Məşhur aparıcı Nərgiz Cəlilova əməkdar artist Bəhram Bağırzadənin İnstaqramda canlı yayımının qonağı olub.
Teleqraf.com xəbər verir ki, Nərgiz Cəlilova koronavirusa görə depressiyaya düşdüyünü etiraf edib: "Pandemiyanın yaratdığı vəziyyəti bir neçə mərhələdə yaşamışam. Etiraf edim ki, ilk zamanlar bu haqda xəbər yayılanda ona qətiyyən inanmadım. Sonra gördüm, zarafat deyil, inanmağa başladım. Çox böyük sarsıntı keçirdim, hətta depressiyaya düşdüm.
Bəzən rəfiqələrimdə zəng edib, soruşanda, Nərgiz, sənin niyə səsin gəlmir? Deyirdim ki, əhvalım yaxşı deyil. Yaxın dostum var, o deyirdi ki, əgər depressiyaya düşərsənsə onu pik həddə çatdır ki, çox uzun sürməsin. Sonra yavaş-yavaş öz halına qayadacaqsan. Mən də depressiyanı pik həddə çatdırdım. Bədbin ruhlu kinolara baxdım, heç kimlə ünsiyyətə girmədim, ancaq yazı-pozuyla məşğul oldum. Özüm-özümlə tək qaldım və depressiyaya qalib gəldim.
Bu mərhələni keçdim. Yaradıcı insanlar çox tez depressiyaya düşürlər.
Bilirsiniz ki, evdə tək yaşayıram. Köməkçim də gəlmir, karantin rejimi olduğuna görə icazə yoxdur. Ev işlərini görməyə başladım. Fikirləşdim ki, mən kimdən üstünəm? Yəni özüm üçün yemək də bişirdim. Ev işləri ilə məşğul oldum. Sonra pozitiv filmlər izləməyə başladım, şeirlər oxudum".
Nərgiz Cəlilova karantin rejimində insanların psixologiyasından da danışıb: "Bir çox insanlar evə qapanan kimi aqressiya baş götürməyə başladı. Söz atmaq, həqarət etmək, ittihamlar və s. Belə hadisələrlə üz-üzə qaldıq. Hər dəfə çağırış edirik ki, birlikdə olaq.
Yenə də insanları daha xoş niyyət olmağa çağırıram. Bu vəziyyət də keçəcək".