23 Oktyabr 2018 09:12
1 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Səməd Səmədov Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Öncə yaradıcılıq işlərinizdən başlayaq. Nə yenilik var?

- 30 ilə yaxındır bu sənətdəyəm. Həm dəbdə, həm də gündəmdəyəm. Mən hər il ən azı bir hit mahnı və bir klip təqdim edirəm. Bu yeni mövsümə əliboş başlamadım. Xalq artisti Ağadadaş Ağayev mənə sözləri Baba Vəziroğluna məxsus “Getmə” mahnısını hədiyyə etdi. Mən də o bəstəni oxudum və klip çəkdirdim.

- Daim gündəmdə qalmağınızın sirri nədədir?

- Bunun sirri ilk öncə zövqdür. İstər ev tikən, istər maşın ustası olasan. İşində zövqün olmalıdır. Bəstəkarlar var ki, mən onlardan mahnı istəmişəm, yazıblar, amma bəyənməmişəm. Sonunda da inciyiblər. Elə bəstəkarlar var ki, mənim üçün mahnı yazıblar, qulaq asanda demişəm ki, bu bəstəni Elton, Ayaz və digər müğənnilər yaxşı oxuya bilər.

Bu gün çox bəstəkarlarla dostluq edirəm. Onların arasında Eldar Mansurov, Faiq Sücəddinov, Nadir Əzimov da var. Onlarda yeni mahnılar olan kimi baxıram. Müğənni var ki, ildə 4-5 mahnı oxuyur. Amma mən az oxuyuram, tutarlı oxuyuram. Onların oxuduqları yaddaşlarda qalmır. Mən “Bu qızların telinə bax”, “Gözlər-gözlər”, “Hər yaşın öz gözəlliyi var”, “Nazlı-nazlı yarım” və yaddaşlarda qalan bir çox mahnı oxumuşam.

- Hazırda əksər müğənnilər bayağı mahnıların çoxluğundan şikayət edir. Siz necə düşünürsünüz?

- Ola bilər, “Nazlı-nazlı yarım” mahnısını illər öncə yox, indi oxusaydım, məni tənqid yox, təhqir edərdilər. Vaxtı ilə Manaf Ağayevin “Ay canı yanmış” , Əlikram Bayramovun “Əsrin gözəli” , Nadir Qafarzadənin “Maral-maral” mahnılarına bayağı mahnı deyirlər. Amma biz müğənnilər toya gəldiksə, hansı mahnını sifariş veriblərsə, onu da oxumalıyıq. Yəni yox deməyə ixtiyarımız yoxdur. Mənim repertuarımda “yox” sözü ümumiyyətlə yoxdur. Toyda nə istəyirlərsə oxuyuram.

- Şou aləmində “”Nömrə 1” mövzusu daim aktual olub. Sizcə, hazırda bu titula kim sahibdir?

- Müasir şou-biznesin təməli quranlar Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova, İradə İbrahimova , kişilərdən Faiq Ağayev və başqalarıdır. Amma mənim hər zaman qərarım yekdir. Baxmayaraq ki, Röya neçə ildir bir çox uğurlar qazanıb, Damlanın mahnıları milyonlarla baxış sayı yığıb, amma mənim üçün qadınlar arasında “Nömrə 1” Aygün Kazımova, kişilər arasında isə Faiq Ağayevdir.

Düşünürəm, Röya da, digər xanım müğənnilər də mənə dəstək olar ki, Aygünün adını çəkdim. İndi çoxu toy mahnılarından estradaya keçir. Fikirləşmirlər ki, estradanın təməlini quranlardan biri Faiq Ağayevdir.

Faiq son 5-6 il idi ki, gündəmdə yox idi. Amma sonuncu “Gözüm dəyməsin sənə” mahnısı və klipi ilə partlayış etdi. Yəni bu addımı ilə sübut etdi ki, mən hələ burdayam. Aygünlə Faiq estrada sənətində çox işlər görüblər.

- Əvvəllər, yoxsa indi müğənni olmaq asandı?

- Düşünürəm ki, ifaçının əsas istedadı, naxışı və zövqü olmalıdır. Şəxsən mən bəzi ifaçılara prodüserlik etsəm, onları 1-2 aya elə məşhurlaşdıfrıram ki... Elə “Qismət” qrupunu götürək. Onları heç kim tanımırdı, mən tanıtdım. O qrupdan olan Turala da dəstək oluram. Yeni mahnısını mənə göstərdi, dedim ki, hit olacaq.

- Söylədiniz ki, “Qismət” qrupuna dəstək oldunuz, məşhurlaşdılar. Onlardan savayı kimləri məşhur etmişiniz?

- Mən heç kimə dəstək olmamışam. Sadəcə toylarda Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı ilə işləmişəm. Onlar mənimlə duet oxuyana qədər tanınırdı. Amma sonra mən onları dəstəmə cəlb etdim, ondan sonra bunlar həddindən artıq populyar oldular.

- Qalmaqallara münasibətiniz?

- Məncə bu sənətdə qalmaqal da olmalıdır. Zamanında Əli Mirəliyev mənim barəmdə tənqidi fikirlər səsləndirdi. Amma onun sözləri məni daha da işləməyə məcbur etdi. Hətta Əli ilə qalmaqalım olmayana qədər məni çox adam tanımırdı. Həmin qalmaqaldan sonra nəvələrimlə rayona getdim, gördüm ki, insanların bir çoxu məni tanıdı. Allah Əlinin canını sağ eləsin, daim o məni yıxıb sürüyüb, mən də demişəm ki, canın sağ olsun.

- Nəvələrinizdən söz açmışkən, Səməd Səmədov necə babadır?

- 7 nəvəm var. Oğlum Moskvada yaşayır, onun 4 qızı var. Onlar ancaq yayda Bakıya gəlirlər. Yayda onları Azərbaycanın rayonlarını gəzdirirəm ki, doğma vətənlərini tanısınlar. Heç Azərbaycan dilində də bilmirlər. Moskvada bağçaya da rus dilində gediblər. Hətta Bakıya gələndə bağbanımdan da xahiş edirəm ki, onlarla Azərbaycan dilində danışın ki, öz dillərini öyrənsinlər.

- Oğlunuz müğənni olmaq istəyinə qarşı çıxdınız. Bəs nəvələrinizdən hansısa yolunuzu davam etdirmək istəsə, razı olarsız?

- Yeganə oğul nəvəm Səməd əsgərlikdədi. Mənim Xədicə qızım icazə vermir ki, nəvəmlə görüşüm, onun yanına gedim. Çünki mən məşhuram, ora getsəm, mənə görə ona hörmət edəcəklər. Ona görə də görüşməyimi istəmirlər.

Digər nəvəm Arzunun 20 yaşı var. Mən görsəm ki, nəvələrimin müğənnilik istedadı var, dəstək olacam. Aparıb 10 min manata Teymur Əmraha verərəm, deyərəm ki, bu uşağa dəstək ol.

- Səməd Səmədov caduya inanırmı?

- Caduya inanmıram, amma qorxuram. Hələ ki Allah məni gözdən-nəzərdən saxlayır. Çox müğənnilər istəyərdilər ki, mən bu relsimdən düşüm. Heç bir zaman cadu tapmamışam. Mən 30 il xeyriyyəçiliklə məşğul olmuşam. Kimsəsiz qocalar, uşaqlar, əlillər evinə yardım etmişəm. Hətta Fatmayıda məscid var, onun tikiləmsində də mənim dəstəyim var. İlk dəfədir ki, bunu deyirəm. Heç yerdə deməmişəm. Bəlkə də Allah ona görə də məni qoruyur.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər