Xalq artisti Səkinə İsmayılova Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Səkinə xanım, qələbə təəssüratlarınız necədir?
- Çox sevinirəm! Gözlədiyimiz, arzu etdiyimiz torpaqlarımıza qovuşduq. Əlbəttə, ilk öncə Ali Baş Komandanımıza təşəkkür edirəm ki, bizə möhtəşəm qələbə sevinci yaşatdı. Bizi haqq yolunda qalib edən Allahıma şükürlər edirəm...
- İşğaldan azad edilmiş hansı şəhərimizə getmək, orada hansı muğamınızı ifa etmək istəyərsiniz?
- Vaxtilə Şuşada Molla Pənah Vaqif poeziya mərkəzində olmuşam. Arzu edirəm ki, bu ənənə davam eləsin və hər il Şuşada Vaqif poeziya günləri keçirilsin. Zamanında Kəlbəcərin hər qarışını gəzmişəm. Torpaqlarımızda konsertlərim olub. Qarabağ Azərbaycandır! Biz orada ən gözəl musiqilərimizi, əsərlərimizi səsləndirəcəyik. Bundan böyük yaradıcı hiss yaşaya bilmərik.
- Qarabağdan sənətçilərimiz çoxdur. Qələbə münasibəti ilə ilk öncə hansı həmkarınızı təbrik etdiniz?
- Həmkarlarımızdan sənətimizin ağsaqqalı, opera səhnəsində 30 ildən çox tərəf-müqabilim olan Arif Babayevi və Mənsum İbrahimovu təbrik etdim. Əslində, bu gün hər birimiz Qarabağlıyıq. Bu gün bizim hamımızın bayramı və qələbəsidir. Hətta Şəkidən, cənub zonamızdan olan dostlarımı da təbrik etdim. Kimi gördümsə, əslən Qarabağadan olmasa belə təbrik etdim.
Düzü, mən çox həyəcanlanıram. Allah şükürlər olsun ki, bu sevinci bizə bəxş etdi.
- Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına getdilər...
- O kadrlara baxanda qürur hissi keçirirəm. Həmişə deyirəm ki, kimin belə dövlət başçısı var?! Hər birimizin qayğısına qalırlar. Belə bir dövlətin qulu olmayasan, neynəyəsən?! Hər zaman dövlətim, xalqım mənə dəyər verir. Bundan böyük xoşbəxtlik yoxdur. Dövlətimizin yanında olmaq bizim ömürlük borcumuzdur.
- Dağlıq Qarabağda emənilərlə birgə yaşayışı necə dəyərləndirirsiniz?
- Hər şeyi gördük... Mənə elə gəlir, düşməndən dost olmaz. Bunu zaman göstərəcək, öncədən nə isə demək düzgün çıxmır. Onlar hətta torpaqlarımızdan çıxan zaman yurd yerlərimizin başına nə oyunlar açırlar... Bütün dünya onların əsl simasını gördü.
- Rusiya və Türkiyə sülhməramlılarını Dağlıq Qarabağa gəlməsini necə qarşılayırsınız?
- Siyasətə qarışmıram, həmişə deyirəm ki, sənətkar sənəti ilə məşğul olmalıdır. Bir vətəndaş kimi bu torpaqda yaşayırıq, bu torpağın çörəyini yeyir, suyunu içirik. Və deyirəm ki, hər zaman öz torpaqlarımızın qədrini bilməli və onu qorumalıyıq.
Qardaş Türkiyənin ölkəmizə dəstəyindən çox razıyam. Var olsunlar, hər dəm yanımızda olublar, daim onların sevgisini, dəstəyini görmüşük. Sənətdə də elə olub. Dəfələrlə Türkiyə səhnələrində çıxış etmişəm. İlk dəfə Türkiyə səhnələrinə çıxan Xalq artisti Zeynəb Xanlarova olsa da, ikinci sənət adamı mənəm. Qardaşlarımızdan sevgi, dəstək və hörmət görmüşəm.