23 Aprel 2020 10:06
2 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Planet Parni iz Baku" komandası İnstaqramda 2+1=4 adlı yeni layihəyə başlayıb.

Teleqraf.com xəbər verir ki, layihədə əməkdar artistlər Tahir İmanov, Cabir İmanov və aktyor Əkbər Əliyev iştirak edir.

Tahir İmanov layihə haqqında bu sözləri deyib: "Layihə bir həftədir müzakirə olunur. "Planet Parni iz Baku" komandası da "Evdə qal" kampaniyasına qoşulur. Layihə çərçivəsində suallar cavablandırılacaq və dünya xəbərlərini sizə çatdıracağıq".

Tahir İmanov şəbəkə izləyicisi tərəfindən ona ünvanlanan "Keçmiş mer Hacıbala Abutalıbovla münasibətiniz necədir" sualına isə belə cavab verib: "Bu məsələyə nöqtə qoymuşuq. Hacıbala müəllimlə bağlı məsələ qutarmalıdır. Uzun müddətli parodiyalardan sonra stop dedik. Bakının yeni hörmətli meri var".

Əməkdar artist "Yeni konsertinizdə nazirlər olacaqlarmı" sualına isə "Sağ olsunlar, məmurların hamısı olmasa da, bəziləri dəfələrlə konsertlərimizə gəlib. Əksəriyyətinin yumor hissi var. Hamısını konsertimizdə gözləyirik" deyə cavab verib.

Tahir İmanov ona ünvanlanan "Sizin ətrafınızda koronavirus olan tanışınız varmı" sualına əsəbiləşib, deyib ki, sual məntiqsizdir: "Ətrafımda adi qripə yoluxan yoxdursa, qrip yoxdur? Hamı bir nəfər kimi qayda-qanunlara riayət etməlidir".

Tahir İmanov ona "yaşlanmısınız" deyənlərə isə "Tək mən yox, hamı yaşlanır. Bir azdan görəcəksiniz ki, qocalmışam. Bu, təbii prosesdir" deyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər