21 May 2020 09:20
3 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Bayramova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Aygün xanım, ilk sual günümüzün reallıqları ilə bağlıdır. Karantin rejimini evinizdə necə keçirirsiniz?

- Sənət adamları yaradıcı insanlardırlar. Karantini normal keçiririk, amma bir az sıxıntı da var. Mən Milli Konservatoriyada və Asəf Zeynallı adına Musiqi Kollecində işləyirəm. Bir müddətdir tələbələrimizi görmürük, işə getmirik... Çətin dövrdür, inaşallah, gəlib keçər.

Əsas odur, insanlarımız sağlam olsun, sağlam yaşasınlar. Virus tək bizim ölkədə deyil, dünyanın hər yerində var. Çox şükür, bizim ölkədə koronavirusa yoluxan, dünyasını dəyişən insanlar azdır. Buna ancaq sevinmək lazımdır.

- Onlayn dərs keçirsinizmi?

- Düzü, onlayn dərs çətindir. İnternetdə də zəiflik var. Mən onlayn dərs keçməmişəm, özüm məşğul oluram, proqramımı tələbələrim bilirlər. Gələn ay tələbələrimiz əyani şəkildə imtahan verəcəklər. Tələbə ilə, tar-kamanla təmas olmasa, dərs o qədər də keyfiyyətli alınmır. Mənə elə gəlir, sənət yoldaşlarım da bunu təsdiq edərlər.

Əlbəttə, o da var ki, tələbələrlə əlaqə qururuq, danışırıq, tövsiyələrimizi veririk. Tədris prosesi bu cür davam edir

- Karantin qaydaları yumşaldıqda ilk olaraq nə etdiniz?

- Sənət adamıyıqsa ilk növbədə özümüzə diqqət yetirməliyik. Mən ilk olaraq gözəllik salonuna getdim. Qaydalara riayət edirik, amma formada da olmalıyıq. Axı, biz efirlərə çıxırıq. Səmimi deyirəm ki, gözəllik salonlarının açılmasına çox sevindim.

İndi SMS-lə icazə də aradan götürülüb. Amma qaydalara riayət etmək lazımdır. Hər yerdə olduğu kimi bizdə də virusun mövcudluğuna inamayan insanlar çoxdur. Belələri hər ölkədə də var. Mənim xarici ölkələrdə dostlarım kifayət qədərdir. Əlaqə yaradırıq, danışırıq, vəziyyəti bir-birimizdən öyrənirik.

Orada da inanmayanlar az deyil. Bu da təbiidir, insanda şübhələnmək xasiyyəti var. İnşallah, bu sıxıntı da keçər.

- Siz özünüz necə, pandemiyaya inanan, yoxsa inanmayanlardansınız?

- Bəzi insanlar iddia etdilər ki, virus yoxdur. Karantin rejimi başlayan ilk günlərdə bir az çətinlik çəkdik. Sonra çalışdıq ki, özümüzə qapanmayaq. Üç-dörd gündən sonra yavaş-yavaş vəziyyəti düzəltməyə çalışdım. Ətrafımda olan insanlarla da danışanda dedim ki, keçəcək, bu, həmişəlik deyil. Hərdən yaxınlarımla, rəfiqələrimə danışanda deyirik ki, 2020-ni yaxşı başlamadıq.

Olacağa çarə yoxdur. Gəlin özümüzü müsbət enerjiyə yükləyək, sıxıntılara salmayaq. Sonra onun pis fəsadları ola bilər. Ona görə də bunu da qəbul etmək lazımdır ki, koronavirus bütün ölkələrdə var və ona inanmaq lazımdır. Amma müvəqqətidir...

- Karantində darıxmamaq üçün nə ilə məşğul oldunuz?

- Mən mütaliə etməyi çox sevirəm. Kitablar, qəzəllər oxuyuram, yaxşı musiqilərə, ustadlarımıza qulaq asıram, Arif Babayev, İslam Rzayev, Yaqub Məmmədov, Mütəllim Mütəllimov... Ustadlarımız çoxdur, muğamlarımızı dinləyirəm.

- Yaxın ətrafınızdan kimlərlə görüşdünüz?

- İnandırım ki, heç kimlə görüşmədim. Ancaq telefon vasitəsi ilə əlaqə saxlayırdıq. Yaxın rəfiqəm Nəzakət Teymurova ilə bir-birimizi üç aydan çoxdur görmürük. Yaxın sənət dostlarım var. Təbii ki, doğmalarımızı da görmürəm. Yalnız telefonla danışırıq - "Yaxşısınızmı?" "Hər şey yaxşıdırmı?..." Belə. İndi çölə çıxıram, amma boşuna yox. Əgər işim yoxdursa, evdə oluram.

- Bəzi müğənnilər deyirlər ki, beş aydır işləmirlər, karantin bitəndən sonra toy qiymətini qaldıracaqlar...

- Hər kəsin öz fikri var. Əksinə, insanların vəziyyətini nəzərə almaq lazımdır. Toy qiymətlərini qaldırmaq düzgün deyil. Qoy elə toy çox olsun, qiymətləri münasib eləmək asandır.

- Bu müddəti xanımlar daha çox vaxtlarını mətbəxdə keçirirlər. Mətbəxlə münasibətiniz necədir?

- Ümumiyyətlə, hər bir xanım mətbəxi sevməlidir. Mənim hazırladığım bütün yeməkləri hər kəs bəyənir. Bu mənə anamdan keçib. Anam evdə çox dadlı yeməklər hazırlayırdı. Mənə elə gəlir, nə bişirirəmsə, hamsı dadlıdır. Tərif olmasın...

Daha çox Qarabağ aşı dəmləyirəm, yarpaq dolması bişirirəm. Ümumiyyətlə, adi qayğanaq da bişirsəm dadlı olur.

- Son illər televiziyalara çıxmırsınız. Bu nə ilə bağlıdır? Sizi uzun fasilədən sonra İTV-də gördük.

- Bəli, mənə çox insanlar deyirlər ki, efirlərdə görünmürsüz. Əvvələr də efirlərə çox çıxmırdım. Tez-tez efirdə olmağı sevmirəm. Yaxşı verilişlərdə görərsiniz, inşallah...

- Televiziyalarımızı necə qiymətləndirirsiniz?

- Əvvələr yalnız AzTV var idi. İndi vəziyyət fərqlidir, hər kanalda keyfiyyətli verilişlər var. O da zövqə bağlıdır. İnsanlar var ki, əyləncəli proqramları daha çox sevir. Demək olmaz ki, hansısa kanalda hər şey pisdir. Hər kanal özünün sevilən verilişləri ilə tanınır.

- Karantin dövründə maliyyə ilə bağlı problem yaşadınızmı?

- Mənə bu aralar kənar insanlar da müraciət elədi. Bacardığım qədər kömək elədim. Bir insan hamının öhdəsinə götürə bilməz. Bacardığım qədər mən də dəstək göstərdim. Şükür Allaha, hər şey yaxşıdır. Ümumiyyətlə, mən naşükürlüyü sevməyən adamam. Əvvəldən belə olmuşam. Dolanırıq... Yenə də Allaha şükür olsun.

- Bəzi insanlar yardım edən müğənniləri sosial şəbəkədə paylaşımlara görə tənqid etdilər. Sizin buna münasibətiniz necədir?

- Vallah, çox sağ olsunlar ki, insanlara dəstək oldular. Nümayiş etdirməkləri öz işləridir. Mən onları alqışlayıram.

- Efirlərə çıxmamağınız ailə qurmağınızla bağlıdır?

- Xeyr, efirə çıxmaqda heç bir problemim yoxdur. Mən tanınmamışdan əvvəl də efirlərə az-az çıxmışam. Verilişlərə seçib getmişəm. Hərdən bütün verilişlərdə eyni adamı görürəm. Bu yaxşıdır?! Yox... Əlbəttə, öz işləridir, mən qarışmıram.

- Şəxsi həyatınız haqqında heç vaxt danışmağı sevmirsiniz.

- Bəli, şəxsi həyatım haqqımda danışmağı sevmirəm. Sənətdən nə qədər istəyirsiniz danışım. Sənətim xalqa məxsusdur.

Sənət dostlarım da var ki, heç vaxt şəxsi həyatlarını bölüşmürlər. Mən də bunu alqışlayıram. Kim bölüşür ona da irad tutmuram ki, niyə şəxsi həyatından danışırsan. Hər kəsin öz işidir. Mənim fikrimcə, şəxsi həyat gizli qalmalıdır...


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər