19 Oktyabr 2019 13:20
2 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın” şounun final gecəsində aparıcı Suna Kasımoğluna uduzan Lalə Mustafayeva Teleqraf.com-un suallarını cavablandırıb.

- Lalə xanım, finalda məğlub oldunuz. Təəssüratlarınız necədir?

- Suna xanım öncədən şouya hazırlaşdığını gizlətmirdi. Özünə fikir verirdi. Şouda iştirakım həyat yolunda gələcək mübarizəm üçün mənə çox böyük dərs olacaq.

Kim deyirsə, saflıq yaxşı deyil, özü bilər. Mən özümü – bu Laləni sona qədər belə saxlayacam…

- “Maşın” şounun 17 iştirakçısından kimlərlə yaxın dostluq münasibəti qurdunuz?

- Namiq Fərhadoğlu, Fuad Musayev, Nazim Pişəvəri (Faytonçu), Ramal İsrafilovla həyatda dost olduğum üçüni “Maşın”da da bu münasibəti qoruyub saxladıq.

- Bəs, kiminlə münasibətinizə son qoydunuz?

- Mənimlə Türkan Vəlizadə münasibətini kəsdi. Halbuki bunu istəməzdim. Çünki səbəb var idi. Həyatda səbəbsiz heç nə etmirəm. “Maşın”ın qalibinə gəlincə… Suna Kasımoğlu qalib oldu. Amma daha belə bir adam mənim üçün yoxdur.

- Səbəbi deyə bilərsiniz?..

- Səbəbini deyə bilməyəcəm. Çünki “MGP” qrupu mənə ailəm kimi yaxındır… İlk gündən deyirəm ki, yediyim qazana tüpürmürəm. Kim necə başa düşür-düşsün. Fiziki qalib olmaq başqa məsələdir. Əsas odur ki, səsvermədə Suna Kasımoğlu qalib gələ bilməzdi. Mənim üçün də ən önəmlisi budur.

- Səsvermə zamanı Türkan Vəlizadəni çıxarmağınıza peşman oldunuzmu? Düşündünüzmü ki, kaş Suna xanımı çıxarardınız?

- Bəli, düşündüm.

- Deyilənə görə, sizə təzyiq edildiyinə görə fikrinizi dəyişmisiniz...

- Təzyiq məsələsi deyildi. Sadəcə onun isti və xoş münasibətinə inandım. Oynamaq olar, amma belə yox.

- Şoudan çıxdıqdan sonra Suna xanımla münasibətinizi düzəltməyə cəhd etdinizmi?

- Qətiyyən. O, iki-üç gündür məni görmək istəmir. Sadəcə məyus oldum. Başa düşdüm ki, gərək dəstək olduğun insanlara çox da bel bağlamayasan. Onları vaxtında vurmaq lazım idi.

- “Maşın” iştirakçıları ilə görüşməyəcəksiniz?

- Xeyr. Şouda kişilərlə dostluq etdiyim kimi həyatda da beləyəm. Heç vaxt qadınlarla dost olmaram. Qadına nə edirsə, qadın edir. Burada kişilər mənə deyəndə ki, bizim tərəfdə ol, qadınlara tərəf getmə, dedim ki, yox. Amma kaş kişilərə inanardım. Məyus olmuram, maşını itirdim. Amma tamaşaçıların sevgisini qazandım.

- Səsvermədə bu mərhələyə qədər gələcəyinizi gözləyirdinizmi?

- Xeyr. İlk gündən niyə onlara yalvarırdım ki, məni səsverməyə çıxarmayın. Çünki 2012-ci ildən tibb verilişin aparıcısıyam, şou sahəsində deyiləm. Ona görə narahat idim. Amma boşuna demirlər ki, tamaşaçının gözü tərəzidir. El gücü sel gücüdür. Mənim sponsorum xalqım oldu. Başqa sponsorlara ehtiyacım yoxdur.

Maşın qazanmağı çox istəyirdim, bunu gizlətmirəm. İştirakçıların arasında maşına ən çox ehtiyacı olan mən idim. Yenə də sona qədər başımı dik tutdum. Bu bir qismətdir. Mən Murad Dadaşov və “MGP” qrupuna dərin təşəkkürümü bildirəm ki, şouya dəvət etdilər. Finalda son ikiliyə qalmaq mənim üçün qalib olmaqdır.

- Səhhətinizdə müəyyən problemlər də yaşadınız.

- Bəli, səhhətimdə çox böyük problem var idi. Bunu iştirakçılar da bilirdilər. Amma Suna xanım mənə dedi ki, sən xəstə deyilsən, yalançısan. Bu mənə çox pis təsir etdi. Təzyiqim 90-dan 60-a düşdü. Və bir-iki hadisə də baş verdi. Onun hərəkətini gördüm, şoka düşdüm.

Anladım ki, sağlamlığım hər şeydən vacibdir. Maşından əlimi çəkdim, başqa yolum yox idi. Bu günün bitməsini gözləyirdim. Artıq tükənmişdim, 60 saat davam gətirdim. Səhhətində ciddi problemi olan bir insan üçün bu, böyük müddət və qalibiyyət idi.


Müəllif: Rəqsanə Həsənova