Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi açıqlamasında qeyd olunur ki, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb: “Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir. DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri qənaətbəxşdir”.
“Polis haqqında” qanunun və “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil edən, müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edən, polis adına yaraşmayan çılğın hərəkətləri internet resurslarında yayılan və bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev daxili işlər nazirinin əmri ilə xidmətdən xaric edilib.