20 İyul 2020 15:01
3 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı, millət vəkili mərhum Anar Məmmədxanovun 50 yaşı tamam olur.

Teleqraf.com Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova ilə müsahibəni təqdim edir.

- İradə xanım, yaşasaydı Anar Məmmədxanovun 50 yaşı tamam olacaqdı. Bu gün onu necə yad etdiniz?

- Bəli, bu gün Anar Məmmədxanovun 50 yaşı tamam olur. Ölümündən doqquz il keçsə də doğum günlərini hər il qeyd edirik. Amma bu il Tovuzda baş verən döyüşlərə görə ad günü keçirmədik. Şəhidlərimiz var. Doğum gününü qeyd etmək ailə ənənəmizdi. Bir yerə toplaşar, hislərimizi bölüşər və Anarı yad edərdik.

Hazırda ölkəmizdə karantin rejimidir, bu da mümkün deyil. Səhər ailə üzvlərimiz və valideynlərimizlə Anarın məzarını ziyarət etdik. İmkan daxilində həmişə bir-birimizə dəstək oluruq.

Onun yeri boşdur, heç kimlə dolmayacaq. Bu çətindir, amma dostlarla, qohumlarla bir yerdəyik, başqa əlacımız yoxdur. Anarsız hamı darıxır. Uşaqlarımız, valideynlərimiz, dostlarımız və mənim üçün onun yeri görünür. Vaxt ötdükcə Anara olan hislərimiz daha da dərinləşir. Ölümündən illər keçir, hislərsə keçmir...

Bu ağır günlərdə kaş sağ olaydı. Hadisələrə qatqısı, mövqeyi olardı... Allah şəhidlərimizə rəhmət eləsin. Torpaqlarımız, inşallah, tezliklə qayıdar.

- Anar müəllimi bir cümlə ilə necə xarakterizə edərsiniz?

- Onu bir cümlə ilə xarakterizə etmək mümkün deyil. Anar, niyə bizi tez qoyub getdin?! Onun yerini heç kim əvəz edə bilməz. (Ağlayır).

Ona qarşı duyğularım müxtəlifdir, boş yatağına, uşaqlara, valideynlərinə baxanda fərqli hislər yaşayıram. Düşünürəm ki, Anar yaşasaydı hamıya faydası dəyərdi. Çünki saf ürəyi vardı. Ona yaxın qadın kimi deyirəm, Anar anadan gəlmə təmiz qəlbə sahibidi. Ürəyi açıq, sözü üzə deyən idi. Hələ də onu öyrənməyə çalışıram.

Haqqında beş kitab yazılılıb, iki film çəkilib. Təki adı yaşasın. Yeni nəslin formalaşmasına kömək olsun. Çünki Anar nümun' göstəriləcək insan idi.

Mənimçün həm həyat yoldaşı, həm də dost kimi çox dəyərli idi. Əslində, bir yerdə yaşadığı insan haqqında gözəl sözləri deməyə adamın vaxtı çatmır. Zaman keçdikcə hislər sənə hər şeyi anladır...

- Bu gün yaşasaydı və doğum günündə ona nə demək istərdiniz?

- "Allah sənə can sağlığı versin, uşaqlarının xoşbəxt günlərində iştirak etməyi qismət eləsin". Bu sözləri deyib, onu qucaqlayardım. (Ağlayır).

- Anarı bəyin sizin ad gününüzdə çox sürprizlər etdiyini açıqlamısınız. Maraqlıdır ki, siz ona doğum günündə hansı sürprizi etmisiniz?

- Anarla keçən hər gün rəngli idi. Xoş günlərimiz çox olub. Xasiyyəti çox fərqli idi. Biz onunla 17 yaşından tanış idik. Bir-birimizin gözü qarşısında böyümüşük. O, mənə birinci növbədə dost idi. Bir-birimizə qarşılıqlı sürpriz etməyi sevirdik. Həmişə Anar başa düşürdü ki, qadından çox şey asıldır. Məni qadın kimi Anar formalaşdırıb.

Əlbəttə, üzərimdə valideynlərimin də çox böyük rolu var. Mənə gözəl tərbiyə veriblər. O da mənə yaddaqalan və önəmli, qiymətli hədiyyələr bağışlayıb. Anar daim mənim, övladlarımın qəlbindədir.


Müəllif: Rəqsanə Həsənova