Milli Televiziya və Radio Şurasının qərarı ilə Azərbaycan telekanallarında sentyabrın 1-dən əcnəbi serialların yayımına icazə veriləcək.
Teleqraf.com bu sahədə çalışanlara "Bu qərar yerli film və serial çəkilişlərinə necə təsir edəcək?" sualı ilə müraciət edib.
Aktyor Elməddin Cəfərov deyib ki, qərar yerli serialların keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq:
"Bu qərar serial sahəsinə təsir edəcək. Xarici serialların limitlərlə təqdim edilməsi yaxşı haldır. Yəni 24 saat xarici serial yayımlanmayacaq. Bu isə seriallarımıza rəqabət gətirəcək.
Biz çalışacağıq ki, daha keyfiyyətli seriallar təqdim edək, aktyor oyunu, montaj, səs və s. Bu haqda heyətimizlə iclas da keçirdik. Onlara dedim ki, ikiqat işləməliyik və buna uyğun da əziyyətimiz çoxalacaq. Əsas odur ki, bunda da tamaşaçı qazanacaq. Serial çəkilişlərində keyfiyyətdə çox qabağa gedə bilmədik. Bu sahədə rəqabət də yox idi. Bu, bizə rəqabət gətirəcək. Onsuz da tamaşaçılar xarici serialları kabel televiziyaları vasitəsi ilə də izləyə bilirdi. Bu, hər iki halda tamaşaçının xeyrinədir. Sentyabrın 1-dən xarici serialların yayımlanmasına icazə veriləcək. Bu isə ən azı altı ay müddətində bizim serialların keyfiyyətinə təsir edəcək.
Allah eləsin ki, rəqabətdə uduzmayaq. Bu məsələyə bədgüman baxmıram. 20 ilə yaxındır ki, bu sahədəyəm. Keyfiyyətli işlər təqdim edəcəyimizə inanıram".
Rejissor Aqil M.Quliyev isə bildirib ki, qərarın müsbət və mənfi tərəfləri kanalların təqdim edəcəyi seriallardan asılı olacaq:
"Belə prosesləri öncədən proqnoz vermək çətindir. Bizim Türkiyə, Rusiya kimi kino bazarımız yoxdur. Balaca bazarımız var və xırda bir yenilik böyük dəyişikliyə səbəb olur. Hər halda bu qərarın nəticəsi kanallarımızın hansı səviyyədə təqdim etməsindən asılı olacaq. Görək hansı keyiyyətdə teleserialı alacaq və tamaşaçılara təqdim edəcəklər.
Son on ildə "Netflix" kimi serial istehsal edən şirkətlər var. Kanallarımızda tamaşaçının inkişafına təsir edəcək seriallar yayımlansa, daha yaxşı olacaq.
Bizdə serial bazarı son iki-üç ildə formalaşıb. Birdən-birə belə bir qərar tələsik addım idi. Onsuz da insanlar efirə baxmırlar. Tamaşaçıları xarici seriallarla televiziyalara cəlb etmək fikri bir az yanlışdır. Çünki tamaşaçılar həmin serialları kabel televiziyaları və internet vasitəsi ilə izləyə bilirlər. Kanallara tamaşaçı kütləsi cəlb etmək məhsuldan asılıdır. Kimin qanında nə olduğunu sentyabrın sonunda biləcəyik.
Baxır telekanalda hansı məhsul yayımlanacaq. Görək, kimsə beş manat artıq qazanc istəyəcək, yoxsa tamaşaçının zövqünü nəzərə alıb, keyfiyyətli iş təqdim edəcək. Bir-iki serial çəkən cavanlar var ki, qorxmalıdırlar. Bunu həyəcanla gözləyirlər. Çünki başqa iş bacarmırlar".
Aqil M.Quliyev "Xarici serialların telekanallarımızda yayımlanması yerli serialların keyfiyyətinin yaxşılaşmasına nə dərəcədə təsir edə bilər?" sualına isə belə cavab verib:
"Rəqabət şərtləri çətinləşir. Ciddi serial çəkən böyük şirkətlər bu rəqabəti hiss edəcəklər. Görək xarici serialların dublyajı hansı səviyyədə təqdim ediləcək. Bu sahədə 20 nəfərə yaxın çalışan insan var. Onlar bütün kanallar üçün dublyaj edəcəklər?".
Qeyd edək ki, qərara əsasən sentyabrın 1-dən etibarən əcnəbi seriallar telekanallarımızda saat 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş olunacaq.