22 Yanvar 2019 12:07
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə "Bonne Vie" jurnalının təşkil etdiyi “Sinema gözəli” yarışmasının Bakıda baş tutacaq seçimləri ilə bağlı mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, aparıcı-aktrisa Aysel Nazim layihə rəhbəri olduğu müsabiqə ilə bağlı media nümayəndələrini və məşhur simaları bir araya toplayıb.

Qonaqları salamlayan aktrisa layihə haqqında geniş açıqlama verib:

“İlk seçim turumuz yanvar ayının 27-si Neşve restoranında baş tutacaq. Müsabiqədə 18-28 yaş arası oğlan və qızlar iştirak edə bilər. Bakı seçiminin jüriləri Zümrüd Qasımova, Rüfət Nəzər, Anar Heybətov, İlqar Əliyev, Rəşad Kəsəmənli, Gökhan Çoban, Çimnaz Sultanovadır.

Fevralın əvvəli isə Türkiyənin məşhur simaları Aleyna Solaker, Nesli Özsoy, Meral Konrat, Nuri Alco, Şenol İpek, Engin Çağlar və layihə rəhbəri Hakan Solaker Bakıya seçim üçün gələcək. Onlar seçdikləri iki nəfəri Türkiyəyə aparacaqlar.

Seçimlərdə qələbə qazanan finalçılar Türkiyədə, Osman Yağmurdereli Sənət Akademiyasında pulsuz aktyorluq təhsili almaq imkanı əldə edəcəklər.

Onu da qeyd edim ki, seçim turlarına qatılmaq və ikinci tura qədər keçiriləcək dərslər, bir sözlə, hər şey pulsuzdur. Biz heç kimdən pul tələb etmirik. Məqsədimiz aktyorluq qabiliyyəti olan gəncləri film dünyasına qazandırmaqdır”.

Aysel Nazim daha sonra ötən il ölkəmizdə seçilən və oxşar adlı layihə olduğu üçün “Sinema gözəli” ilə səhv salınan yarışmadan da danışıb: "Bəli, ad oxşarlığı var, bu isə çaşqınlıq yaradır. Halbuki o layihə barədə xoş söz eşitmirik... Əməkdar artist Məlahət Abbasova da həmin yarışma barədə ittihamlar səsləndirmişdi. Sonra bizə yazdı və xəbərdarlıq etdi. Dedi ki, insanlar aldadılır, yalan vədlərlə pulları alınır.

Bəziləri isə bizim layihə ilə o layihəni qarışdırır. Demək istəyirəm ki, bizi başqa layihə ilə səhv salmasınlar. Bizdə peşəkarlar toplaşıb və hər şey ödənişsizdir. Kiməsə görə adımızın qaralanmasını istəmirəm. "Sinema gözəli"nin hüquqları məndədir və hər şey qanunidir ".

Müsabiqənin münsiflərindən olan Rəşad Kəsəmənli bildirib ki, bu vaxta qədər adına xələl gətirən heç bir işə imza atmayıb:

"Puldan və fırıldaqdan söhbət gedə bilməz. Bizə maraqlıdır ki, müsabiqədə seçilən gənc ölkəmizi yüksək səviyyədə təmsil etsin və Türkiyədə bu sahə üzrə uğurlar qazansın".

Aktyor Rüfət Nəzər seçim turunda söhbət açıb: "Hər zaman istedadlı gənclərə yol açmağı özümüzə borc bilmişik. Bu layihəyə qatılmağımın əsas səbəbi budur. Aktyorluq qabiliyyəti və istedadı olan gəncləri gözləyirik. Ədalətli seçim olacaq. 27-si ilk seçim turuna iştirakçılar hazırlıqlı, hansısa səhnəciklə, yaxud aktyorluq qabiliyyətini nümayiş etdirən işlə gəlsələr, yaxşı olar".

Fotolar Nəriman İsmayılovundur.


Müəllif: Aygül Qarayeva