Müğənni Elmira (Emma) Ələkbərzadənin “Riviera” restoranında balıqdan zəhərlənməsi barədə iddiasına qarşı tərəf münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, “Riviera” restoranından “Qafqazinfo”ya verilən məlumata görə, müğənni olmayan hadisəni xəbərə çevirməklə restoranın imicinə kölgə salmağa cəhd edib:
“Əminliklə deyirik ki, Elmira xanımın “Riviera” restoranında yediyi qidadan “zəhərlənməsi” ilə bağlı yaydığı məlumat həqiqəti əks etdirmir. Əslində, Elmira xanımı qıcıqlandıran “səbəb” onun restoranda olarkən əməkdaşlarımızdan restoran xidmətindən kənar xidmət tələb etməsi ilə bağlıdır.
Belə ki, martın 19-da saat 16.30 radələrində restorana gələn Elmira xanım balıqdan hazırlanmış salat sifariş edib. Restoranda olarkən ofisianta oğlunun internet limitinin bitdiyini, təcili olaraq ona internet paketi yükləməyə kömək etməsini xahiş edib.
Restoranda internet limiti yüklənməsi üçün müvafiq cihaz olmadığı ona bildirilib. Elmira xanım 20 manat nəğd pul təklif edərək ofisiantdan öz maaş kartından oğlu üçün internet yükləməsini xahiş edib. Ofisiant maaş kartında pul olmadığını bildirdikdə, Elmira xanım pos-terminal vasitəsilə internet yüklənməsini istəyib. Pos-terminalın yalnız nağdsız ödəniş almaq funksiyasının olduğunu, internet yüklənməsinin mümkün olmadığı ona izah edildikdə ofisiantdan tələb edib ki, yaxınlıqda hardasa ödəmə mərkəzindən onun oğlu üçün internet paketi yükləsin.
Lakin ona xidmət edən ofisiant bunu edə bilməyəcəyini Elmira xanıma bildirərək, digər müştərilərə də restoran daxilində xidmət göstərməli olduğunu izah edib. Həmçinin, ofisiantın xahişi ilə administrator da Elmira xanıma yaxınlaşaraq ofisiantın restorandan kənar xidmətə göndərilməsinin mümkün olmadığını nəzakətlə izah edib.
Elmira xanım orada olmayan oğlunun istəyini yerinə yetirə bilmədiyindən pərişan olduğunu anlayışla qarşılayırıq. Bir ana kimi narahat olduğunu, restoranımızın əməkdaşlarının onun tələbini icra etmədiyindən, guya, “zəhərlənməsinə” dair sosial şəbəkədə məlumat yaymasını qadın emosionallığı kimi qəbul edirik. “Zəhərlənmə”nin təsdiqi üçün ən azı müvafiq həkim rəyi olmalıdır ki, belə bir rəyin olmadığı da mübahisəsizdir.
Həmin gün “Riviera”da Elmira xanımın yediyi salatdan digər masalarda olan onlarla müştəri də yeyib və heç kəsdən irad, narazılıq, şikayət daxil olmayıb.
Yanlış məlumatı xanım müğənninin duyğusallığı kimi dəyərləndirərək, ondan hər hansı tələbimiz yoxdur”.