Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi Hərbi Orkestrinin rəhbəri general-mayor, xalq artisti, professor Yusif Axundzadə Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Yusif müəllim, Əlahiddə Nümunəvi Hərbi Orkestrin yaradıcısı və rəhbərisiniz. Müsahibələrinizin birində qeyd etmisiniz ki, ən böyük arzularınızdan biri işğaldan azad edilən torpaqlarımızda qələbə paradı səsləndirməkdir. Artıq bu arzunuz reallaşdı. Təəssüratınız necədir?
- Təəssüratlarım çox gözəldir. Mən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Hərbi orkestrinin baş dirijoruyam. İnşallah, qələbə bizimdir. Bu yaxınlarda bizim paradımız da keçiriləcək. Bilirsiniz ki, sovet vaxtından hərbi parad Azadlıq meydanında keçirilirdi. O vaxt adı başqa cür idi. Amma 1991-ci ildən bu günə qədər bir neçə dəfə hərbi parad Azadlıq meydanında yüksək səviyyədə keçirilib. Bu parad digərlərindən fərqli olmalıdır. Bu qələbə paradı olacaq.
Paradda Bakı Qarnizonunun Birləşmiş Orkestri çıxış edəcək. Mən də, şübhəsiz, paradda Birləşmiş Hərbi Orkestrə dirijorluq edəcəm. Repertuarımız, marş hazırdır, çünki öncədən Bakı Qarnizonunun Birləşmiş Orkestrinə tapşırıq vermişəm ki, hazır olsunlar.
Onu da qeyd edim ki, repertuarda Azərbaycan bəstəkarlarının marşları ifa olunacaq. Elə də olmalıdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk marşı Cavanşir Quliyev yazıb. Onun "Azərbaycan əsgəri" marşı ilk dəfə milli Azərbaycan ordusunda səsləndirilib.
Düzdür, ondan əvvəl də marşlar yazılıb. Üzeyir Hacıbəylinin, Süleyman Ələsgərovun da marşları var. Hətta Xalq artisti Azər Dadaşov da bir neçə marş yazıb. Emin Sabitoğlunun "Sıravi Əhməd" əsəri həm oxumaq, həm də sırf marş şəklində təqdim edilir. Fəxrəddin Atayevin, Mahir Əsgərovun bir neçə marşı var. Mahirə Quliyevanın, Sevda Həmidin yazdıqları əsərlər bu gün də qəbul edilir.
Onu da qeyd edim ki, şübhəsiz, türk qardaşlarımız daim bizimlə olublar və bu gün də yanımızdadırlar. Hətta vaxtı ilə hərbi orkestrə də kömək ediblər. Bizim hərbi formamız sovet paltarı idi, milli paltarımız da yox idi. İlk dəfə bizə hərbi paltarı Türkiyə göndərib. Biz bunu unutmuruq və ona görə də repertuara iki türk marşını, "Sələbiyyə", "Məddah"ı repertuara salmışam. Bu marşlar paradda ifa olunacaq.
- Marşı qeyd etdiniz, ümumiyyətlə, məşqlər necə keçir? Orkestriniz neçə nəfərdən ibarətdir?
- Burada Nümunəvi Hərbi Orkestr yerləşir. Bu, yeganə kollektivdir ki, Azərbaycana səfərə gələn prezidentləri, baş nazirləri qarşılayır. Bu kollektivi 1993-cü ildə sıfırdan yaratmışam. Hazırda, maşallah, böyük kollektivdir, solistləri var. 1993-cü ildən bu günə qədər bütün tədbirlər yüksək səviyyədə həyata keçirir.
- Bakı Musiqi Akademiyasında kafedra rəhbərisiniz. Ümumiyyətlə, mülki və hərbi musiqiçi olmağın nə kimi fərqi var?
- Hərbi musiqidə orkestr paltarı, hərbi, parad paltarı ilə orkestrin rəisi məşğul olur, amma mülkidə elə deyil. Hərbi musiqidə nizam-intizam güclüdür. Məsələn, 2000-ci ildə Rusiya Prezidenti Vladimir Putini qarşılayanda 39.2 temperaturum var idi. Mən də qarşılanma mərasiminə getmişdim. Halbuki o temperaturla heç evdə də gəzmirlər. Qeyd etdiyiniz kimi həm də Bakı Musiqi Akademiyasında kafedra müdiri və baş müəlliməm. Mən işimlə fəxr edirəm.
- Ailə üzvlərinizdən sənətinizi davam etdirən varmı?
- Bəli, oğlum Rüfət Axundzadə davam etdirir. O, əməkdar incəsənət xadimidir. Bununla yanaşı Bakı Musiqi Akademiyasının dosentidir.
- Ölkəmizdə səfərdə olan dövlət başçılarının rəsmi qarşılanma mərasimlərinə hazırlığınız haqqında danışa bilərsinizmi? Orkestr olaraq aidiyyəti dövlətin himnini səsləndirmək böyük məsuliyyət tələb edir. Bununla bağlı hansısa xatirəniz varmı?
- Bəli, xatirələrim çoxdur. Bir dəfə İran prezidenti Bakıya gələcəkdi. İki-üç gün sonra isə bayram təşkil olunacaqdı. Dedilər ki, himnin notu yoxdur. Nümayəndələri isə hər dəqiqə deyir ki, yaxşı işləyirsən, əlin-qolun ağrımasın. Dedim, bu qədər çox təkrar etsən, yorulacam... Sonra himnin melodiyasını oxudu və yazdım. Beləliklə, İran himnini ilk dəfə Gülüstan Sarayında ifa etdik. Mənə müqəddəs kitab olan Quran bağışladılar.
Bakıya iki dəfə Roma Papası gəlmişdi. Ölkəmizdə rəsmi qarşılanma zamanı papağı yerə düşdü. Mən bir dəqiqəyə papağı götürüb, ona verdim və tez yerimə keçdim. Həmişə çalışmışam ki, desinlər, Azərbaycanda hər şey yüksək səviyyədədir.
- Əvvəlcə işğaldan azad edilən hansı torpaqlarımıza getmək istəyərsiniz?
- Yəqin ki, Cıdır düzündə... Bakıda meydanda hərbi parad keçiriləcək, biz də orada iştirak edəcəyik. 30 ildir torpaqlarımız işğal altında idi. Hətta Əlahiddə Nümunəvi Hərbi Orkestri ilə Cıdır düzündə Üzeyir Hacıbəyovun "Heratı"sını da səsləndirmək istəyirəm. Azərbaycan bütöv bir dövlətdir. Yəni Qarabağ 30 ildən sonra azad edilib və bizim tərkibimizdədir.
- Torpaqlarımızın 30 ildən sonra azad ediləcəyinə inanırdınızmı?
- Əlbəttə, təkcə mən yox, bütün xalqımız torpaqlarımızın azad ediləcəyi günü gözləyirdi və inanırdı. Mən Bakıda doğulmuşam. Ona görə Qarabağa həsrətlə baxırdıq. Əsgərlərimizin canları sağ olsun, öz evlərinə sağ-salamat qayıtsınlar. Cənab prezident qeyd etdiyi kimi axıra qədər gedəcəyik.
Mən 22 il sovet ordusunda, 1992-ci ildən bu günə qədər milli ordumuzda xidmət etmişəm. 50 ildir ki, Vətənimə xidmət edirəm. Mən həmişə inanırdım ki, torpaqlarımız tez-gec qayıdacaq. Biri var deyəsən, biri də var, gözünlə görəsən. Ordumuz böyük inkişaf edib. Ulu öndər Heydər Əliyev çox uzaqgörən insan idi. Hazırda isə Ali Baş Komandan ulu öndərin davamçısıdır.
Foto: Ceyhun Rəhimov