəfə, bizim xəbərimiz olmayıb. 23 yaşım olanda mənə “Evlən oğlum nə olacaq ki, alınmasa, boşanarsan!” demişdi. Belə bir insan idi.
- “Mən onun qanındanam, şorgözlük genetikamda ola bilər” deyə düşündün heç?
- Qanımda var idi. Mən də elə idim. Budaqdan budağa qonurdum. Amma Bergüzar və Əli ilə tamamlandım. O günlər geridə qaldı. Biz ətlə sümük kimiyik. Mənim üçün Bergüzarın yeri lap ayrıdır.
- Necə bir eşqdir sizinki?
- Hamıya nəsib olmayacaq qədər gözəldir. Bergüzarla qismətimiz bir yazılıb. Mən öncədən onun anası və atası ilə tanış idim. Onlarla birgə işləmişdim. O vaxtlar 20 yaşım var idi. Bergüzar məndən 12 yaş kiçikdir. Həmin vaxtlar tanış deyildik, yəqin ki, məktəbə gedirdi.
Aradan illər keçdi, Beyoğlunda bir restoranda idim. Arxamdakı masada bir neçə qız konservatoriyadakı müəllimlərin dedi-qodusunu edirlər. Çevrildim, “Mən də Memar Sinandanam”, - dedim. Onda tanış olduq. Amma Tanju ilə Hülyanın qızı olduğunu bilmirdim. Sonra bir-iki dəfə görüşdük. Daha doğrusu mən onu bir-iki dəfə gizlicə təqib elədim. İllər sonra “Minbir gecə”də təkrar qarşılaşdıq. Fikir verdim ki, aramızdakı hiss keçib getmir.
- Səni illər öncə də bəyənirmiş, eləmi?
- Hə. Amma çox həssas bir qadındır. İstədiyini elə asan biruzə vermirmiş. Elə olduğu üçün mən də uçdum getdim, təbii ki. Daha sonra çoxlu münasibətlərim oldu. Hətta evləndim. Həyatda hər gözəl şey üçün bir əvəz ödənilir. Biz də bu eşq üçün hələ də ödəyirik. Çünki bizi tanıyan və tanımayan hamı münasibətimiz haqqında danışa bilir. Özündə bu haqqı görür. Keçmişdə məhəllədə dedi-qodu danışan insanlar olurdu e, bu gün də internet var. Təhqirlər, şayiələr, şərlər ünvana təslim edilir.
-H aqqınızda yayılan şayiələr arasında səni ən çox narahat edən hansıdır?
-O qədər axmaq və yalan məlumatlar yazırlar ki, hansı birini sayım. Həqiqətən insanı ağrıtmaq üçün deyilən qorxunc sözlərdir.
Çöldə bizi bombalayırlar, evdə bir-birimizi möhkəm qucaqlayırıq. Mən ən çox Bergüzara haqsızlıq edildiyi üçün üzüldüm.
- Bergüzarın ən çox nəyini bəyənirsən?
- Məni məndən alan enerjisini.
- Səndən daha pozitivdi?
- Təbii ki. Hərəkətli və əyləncəlidir. Zarafatı çox sevir.
- Sənin sakit halın qızı bezdirməsin?!
- (Gülür) Bəzən sıxılır. Hələ “Möhtəşəm 100 il” dövründə “Bəsdir! Sıxıldım artıq səndən!” deyirdi. Çünki davamlı Süleyman olurdu aramızda, camaat “Süleyman bunu elədi, onu elədi” deyirdi.
Normal həyatımızı yaşaya bilmirdik.
- “Arvadım aktrisadı, amma bura Türkiyədir! Öpüşə bilməz, sevişə bilməz” kimi qaydaların var?
- İkimiz də eyni peşədəyik, ikimiz də işimizə böyük eşqlə bağlıyıq.
Təbii ki, rol üçün lazım olanı etməliyik. Mən ona necə “Öpüşməyəcəksən!” deyə bilərəm. Belə bir şey mümkündür? Bu, “Sənə inanmıram!” deməkdir. Onda niyə inanmadığın adamla bir yerdəsən? Bunu desəm, ondan şübhələnsəm, onun da eyni addımı atması lazımdır. Mən də rol üçün çoxlu qadınlarla öpüşmüşəm. Onda gərək peşəyə baxış bucağımızı dəyişək.
Kənanla səhnələri olur, məsələn. Camaat başlayır hücuma, “Onsuz da bu qadın belədir, elədir!” Mənim dəxlimə deyil, arvadımın arxasındayam, sonuna qədər ona dəstək olacağam.
- Necə sevgilidir, necə anadır?
- İnanılmaz dərəcədə əyləncəli bir anadır. Amma yeri gələndə ciddi ola bilir, bu, çox xoşuma gəlir. Uşaqları intizamlı böyütmək lazımdır. Bəzən anamın səsini eşidirəm Bergüzarda. Sevgili olaraq da, dəhşətli dərəcədə sirrlidir.
Sürprizlər etməyi sevən sevgilidir. Məni gözləmədiyim vaxtlarda, gözləmədiyim yerdən vurur.
Bir də çox dadlı yemək bişirir. Onun yeməkləri üçün ürəyim gedir.
- Səni tərk edib getməyindən qorxursan?
- Qorxuram təbii ki, belə bir fikri ağlıma belə gətirmək istəmirəm. İnsan həyatda heç nədən siğortalanmayıb, hər şey ola bilər.
Mütləq qarşımızdakı üçün özümüzü təzə saxlamalıyıq. Dəyər verdiyimizi hiss etdirməliyik. Mən də əlimdən gələni edirəm.
- Xoşbəxtlik şəklinizi çəksəniz, kadr necə olar?
- Suyun içindəyik, oynayırıq. Ya da gecə bir yerdə rəqs edirik.
- Bəs siz rəqs edəndə Əli nə edir?
- Evdə rəqs edəndə bizə qoşulur. Aramıza girir, anasını məndən almaq istəyir. Evim ən xoşbəxt olduğum yerdir. Bergüzar mənim dincliyimdir. Ən sıxıntılı vaxtlarımda başını çiyninə qoya biləcəyim insandır.
- Bu eşqi qorumaq üçün nə edirsiniz?
- Çoxlu lazımsız insanlar var və onlar çoxlu lazımsız dedi-qodular istehsal edirlər. Məsələn, onlarla dava eləmirik. Bu eşqimizi qoruyub saxlamağın bir yoludur. Çünki insanın enerjisini oğurlayırlar. Həmin enerjini sevgiyə xərcləməyi seçirik.
Biz insanlara hədəf kimi görünürük, ona görə də daim bizimlə uğraşırlar, amma öz aramızda heç bir problemimiz yoxdur.
- Yəni həmişə çöldən gələn mənfi enerji ilə mübarizə aparırsınız?
- Hər münasibətdə olan kiçik davalarımız olur. Ancaq bizi ən çox narahat edən çöldən evin içinə bomba atılmasıdır.
- Səncə bunu niyə edirlər?
- Bu eşq başlayarkən insanlar Bergüzarı mənim yuvamı dağıdan qadın kimi qələmə verdilər. Halbuki evliliyin bitməsinin Bergüzarla heç bir əlaqəsi yox idi. Bergüzar yuva yıxan qadın elan edilməyə layiq deyildi. Axmaqlıqdı. Həm də bizim evlənməyimizdən 5 il keçib. Oğlumuzun 4 yaşı var. İnsanlar, “Niyə o vaxtlar çıxıb danışmırdın?”, - deyirlər.
Əgər o vaxt bu söhbətlərə baş qoşsaydıq, Bergüzar da, mən də yaralanacaqdıq.
Çünki o insanlara söz çatdıra bilmərik, bacarmarıq. İllərdir bir yerdəyik, ən gözəl cavab bu deyil? Qulağımızı bağlayıb bir-birimizi qucaqlayırıq. Ailə həyatımıza davam edirik. Bizi rahat buraxsınlar!
- Gezi hadisələrində çox fəal idin. Gezi sənin üçün nə ifadə edir?
- Başa düşdüm ki, biz çox romantik böyüdülmüşük. Ona görə də həyata çox romantik baxış bucağından baxırmışıq. Bəzi şeylər bizə öyrədilməyib. Bəzi məlumatlar verilməyib. Xülasəsi budur.
Hər şey bizim bildiyimizdən daha çirkli imiş. Amma möhtəşəm bir gəncliklə tanış oldum. O gəncləri tanımaq mənim ən böyük qazancım oldu.
Tabloid.az