20 Oktyabr 2018 17:52
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu yeni klip çəkdirib.

Bu haqda Teleqraf.com-a aşıq Samirə məlumat verib: "Klipi may ayından etibarən çəkirik. Çünki biz vətənimizin gözəlliklərini ancaq yay ayında göstərə bilərdik. Mahnı "Ana yurdum" adlanır. Söz və musiqisi Aşıq Pənahındır.

Klipdə ölkəmizin gəzməli, görməli məkanlarına bizim gözümüzlə nəzər salınıb. Ekran işində yurdumuzun həm keçmişinə, həm də bu gününə bizimlə bərabər gələcək nəslin də gözüylə baxılır. Bu səbəbdən övladlarımız da bu klipdə yer aldı.

Aşıq Əlinin qızı, mənim isə oğlum çəkildi. Bundan əlavə indiki gənc aşıqlar da klipdə yer alıb. Onların arasında hər ikimizin yetirmələri var. Klipdə ana yurdumuzla bərabər milli alətlərimiz, milli musiqimiz, milli geyimlərimiz, bir sözlə milli mədəniyyətimizin bir hissəsi tərənnüm edilir".

Aşıq Əli isə kliplə bağlı bunları deyib: "Düşündük ki, Əli-Samirə duetindən bir hesabat klipi hazırlayaq. Əlbəttə, çalışarıq davamlı olsun. Klipin ideya müəllifi Samirə xanımdı. Hələ əvvəldən Samirə xanım bu mahnını tək ifa etmişdi. Tələbələrlə bərabər ilk dəfə aşıqların flaşmobunu da məhz bu mahnıyla həyata keçirmişdilər.

Sonra qərara aldıq ki, duet oxuyaq və klipdə hamı yer alsın. Həmişəki kimi Samirə xanım ilklərə, yeniliklərə imza atmağında davam edir. O ki qaldı xərcinə... Bunu ata malı kimi yarı-yarıya ödəmişik.

Sənətdən gələn sənətdə də xərclənməlidir. Əziyyəti keçən hər kəsə, o cümlədən klipi lentə alan Rövşən Allahquliyevə, aranjmançı Ruslan Səmədova, masterinq Taleh Ağayevə təşəkkür edirik".

Teleqraf.com aşıqların yeni klipini sizlərə təqdim edir:


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər